SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar qəbul etmişdir
Türkmənçay və Gülüstan sülh müqavilələri imzalandıqdan sonra İran və Türkiyədən kütləvi şəkildə köçürülüb Azərbaycan ərazilərində yerləşdirilən ermənilərin xalqımıza qatı düşmən olduqlarını tarix dəfələrlə sübuta yetirib. Təkcə XIX əsrdə rus imperiyasının əli ilə 400 mindən artıq erməni Azərbaycana köçürülmüş və məqsədyönlü şəkildə ərazilərimizə gətirilən erməni toplumu 1905-1907 və 1918-1920-ci illərdə soydaşlarımıza qarşı qətliamlar törətmiş, kəndləri, şəhərləri talan etmiş, minlərlə azərbaycanlını yurd yerlərindən didərgin salmışlar.
Birinci Dünya müharibəsi illərində Şərqi Anadoluda, Cənubi Azərbaycanda, Cənubi Qafqazda - indiki Azərbaycan ərazisinin müxtəlif yerlərində, Borçalı qəzasında, İrəvan quberniyasında misli görünməmiş qırğınlar törədilmişdir. 1918-1920-ci illərdə daşnak Ermənistanında soyqırımı və deportasiya dövlət siyasətinə çevrilmiş, insanlığa sığmayan bu siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları tarixi, etnik torpaqlarından zorla qovulmuşlar. Soydaşlarımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılmış, adları dəyişdirilərək erməniləşdirilmiş, Ermənistanın türksüzləşdirilməsi və erməniləşdirilməsi istiqamətində düşünülmüş addımlar atılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə sərhədlərini müəyyən etmək istəyən müstəqil dövlətimiz mənfur ermənilərin ərazi iddiaları əsasında qədim İrəvan ərazisini ermənilərə güzəştə getməyə məcbur olmuşdur. Beləliklə, Azərbaycan torpaqlarında paytaxtı İrəvan şəhəri olan erməni dövləti yaradılmışdı.
Çar Rusiyası tərəfindən azərbaycanlılara məxsus torpaqlara yerləşdirildikdən sonra çarizmin himayəsi altında ermənilər bu ərazilərdə özlərinə əlverişli şərait yaratmış, terror-siyasi təşkilatlarını yaradaraq azərbaycanlılara qarşı zorakılıq hadisələri həyata keçirmişlər. Bu işdə başlıca məqsəd uydurma "böyük Ermənistan" yaratmaq üçün zəmin hazırlamaq olmuşdur. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1989-cu illərdə həyata keçirilən məcburi köçürülmə və etnik təmizləmə siyasəti ermənilərin zəbt etdiyi tarixi ərazilərimizdə milli tərkibin dəyişdirilməsinə yönəlmiş, bu məqsədlə Qərbi Azərbaycanda yaşayan yüz minlərlə azərbaycanlı deportasiya edilmişdir.
SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083, 1948-ci il martın 10-da isə həmin qərara əlavə olaraq qəbul edilən "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 754 nömrəli qərarları əsasında 150 minə yaxın azərbaycanlı doğma torpaqlarından köçürülmüş, azərbaycanlıların evlərinə xaricdən gətirilən ermənilər yerləşdirilmişdir.
SSRİ Nazirlər Sovetinin fərmanına əsasən 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min azərbaycanlının köçürülməsi nəzərdə tutulurdu. Beləliklə, 100 min azərbaycanlı Ermənistandan köçürülməli idi. Lakin 1954-cü ilə qədər davam edən azərbaycanlıların məcburi köçürülməsi zamanı qərarda göstərilən rəqəm daha çox olmuşdur. Qərara əsasən kolxoz və sovxozlarda yaşayan azərbaycanlıların kütləvi şəkildə Kür-Araz ovalığına - Ucar, Zərdab, Əli-Bayramlı (Şirvan), Salyan, Saatlı, Sabirabad, Yevlax, Kürdəmir, Mirbəşir (indiki Tərtər) rayonlarına köçürülməsi dağlıq və dağətəyi ərazilərdə yaşayan insanlar üçün dözülməz idi. O vaxt Azərbaycan Kommunist Partiyasının məsul şəxslərinin bu məsələ ilə bağlı etirazlarına baxmayaraq, Moskvadan verilən qərar dəyişdirilməmiş və 1948-ci il may ayının 13-də Azərbaycan SSR Nazirlər Şurası 10945 nəfər insanın Kür-Araz vadisində yerləşdirilməsi barədə qərar qəbul etmişdi. Bunun ardınca həmin d[vrdə Sovet İttifaqının milliyyətcə erməni olan metallurgiya naziri İvan Tevosyan Qafan bölgəsində yaşayan və mədənlərdə çalışan təxminən 100 ailənin Daşkəsənin "filiz mədənlərindəki işi yaxşılaşdırmaq" üçün Azərbaycana köçürülməsini təşkil etmək barədə göstəriş vermişdi. Yerli əhali yurd yerlərindən çıxarılmalarına etiraz etsələr də, onların istəkləri nəzərə alınmır, saxta protokollar tərtib edilərək guya əhalinin razı salındığı bildirilir və köçürülməsi planlaşdırılan azərbaycanlıların sayı daha da artırılır, itaətsizlik göstərənlərə isə zor tətbiq edilirdi. Ermənilər tərəfindən doğma ocağından hədə-qorxu ilə köçməyə məcbur edilən azərbaycanlılar isə həm yollarda, həm də köçürüldükləri yerlərdə böyük çətinliklərlə üzləşirdilər. Çünki birdən-birə böyük sayda əhalinin qəbul edilməsi, onların yerləşdirilməsi və lazımi şəraitlə təmin olunması respublikanın imkanları daxilində deyildi. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əsasən "könüllü" olaraq həyata keçirilmiş azərbaycanlıların deportasiyası 1954-cü ilədək davam etmişdi.
Tarixi torpaqlarımız olan indiki Ermənistan adlandırılan ərazidən azərbaycanlıların 1948-1953-cü illərdə zorla deportasiyasının 50 illiyi ərəfəsində - 1997-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalamışdır. Ulu Öndərin imzaladığı fərmanda son iki əsrdə məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qaldığı öz əksini tapıb. Fərmanda o vaxtadək bu məsələlərin araşdırılmadığı vurğulanmış və görüləcək işlər, vəzifələr, məqsədlər müəyyənləşdirilmişdir. Eyni zamanda azərbaycanlıların deportasiyası faktının araşdırılması, ictimaiyyətə çatdırılması üçün Heydər Əliyevin sədrliyi ilə dövlət komissiyası da yaradılmışdır. Tarixi əhəmiyyət daşıyan bu fərmandan sonra respublikada bu sahədə dərin tədqiqat işləri aparılmış, tarixi əhəmiyyət kəsb edən əsərlər yazılmışdır.
Mehparə ƏLİYEVA,
"Respublika".