Milli birliyin qorunmasında Lider iradəsi
Digər xəbərlər

Milli birliyin qorunmasında Lider iradəsi

1993-cü il avqustun 17-də Milli Məclis Heydər Əliyevin sədrliyi ilə cənub bölgəsində yaranmış vəziyyət haqqında qərar qəbul edib

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkə daxilində gərginlik və hakimiyyət böhranı pik həddə çatdı. İctimai həyatın bütün sahələrində xaos hökm sürürdü. Səriştəsiz idarəçiliyin ağır nəticələri göz qabağında idi. Erməni təcavüzü gündən-günə güclənir, bölgələrdə hərc-mərclik baş alıb gedirdi. Azərbaycanda ciddi hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxs və qruplar arasında mübarizə gedirdi. 1993-cü ilin yayında artıq Azərbaycan vətəndaş müharibəsinin astanasında dayanmışdı. Kriminogen vəziyyət o həddə çatmışdı ki, Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar istədikləri adamı cəzalandıra bilirdilər. Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə də üz-üzə idi.

Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət edirdi. Cənubda separatçı Əlikram Hümbətov bir neçə rayonun inzibati binasını güc yolu ilə nəzarətdə saxlayırdı. O, AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. Şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında hakimiyyətə qarşı etiraz baş qaldırırdı. Azərbaycan xalqı anlayırdı ki, yerli hakimiyyət ölkədəki sabitliyi bərpa etmək gücündə deyil. Bu məqamda hər bir soydaşımızın ümidi könüllərdə taxt qurmuş ulu öndər Heydər Əliyevə idi. Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

1993-cü il 17 avqust tarixində Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin sədrliyi ilə Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında qərar qəbul etdi. Qərarda deyilirdi ki, son zamanlar ölkədə yaranmış gərgin ictimai-siyasi və hərbi vəziyyətdən istifadə etməyə çalışan bir sıra qanunsuz silahlı birləşmələr Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə xəyanət etmək niyyəti güdürlər. Belə ki, Lənkəranda uzun müddətdən bəri Əlikram Hümbətovun başçılıq etdiyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tabe olmayan qanunsuz silahlı birləşmələr bu qəbildən hesab edilir. Əlikram Hümbətov ələ keçirdiyi silahlı qüvvələrdən istifadə edib Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisini təzyiq altında saxlayır, onlara qarşı qanunsuz hərəkətlərə yol verir, dövlət orqanlarına hədə-qorxu gəlir, onları özünə tabe olmağa məcbur edirdi. Əlikram Hümbətov silahlı təzyiqlə Lənkəran şəhərində və qonşu rayonlarda hədə-qorxu yolu ilə şəhər və rayon Xalq deputatları sovetlərinin sessiyalarını keçirmişdir.

Qərarda deyilirdi: "Əlikram Hümbətov onun qanunazidd və cinayətkar hərəkətlərinə etiraz edənlərə zorakılıq edir, divan tutur, onları həbs etdirir. O, heç bir səlahiyyəti olmadan cinayət əməllərinə görə həbsdə olan Ə.Quliyevi və R.Nuriyevi azad etmək haqqında göstəriş verir. Onun bu qanunsuz göstərişini yerinə yetirmədiyinə görə, Cəlilabad rayon prokuroru K.Tağıyevi həbs etməyə cəhd göstərmiş, onu tapa bilmədikdə, rayon prokurorluğunun işçilərindən M.Kazımovu, K.Qasımovu, S.Mirzəyevi və rayon polis idarəsinin rəisi A.Hacıyevi zor gücünə Lənkərana aparıb həbs etdirmişdir. Astara rayon polis şöbəsinin rəisi İ.Quliyev də Əlikram Hümbətovun qanunazidd tapşırıqlarını yerinə yetirmədiyinə görə girov götürülmüşdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı H.Məmmədov isə Əlikram Hümbətovun göstərişlərini yerinə yetirmədiyinə görə həbs olunmuşdur".

Əlikram Hümbətov qondarma "Talış-Muğan Respublikası"nı elan etdikdən sonra Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında qanuni yolla təyin edilmiş icra hakimiyyəti başçılarını vəzifədən kənarlaşdırmış, həmin vəzifələrə özünə yaxın bildiyi şəxsləri təyin etmişdi. Yerli əhali bu təyinatlara qarşı etirazlarını bildirsə də, o qanunları tapdalayaraq həmin rayonlarda istədiyi adamları hərbi komendant təyin etmiş, onlara texnika və hərbi sursat vermişdir. Beləliklə, Əlikram Hümbətov ətrafındakı cinayətkar ünsürlərlə Azərbaycan Respublikasının Konstitusiyasını pozaraq bölgədəki hakimiyyəti zəbt etmişdir. Bundan əlavə, o, qanunazidd olaraq, rubl pul nişanlarının dəyişmə müddətini uzatmış, bununla da respublikanın iqtisadiyyatına çox böyük ziyan vurmuşdur.

Sadalanan özbaşınalıqlar bununla da

 bitmirdi. Əlikram Hümbətov Azərbaycanın MDB-yə daxil olması üçün Rusiyanın rəhbər orqanlarına müraciət etmiş, lakin Rusiyanın müvafiq təşkilatları onun müraciətinə ciddi yanaşmamışlar.

Qeyd edək ki, Talış Milli Partiyası kimi yaradılmış Azərbaycan Xalqlarının Bərabərliyi Partiyası (sədr Hilal Məmmədov) qondarma "Talış-Muğan Respublikası" yaradılmasının təşəbbüskarıdır. Bu partiya hər vasitə ilə separatçılıq mövqeyində dayanır, talışlarla başqa xalqlar arasında qarşıdurma yaradırdı. Bununla paralel olaraq, "Talış-Muğan Respublikası"nın zəruriliyi barədə geniş təbliğat aparılırdı. Bütün bunlara rəğmən, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisi Əlikram Hümbətovun riyakarlığına aldanmırdı. Bölgənin rayon sovetlərinin iclaslarında, siyasi partiyaların və ictimai təşkilatların rayon şöbələrinin yığıncaqlarında qəbul edilən bəyanatlarda, tanınmış alim və ziyalıların, xalq deputatlarının Milli Məclisə müraciətlərində və Ali Sovetin ünvanına daxil olmuş minlərlə teleqramda bölgədə gedən proseslər qətiyyətlə pislənirdi.

Hələ avqustun 13-də Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla Heydər Əliyevin görüşü məhz bu məsələyə yönəldilmişdi. Ulu öndər görüş zamanı qeyd etmişdir: "Biz hamımız azərbaycanlıyıq, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik". Bu ideologiyaya naxələf çıxanların cəzasının ağır olacağını xatırladan ümummilli lider Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciətində də, bunu vurğulamışdır. Vahid Azərbaycanın qorunub saxlanması göründüyü kimi, o qədər də asan deyildi. Burada Heydər Əliyev və xalq birliyi Azərbaycanın gələcək taleyini müəyyənləşdirmiş, öz xalqına arxalanan ulu öndər Azərbaycanı bu çətin sınaqdan da üzüağ çıxarmağı bacarmışdır. Dahi rəhbərin fəal diplomatiyası nəticəsində Azərbaycan hərc-mərclik ölkəsindən dünyanın demokratik və aparıcı dövlətləri sırasına yüksəlmişdir. Onun beynəlxalq təcrübəyə əsaslanan uğurlu siyasətinin əsasında ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.

Qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Məhz dövlət başçısının bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Nurlan ABDALOV,

"Respublika".