Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabe olan ASAN Xidmət dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin rahat şəkildə həyata keçirilməsini təmin edir. Bu mərkəzlərdə həmçinin, funksional yardımçı xidmətlər də təklif olunur, bir sıra sosial layihələr də həyata keçirilir.
Hazırda Azərbaycanda 25 ASAN Xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 7-si Bakıda, 2-si Gəncədə, 2-si Sumqayıtda, digərləri isə Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və Salyandadır. ASAN Xidmət mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə, 360-dan çox, "ASAN Kommunal" mərkəzlərində isə "Azərişıq" ASC, "Azərsu" ASC və "Azəriqaz" İB tərəfindən 55 növ xidmət göstərilməkdədir. Belə bir xidmətin məhz Azərbaycanda yaradılması dövlətimizin uğurlu daxili siyasətinin göstəricisidir. Məsələ ilə bağlı danışan millət vəkili Azər Badamov ASAN Xidmətin Azərbaycan brendi olduğunu bildirib: "Ölkədə yaradılmış bu xidmətdən demək olar ki, əhalinin 99 faizi məmnundur. ASAN Xidmətin illər ərzində qazandığı təcrübə hazırda dünyada bir çox ölkələr tərəfindən öyrənilir. Bu, çox yüksək səviyyədə bir xidmət olduğuna görə, həmin ölkələr də məhz Azərbaycanın bu təcrübəsindən istifadə edirlər. ASAN Xidmət şəbəkəsi respublikamızda genişlənməkdədir. Prezident İlham Əliyevin aprelin 18-də Salyana səfəri zamanı daha bir ASAN xidmət mərkəzinin açılışı oldu. Demək olar ki, bu mərkəzlər bütün regionlarda istifadəyə verilmişdir. Elektron xidmətlər üzərində qurulmuş bu sistemin fəaliyyəti təqdirəlayiqdir. Bundan başqa, ASAN Xidməti Azərbaycanın yeni bir intellekt məhsulu olmaqla yanaşı, ölkəmizin inkişaf səviyyəsinin göstəricisi kimi də qeyd etmək olar.
Xatırladaq ki, ilk ASAN Xidmət mərkəzinin açılışı 2013-cü ildə baş tutmuşdur. Ölkə başçımızın Salyan rayonunda açılışında iştirak etdiyi regional ASAN Xidmət Mərkəzi ən son müasir texnologiyalara cavab verən üslubda inşa olunub. Bütün bunlar bir daha Prezident İlham Əliyevin və dövlətimizin xalqın rifahı üçün çalışdığını, vətəndaşların rahatlığını düşündüyünü bir daha təsdiqləyir.
Nəzrin ELDARQIZI,
"Respublika".