Aprelin 25-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bildiriblər ki, iclası açan Sahibə Qafarova rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Polşaya rəsmi səfəri barədə məlumat verib.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Çıxışlarda deputatlar aprelin 23-də Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis olunmasını təqdir ediblər. Deputatlar ölkəmizdə, xüsusən Qarabağ iqtisadi regionunda böyük layihələrin həyata keçirildiyini, beynəlxalq arenada dövlətimizin sülh müqaviləsinin imzalanmasına yönəlmiş səylərini yüksək qiymətləndiriblər.
Sonra S.Qafarova iclasda 11 məsələnin müzakirə ediləcəyini və gündəliyin birinci məsələsinin Hesablama Palatasının illik hesabatının olduğunu bildirib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2022-ci ildə fəaliyyəti haqqında Hesabatını təqdim edib.
Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Hesablama Palatasının illik hesabatı ilə bağlı fikirlərini açıqlayıb.
Komitə sədri Hesabatda fəaliyyətin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşmasının göstərilməsini təqdirəlayiq hesab edib.
Tahir Mirkişili çıxışının sonunda Palatanın 2023-cü ildəki fəaliyyəti ilə bağlı bəzi təkmilləşdirmə xarakterli təklif və tövsiyələri də səsləndirib. O, təqdim olunan hesabatın ümumilikdə məqbul hesab edildiyini bildirib.
Müzakirələrin sonunda Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatının nəzərə alınması barədə Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri bildirib ki, gündəliyin bundan sonrakı 10 məsələsi ikinci oxunuşda olan qanun layihələridir. Növbəti 4 məsələ isə Prezident İlham Əliyevin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır.
S.Qafarova diqqətə çatdırıb ki, 2-ci və 3-cü məsələlərə Regional məsələlər komitəsində baxılıb.
Regional məsələlər komitəsinin sədr müavini bildirib ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşunda geniş məlumat verilib və deputatların qaldırdıqları suallar ətraflı şəkildə cavablandırılıb. O, deputatlardan qanun layihələrini ikinci oxunuşda da dəstəkləməyi xahiş edib.
Dördüncü məsələ olan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
Beşinci məsələ - "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib.
Sonra Tahir Mirkişili qanun layihəsi ilə bağlı komitəsinin müsbət rəyini açıqlayıb.
Daha sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Parlamentin sədri bildirib ki, gündəliyin son altı məsələsi də Prezident İlham Əliyevin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə də bir-birinə yaxındır. Ona görə də onların təqdimatlarının ayrı-ayrı, müzakirəsinin birlikdə keçirilməsi qərara alınıb. Milli Məclisin sədri bildirib ki, 6-cı, 7-ci və 8-ci məsələlərə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb.
Gündəliyin 9-cu, 10-cu və 11-ci məsələləri - ikinci oxunuşda olan "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib