Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmi şəxslərlə yanaşı, xarici media təmsilçiləri də iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 İyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə müraciətini oxuyub. (Məktubun mətni ilə qəzetin 1-ci səhifəsində tanış ola bilərsiniz).
Azərbaycan mətbuatının 147 illiyi münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.
Forumda çıxış edən Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov deyib ki, bu gün Şuşada təşkil olunan forum gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi üçün möhkəm zəmin yaradacaq. Biz informasiyanın yaradılması, ötürülməsi, cəmiyyətə çatdırılması üzrə texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən media sahəsi üzrə peşəkarlar arasında daimi qarşılıqlı təcrübə mübadiləsi aparılmalıdır.
İ.Səttarov vurğulayıb ki, cəmi iki il əvvəl Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada kimlərsə özlərinin milli, mənəvi və dini ideyalarını təbliğ edir, Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirirdilər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz tərəfindən azad edilən Şuşa ədalətin bərpa olunacağının rəmzidir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışında bildirib ki, bu gün 147 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub. Tarixinin bütün mərhələlərində Azərbaycan mediası öz mütərəqqi ənənələrini formalaşdırıb, cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.
İcraçı direktor diqqətə çatdırıb ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etdirməklə xalqı maarifləndirmək, onu dünyada baş verən ictimai-siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək və tərəqqi yoluna çıxarmaq məqsədini qarşıya qoymuşdu. Mediamız yarandığı gündən ciddi senzura altında fəaliyyət göstərməyə məcbur olsa da, Azərbaycanın müstəqillik tarixinin əsasını qoymuş ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi ictimai fikir tariximizdə yeni mərhələ kimi dəyərləndirilir. Ulu Öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində müstəqil Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb və bunun parlaq nümunəsi 1998-ci ildə senzuranın ləğv edilməsi olub.
"Bu gün Azərbaycanın media ictimaiyyəti növbəti tarixi hadisəyə şahidlik edir. "Mediada qlobal trendlər, yeni çağırışlar" Beynəlxalq Media Forumunun Azərbaycanın mədəniyyət paytaxtı, ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada keçirilməsindən ikiqat qürur və fəxarət hissi duyuruq", - deyə Əhməd İsmayılov qeyd edib.
Daha sonra çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə bölgəmizdə yeni reallıq yaranıb. Ordumuzun qəhrəmanlığı həm xalqımızı Qələbə ilə sevindirdi, həm də ermənilərin torpaqlarımıza vurduğu zərər üzə çıxarıldı. Azərbaycan işğaldan azad olunmuş əraziləri öz resursları hesabına bərpa edir və bu da dünyada hökm sürən ikili standartların bir sübutudur.
R.Hacıyev deyib ki, yaxın günlərdə Qarabağ Dirçəliş Fondunun maliyyə göstəriciləri ictimaiyyətə təqdim olunacaq. Onun sözlərinə görə, Fonda minlərlə həmvətənimiz, bir çox şirkətlər ianələr edib.
"Fond artıq bir neçə layihəyə maliyyə dəstəyi ayırmağa başlayıb. Bu layihələrin arasında Şuşa şəhərində üç tarixi abidənin bərpası və yenidən qurulması var. Bunlar Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Üzeyir Hacıbəylinin yenidən qurulan heykəli, Xalça Muzeyi və Yaradıcılıq Mərkəzidir. Mədəniyyət Nazirliyi ilə Ağdamdakı İmarət kompleksinin bərpası üzrə konsepsiya hazırlanır. Dövlət Turizm Agentliyi ilə Şahbulaq qalasının bərpası və ətrafında turizm infrastrukturunun yaradılması üzrə müəyyən işlər aparılır. Füzulidə Fondun birbaşa icra etdiyi 20 hektar ərazidə müasir "ağıllı" park salınır. Hələ ki, layihələndirmə işləri aparılır. Zəngilan rayonunda Ekologiya Nazirliyi ilə birlikdə 30 min ağac əkilir. Gələcəkdə isə daha 20 min ağac əkiləcək. Bu, Zəngilan şəhərinin girişində olan meşə massivinin bərpası layihəsidir", - deyə Rəhman Hacıyev diqqətə çatdırıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov çıxışında qeyd edib ki, idarə media nümayəndələri ilə sıx əlaqələr qurur. Şuşa şəhərindəki dağıntılar, bərpa və yenidənqurma işləri, keçirilən tədbirlər mediada geniş işıqlandırılır və təbliğ edilir.
M.Abbasov qeyd edib ki, bu gün Azərbaycanda böyük jurnalist ordusu yetişir. Məhz bu jurnalist ordusu 44 günlük Vətən müharibəsi zamanı döyüş bölgələrində operativ informasiyalar verdi, xalqa Ordumuzun uğurları haqqında məlumatlar çatdırdı. Həmçinin Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında media nümayəndələrinin böyük rolu var.
ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva bildirib ki, bu il Milli Mətbuat Günündə yaraşan ən gözəl format 147-ci ildönümünün Şuşada keçirilməsidir. O deyib ki, ADA Universitetinin bir il əvvəl irəli sürdüyü təşəbbüslə tədris edilən ali ixtisaslar sırasına Kommunikasiya və rəqəmsal media əlavə olunub.
Qeyd edilib ki, ali təhsil müəssisələrində jurnalistika fakültəsi üzrə məzun olan tələbələrin hər biri Həsən bəy Zərdabinin davamçılarıdır.
Forum işini panel iclasları ilə davam etdirib.
***
"ASAN Radio"nun direktoru Emin Musəvinin moderatorluğu ilə keçirilən birinci panel iclası "Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar" mövzusunda olub.
Tədbirdə çıxış edən TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, dünyada yaranan yeni reallıqlar ilk olaraq kütləvi informasiya vasitələrinə təsir edib. Hazırda rəqəmsal informasiya vasitələrindən əldə olunan gəlirlər ənənəvi medianı üstələyir. Müasir dövrdə insanların 60 faizi xəbərləri sırf internet vasitəsilə oxuyurlar.
O qeyd edib ki, sosial şəbəkələrdə anonimlik və bəzi məsuliyyətsiz davranışlar bəzən ciddi fəsadlara səbəb olur. Hazırda media sahəsində çoxsaylı feyk xəbərlərlə üzləşilir. Azərbaycan da dezinformasiya hücumlarına məruz qalan ölkə kimi bununla mübarizə aparır. Bu müharibədə ən böyük silah isə dəqiq, yoxlanılmış məlumatlardır.
"Əl-Cəzirə" Media İnstitutunun təlimlər üzrə meneceri Muhəmməd Talal Əbdülkərim Şuşada Beynəlxalq Media Forumunda iştirak etməkdən qürur duyduqlarını bildirib.
O deyib ki, medianın hamı tərəfindən güvənilən struktur olması üçün çalışmaq vacibdir. Kütləvi informasiya vasitələrinin üzərilərinə düşən vəzifə isə etibarlı məlumatları çatdırmaqdır. "Azərbaycanda Medianın İnkişafı Agentliyinin yarandığını görəndə çox sevindim. Bu, daha faydalı, obyektiv və operativ iş görmək üçün imkan yaradır", - deyə menecer əlavə edib.
Bolqarıstanın "BTA" İnformasiya Agentliyinin informasiya siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva Droumeva diqqətə çatdırıb ki, müasir dövrdə sosial şəbəkələrdən düzgün istifadə xəbərlərin daha böyük auditoriyaya yayılması üçün ən vacib şərtlərdən biridir.
"Gənclər sosial şəbəkələrdən geniş şəkildə istifadə edirlər və onlar xəbər əldə etmək üçün sosial şəbəkələrə üz tuturlar. Biz sosial şəbəkələrə xüsusi önəm verməliyik. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) feysbuk sosial şəbəkəsində 240 minə yaxın izləyicisi var. Lakin bizdə rəqəmlər bu qədər deyil. Hazırda bu istiqamətdə bir çox layihələr hazırlayırıq. Həmçinin çalışırıq ki, ölkənin hər yerindən xəbərləri canlı şəkildə çatdıraq", - deyə baş direktorun müavini vurğulayıb.
Digər çıxış edənlər - APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı və "haqqin.az" analitik-informasiya veb-saytının rəhbəri Eynulla Fətullayev müasir dünyada media qarşısında duran çağırışlara toxunub, yaranmış problemlərin həlli istiqamətində səylər göstərilməsinin əhəmiyyətini bildiriblər. Eyni zamanda, diqqətə çatdırılıb ki, bu gün feyk xəbərlərlə mübarizə media qarşısında duran vacib məsələlərdən biridir.
***
Forumun ikinci panel iclası "Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı" mövzusuna həsr edilib.
ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə keçirilən panel iclasında çıxış edən Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi Beynəlxalq Media Forumunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Forumun təşkilinə və dəvətə görə AZƏRTAC-a və Medianın İnkişafı Agentliyinə təşəkkürünü bildirən Aleksandru Giboi deyib ki, media nümayəndələrinin qəbul olunmuş normalara - media etikasına əməl etmələri vacibdir.
"Medianın insan həyatında müəyyən trendlərin ortaya çıxmasında vacib rolu var. Media etikası KİV-i dağıdıcı xarakter almaqdan qoruyur. Etik davranışlar olmadan mediadan hər hansı sosial məsuliyyət gözləmək mümkün deyil. Tələbələrin jurnalistika ilə bağlı təhsil almaları, media savadlılığının artırılması önəmlidir. Gənclər bu barədə maarifləndirilməlidir. Jurnalistikanın böyük gücə malik olduğunu onlara göstərmək lazımdır. Gənclər bunun əhəmiyyətini anladıqca biləcəklər ki, onlar cəmiyyətə təsir göstərə bilərlər. Bunun üçün isə media etikasına riayət etmək lazımdır", - deyə o əlavə edib.
Real Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev bu gün bu Foruma gələn iştirakçılardan əsas istəyinin diqqəti Qarabağa, işğaldan azad edilmiş ərazilərə yönəltmək olduğunu bildirib. Deyib ki, Qarabağ həqiqətlərinin dünya mediasına çatdırılmasına şərait yaratmaq istiqamətində səylərin göstərilməsi vacibdir.
Sonra çıxış edən Anadolu agentliyinin baş direktorunun müavini Yusuf Özhan deyib ki, müasir dövrdə oxucuların mediaya xərclədiyi zaman çox azdır və bu vaxtı onlar üçün faydalı etmək önəmlidir. Gənc nəsil üçün qəzetçilik anlayışından danışarkən gənclərin düşüncələrinə də diqqət yetirməliyik.
O bildirib ki, feyk xəbərlər cəmiyyətin psixoloji fenomenidir. Oxucuların düşüncəsinin feyk xəbərlərə necə reaksiya verdiyini öyrənərək iş görmək KİV üçün önəmli amillərdən biridir.
"Biz Azərbaycanda bu Foruma qatılarkən 44 günlük Vətən müharibəsini, ovaxtkı fəaliyyətimizi xatırladıq. Biz 44 gün ərzində Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün davamlı olaraq işlədik. Bu zaman biz feyk xəbərin nə dərəcə böyük təsirə malik olduğuna şahidlik etdik. Feyk xəbərlərlə böyük kütləni ələ almaq mümkündür. Lakin onu da bilmək lazımdır ki, həqiqət hər zaman ortaya çıxır və feyk xəbər verən media orqanlarına qarşı ciddi inamsızlıq yaranır", - deyə baş direktorun müavini vurğulayıb.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, mediada etik qaydalara riayət olunması cəmiyyətin keyfiyyətli informasiya almaq əmsalını yüksəldir. Müasir dövrdə rəqəmsal inkişaf nə qədər faydalı olsa da, bir o qədər də ziyana yol açır. Etik standartların pozulmasının qarşısını almaq üçün müasir dövrün problemləri sırasında feyk xəbərlər xüsusi qeyd olunmalıdır. Feyk xəbərlərin qarşısını almaq üçün qanunvericiliyin sərtləşdirilməsi, etik kodekslərdə dəyişikliklərin edilməsi, ənənəvi medianın imkanlarının və əhalinin media savadlılığının artırılması vacib amillərdir.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu müasir medianın yeni yaşam tərzinin ən vacib və ayrılmaz hissəsinə çevrildiyini bildirib. Vurğulayıb ki, ənənəvi mediada əsas vacib element sosial məsuliyyət hissinin olmasıdır. İstər beynəlxalq, istərsə də yerli təşkilatların qəbul etdiyi etik qaydalarda sosial məsuliyyət hissi qabardılır. Müasir jurnalistikada dəqiqlik və operativlik yeni medianın ayrılmaz elementlərdir. Yeni mediada isə operativlik prioritet təşkil edir.
***
Forum çərçivəsində təşkil olunan "Azərbaycan mətbuatında Şuşa izi" adlı panel iclasına isə Milli Məclisin deputatı Sevil Mikayılova moderatorluq edib.
Tədbirdə çıxış edən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov Şuşanın milli ideologiyadakı önəmindən, Şuşa ziyalılarının Azərbaycan cəmiyyətindəki böyük rolundan bəhs edib. Bildirib ki, Şuşa milli təfəkkürün formalaşmasının beşiyidir. O deyib ki, Şuşa ziyalıları çar Rusiyasına Şuşanın Azərbaycan torpaqları olması həqiqətini çatdırmağa çalışıblar.
"44 günlük Vətən müharibəsi ilə Ali Baş Komandan Şuşa ziyalılarının ovaxtkı çağırışlarını yerinə yetirdi. Azərbaycan mediası artıq müharibədən yox, Zəfərdən danışır. Bu gün Azərbaycanın media nümayəndələrinin Şuşada toplaşması mətbuatımızın qarşısına yeni vəzifələr qoyur. Qalib Ordu, qalib xalq, qalib Sərkərdə və qalib media. Azərbaycan mediası bu gün qalibdir", - deyə R.Məmmədov qeyd edib.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edərək ulu öndər Heydər Əliyevin Şuşaya böyük önəm verdiyini bildirib. Deyib ki, bunun nəticəsi olaraq Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb və abidənin açılışında Ulu Öndər şəxsən iştirak edib.
"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə Şuşanın işğaldan azad olunması barədə danışıb. O, Şuşa ilə bağlı məqalələr, cəbhə bölgəsindən reportajlar, sonda isə Zəfər xəbərləri hazırladıqlarını bildirib. Deyib ki, bu gün Azərbaycan bu bölgəni beynəlxalq əməkdaşlığın mərkəzinə çevirib. Azərbaycan mediası artıq məğlubiyyəti yox, Zəfəri yazır.
"Azad Şuşa" saytının baş redaktoru Kərim Kərimli qeyd edib ki, Şuşa bu günədək haqqında ən çox yazı yazılan şəhərlərdəndir. Şuşa qədər adına şeir qoşulmuş ikinci şəhər yoxdur.
Baş redaktor ilk "Şuşa" qəzetinin fəaliyyətindən danışıb. Bu il qəzetin 90 yaşının tamam olduğunu qeyd edib. Deyib ki, bu qəzet tarixboyu müxtəlif adlarla fəaliyyət göstərib. Erməni vandalları isə "Şuşa" qəzetinin binasını tamamilə dağıdıblar.
Media Forumunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayan İraq Respublika Strateji Araşdırmalar Mərkəzinin direktoru Matz Muhi Əbdülhəmid Obada müqəddəs Şuşa torpağında belə bir tədbirdə çıxış etməkdən məmnunluğunu bildirib.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bir sıra məqalələrin müəllifi olduğunu vurğulayan qonaq çıxışında xüsusilə Vətən müharibəsi zamanı ermənilərin demək olar ki, kütləvi şəkildə dezinformasiyalar yaydıqlarını bildirib. O deyib: "İraqda, Suriyada və bir çox ərəb ölkəsində bu münaqişə ilə bağlı yanlış məlumatlar yayılırdı. Erməni lobbisinin təsiri ilə ərəb mediasında Azərbaycanın haqq işi barədə bir sıra yalan məlumatlar yayılmışdı. Vətən müharibəsində xeyli sayda dezinformasiyalar yayılırdı. Belə ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri bəzən ərəb mediasında yanlış, təhrif olunmuş şəkildə təqdim edilirdi. Həmçinin ermənilər 44 günlük müharibə zamanı xristian məbədlərinin guya Azərbaycan tərəfindən dağıdılması kimi yalan informasiyaları geniş yayırdılar. Lakin Vətən müharibəsi başa çatdıqdan sonra beynəlxalq ictimaiyyət əsl həqiqətlərin şahidi oldu. Onlar şəhər və kəndlərin, tarixi-dini abidələrin ermənilər tərəfindən dağıdılmasını, yerlə-yeksan olunmasını gördülər".
***
Forum çərçivəsində keçirilən dördüncü panel iclasında "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" mövzusunda müzakirələr aparılıb.
ADA Universitetinin Siyasi tədqiqat və nəşrlər üzrə direktoru Damjan Krnjeviç Miskoviçin moderatorluq etdiyi paneldə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov, Türk Dövlətləri Təşkilatının layihə direktoru Ersin Aydoğan, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktorunun birinci müavini Dilşod Saidjonov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) Beynəlxalq əlaqələr və strateji planlaşdırma üzrə işçi qrupunun rəhbəri Rasim Bağırov və CBC TV-nin baş direktoru Vüqar Xəlilov çıxış ediblər.
Bu paneldə Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, Azərbaycan-Türkiyə media platforması və Türk Dövlətləri Təşkilatı çərçivəsində media tərəfdaşlığı barədə müzakirələr aparılıb.
Forumun mediadakı yeni trendləri birlikdə müzakirə etmək baxımından əhəmiyyətini vurğulayan AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov bildirib ki, mətbuatın beynəlxalq əməkdaşlığında uğurları onun peşəkarlığı, jurnalistika ənənələrinə sadiqliyi, yeni texnologiyaların tətbiqi, etibarlı xəbər mənbəyi imicinin qorunması kimi amillərdən çox asılıdır. Sosial media dövründə etibarlı xəbər mənbələrinə ehtiyac durmadan artır. Bu səbəbdən də media qurumları, xüsusən də informasiya agentlikləri xəbər istehsalında təcrübəsi olan, informasiyaları dəqiqliyi ilə seçilən tərəfdaşlarla çalışmağa üstünlük verirlər. Müasir dövrün tendensiyaları da digər tərəfdən mətbuatın beynəlxalq əməkdaşlığının vacibliyini şərtləndirən amillərdən biri kimi çıxış edir.
Media sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətlərinin KİV-lərin informasiya mübadiləsi aparması və qabaqcıl təcrübələrdən qarşılıqlı şəkildə yararlanması olduğunu vurğulayan A.Aslanov deyib: "Belə yanaşma media orqanlarının təşkilatlanmasına, peşəkarlıqlarının artmasına, mətbuatın problemlərini təhlil etmək üçün konfrans və seminarların təşkili kimi vasitələrdən geniş istifadə etməsinə şərait yaradır. Bu baxımdan Azərbaycan media subyektlərinin beynəlxalq informasiya qurumlarında təmsil olunması önəmlidir. Düşünürəm ki, Azərbaycan mediasının beynəlxalq əlaqələri indi daha fəaldır, daha genişdir. Əminəm ki, media sahəsində həyata keçirilən islahatlar, tətbiq edilən yeniliklər mətbuatın beynəlxalq əməkdaşlığının daha da güclənməsinə töhfə verəcək".
Türk Dövlətləri Təşkilatının layihə direktoru Ersin Aydoğan bu qurumun fəaliyyətindən bəhs edib. O bildirib ki, Türk Dövlətləri Təşkilatının 44 günlük müharibədən sonra türk dövlətləri arasında ortaq platforma kimi çıxış etməsi müasir geosiyasi reallıqlar kontekstində onun əhəmiyyətini daha da artırır. Feyk xəbərlərin yayılmasının qarşısının alınmasının vacib olduğunu vurğulayan layihə direktoru deyib: "Dezinformasiya ilə mübarizədə mediaya daha çox dəstək vermək lazımdır. Bunun üçün də media qurumlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətinə diqqətin artırılması indi daha vacib rol oynayır".
Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktorunun birinci müavini Dilşod Saidjonov paneldə türkdilli dövlətlər arasında əməkdaşlıqdan danışaraq deyib: "Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda güclü KİV ordusu yaranıb. Vətən müharibəsi dövründə Azərbaycanın informasiya savaşında qalib gəlməsində Prezident İlham Əliyevin əsl həqiqətləri beynəlxalq media vasitəsilə dünyaya çatdırması mühüm rol oynadı. Onun verdiyi bəyanatlar, müsahibələr beynəlxalq mediada, sosial şəbəkələrdə geniş yayılırdı. Bu məlumatlar hər yerdə dərc olunurdu. İctimaiyyət də bu prosesləri izləyirdi. Bu, böyük nailiyyətdir. Bizim milli informasiya agentliyimiz UzA AZƏRTAC ilə sıx əməkdaşlıq edir. İnanıram ki, bu, xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək".
MEDİA-nın Beynəlxalq əlaqələr və strateji planlaşdırma üzrə işçi qrupunun rəhbəri Rasim Bağırov çıxışında bildirib ki, Azərbaycan media sahəsində əməkdaşlığın qurulmasını prioritet məsələ kimi diqqət mərkəzində saxlayır. O, media sahəsində əməkdaşlığın beynəlxalq münasibətlərdə mühüm rol oynadığını vurğulayıb.
CBC TV-nin baş direktoru Vüqar Xəlilov çıxışında Azərbaycan mediasının İkinci Qarabağ müharibəsi zamanı öz peşəkarlığını nümayiş etdirdiyini diqqətə çatdıraraq qeyd edib: "Bu peşəkarlıq hər kəsə nümunə ola bilər. Digər KİV nümayəndələri də bu təcrübədən yaralana bilərlər. Azərbaycan mətbuatı müharibə zamanı irqçi məqalələr dərc etmədi, qonşu xalqa düşmənçilik münasibəti göstərmədi, yalnız əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı".
Bununla da Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Beynəlxalq Media Forumu işini başa çatdırıb.
***
Forumundan sonra tədbirin iştirakçıları Şuşa şəhərinin görməli yerləri ilə tanış olublar.
Qonaqlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Məlumat verilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Lakin ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.
Sonra qonaqlar Şuşa qala divarlarını ziyarət ediblər. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Daha sonda Forum iştirakçıları Cıdır düzündə olub, oradan açılan gözəl mənzərəni seyr ediblər. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları, qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.
AZƏRTAC