Mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmiz
Tarix

Mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmiz

Xalqımız hər il 9 Noyabrı - Dövlət Bayrağı Gününü xüsusi təntənə, iftixar hissi ilə qeyd edir, qürur mənbəyimiz olan üçrəngli bayrağımıza dərin hörmət və ehtiram ifadə olunur. Bayraq müqəddəslik rəmzi, milli heysiyyət simvolu, müqəddəsliyin, müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Uğrunda minlərlə şəhid verən Vətənimizin qürur mənbəyi olan müqəddəs bayrağımız dalğalandıqca qəlbimizi fəxarət hissləri bürüyür. Bu, bir həqiqətdir ki, türk övladı Vətənini, millətini, bayrağını sevir.

Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərməyi özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı üzərinə götürərkən üçrəngli bayrağa and içir. Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər.

Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yer tutan bayraq xalqa və dövlətə ehtiram rəmzi kimi çıxış etmişdir. Bu tarix "Kitabi-Dədə Qorqud"dan başlayır və Səfəvilər dövründən bayraqlar simvol kimi qəbul olunur. Şirvanşahlar dövlətindən xanlıqlara qədər keçilən tarixi mərhələlərdə bayraq və digər rəmzlər milli sərvətlərimiz olan abidələrdə öz əksini tapıb. Möminə Xatun, Qız Qalası, Şirvanşahlar sarayında, İçərişəhər milli-tarixi abidələrimizdə bayrağımız xalqımızın suverenliyinin rəmzi kimi özünəməxsus yer tutub.

Azərbaycan bayrağı dalğalananda və Dövlət Himni səslənəndə hər Vətən övladı duyğulanır,  ümummilli lider Heydər Əliyevin dediyi kimi, azərbaycanlı olduğumuz üçün qürur hissi keçiririk. Hər bir azərbaycanlı müqəddəs bayrağını qorumalı, sevməli, əməlləri ilə ucaltmalıdır. Suverenliyimizin rəmzi, güvənc yerimiz üçrəngli bayrağımız  bu gün qürurla illərdən bəri düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır, xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.

2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaltdı. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı. Ali Baş Komandanın başçılığı, rəşadətli ordumuzun gücü ilə 30 illik arzularımız gerçək oldu. Bu gün üçrəngli bayrağımız əzəli və əbədi torpaqlarımız olan Qarabağı bəzəyir. 

44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə bayrağımızı ucaldan xalqımız Azərbaycan Ordusunun bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində işğaldan yeni azad edilən ərazilərdə dövlət bayrağımızın qaldırmasını həsrətlə gözləyirdi. Biz bu sevinci 44 günlük Vətən müharibəsindən sonra yaşamışdıq. Prezident İlham Əliyev 15 oktyabrda Qarabağa səfərində bir daha bu qürurlu anları xalqımıza yaşatdı. Səfər çərçivəsində Prezident İlham Əliyev Ağdərə, Xocalı, Xocavənd və Xankəndi şəhərlərində, eləcə də Tərtər rayonunda Sərsəng Su Anbarının ərazisində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının  Dövlət  Bayrağını ucaltdığı mərasimdəki çıxışında demişdir: "Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi: "Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir".

M.MİRZƏ,

"Respublika".