Milli maraqlara söykənən xarici siyasət
Siyasət

Milli maraqlara söykənən xarici siyasət

Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə sözügedən təhsil ocağında keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumu mahiyyətinə görə ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir.

Dövlət başçımız forumda iştirak edən dünyanın nüfuzlu araşdırma mərkəzlərinin rəhbərlərinin, eləcə də tanınmış analitiklərin suallarına cavablarında Azərbaycanın daxili və xarici siyasəti, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Azərbaycan-Avropa İttifaqı əlaqələri, Cənubi Qafqazın gələcəyi və digər mühüm istiqamətlərlə bağlı bütün məqamlara aydınlıq gətirdi, Bakının sözügedən məsələlərlə bağlı obyektiv, ədalətli mövqeyini ortaya qoydu.

Dövlətimizin başçısı sülh üçün Azərbaycana nələrin lazım olduğunu bildirdi və qeyd etdi ki, ölkəmizə Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır.

Düşünürəm ki, bu çox önəmli məqamdır və ilk dəfədir bu qədər açıq şəkildə ifadə olunur. Məlum olduğu kimi, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayıb, bir milyondan çox həmvətənimizi öz doğma evlərindən didərgin salıb, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı cinayətləri həyata keçirib, Qarabağda misli görünməmiş vandalizm törədib. Azərbaycan xalqının izlərini respublikamızın suveren ərazilərindən silməyə çalışıb, ziyarətgahları, məscidləri, qəbirləri dağıdıb. Və bütün bunlar, həmçinin Ermənistanın Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı BMT TŞ-nin qətnamələrinə məhəl qoymaması, təcavüzdən əl çəkməməsi, əksinə "yeni torpaqlar əldə etmək" iddiasına düşməsi, bizim bu ölkəyə etimad göstərməyimizə heç bir əsas vermir. Ermənistanın 44 günlük müharibədən sonra sərgilədiyi davranışlar, cənab Prezidentin də qeyd etdiyi kimi "pis məsləhətçilər"in sözüylə hərəkət etməsi, bu ölkənin bir daha Azərbaycana qarşı heç bir addım atmayacağı barədə öz üzərinə konkret məsuliyyətin də yer aldığı yazılı öhdəliklər götürməsini zəruri edir. Çünki Azərbaycan xalqının və dövlətinin Ermənsitana güvənməsi üçün heç bir əsas yoxdur.

Prezidentin nitqində yer alan başqa bir önəmli məqam Azərbaycan-Aİ münasibətləri ilə bağlıdır. Dövlət başçısı İlham Əliyevin ölkəmizin Aİ-yə üzv olmaq hədəfinin olmadığını vurğulaması və bunu Azərbaycanın Aİ-yə heç vaxt qəbul edilməyəcəyi ilə əlaqələndirməsi, zənnimcə üzvlük üçün bu kimi təsisatların qapılarında növbə gözləyənlərə də bir mesaj olmalıdır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanın xarici siyasət konsepsiyasında praqmatik səbəblərə görə, Aİ-yə üzv olmaq məqsədi yoxdur. Qənaətimə görə, bu ölkəmizin öz milli hədəflərindən yayınmaq, perspektivi olmayan istiqamətlərə güc, vaxt və resurs sərf etmək niyyətində olmamasından qaynaqlanır. Ölkəmiz beynəlxalq hüququn suveren subyekti olan bütün dövlətlər və təsisatlarla bərabərhüquqlu və qarşılıqlı faydalılıq prinsipi əsasında əməkdaşlığa üstünlük verir. Məhz bu amil Azərbaycanın müstəqil xarici siyasət kursunu yalnız milli maraqlara söykənərək həyata keçirməsini şərtləndirir. Azərbaycan ilğım vədlərin yer aldığı, perspektivi öncədən bəlli olan heç bir prosesdə iştirak etmir və bu amil milli maraqlar zəminində əldə etdiyimiz bütün uğurların təməli sayıla bilər.   

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.