Süleyman Rüstəm
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünmüş saf bir ürəklə,
Təbrizim, Təbrizim, aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!
Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər,
Babalardan dinləyirlər öyüdlər,
Coşub damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!
Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birindən ayrılmayın amandı!
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar.
Bu, adi misralar deyil, çünki oxuyub üstündən sakit keçə bilmirsən. İkiyə parçalanmış Azərbaycanın böyük faciəsi haqqında şair naləsidir! Ustad Şəhriyarın Azərbaycan dərdidir. On illər boyu doğma yerlərdən, əziz adamlarından ayrı düşmüş Şəhriyarın Vətənlə bağlı ürəyinin başında gəzdirdiyi, düşünüb-daşındığı mətləbləri anlatmaq üçün axar-baxarlı, zəngin, doğma Azərbaycan dilinin özünəməxsus orijinal ahəngi olan cənub dialektində yazdığı "Heydərbabaya salam" poeması Güney, milli həyatımız, məişətimiz, psixologiyamız haqqında şairanə bir ensiklopediyadır.
Heydərbabaya bu qədər canlılıq verən şair əsərini nə üçün məhz dağa müraciətlə yazmasının səbəbini belə izah etmişdi: "Dağ göylərə yaxındır. O, təbiətin şah əsərlərindən biridir. Dağ tarixin əbədi olaraq görən açıq gözüdür. O, vətəndə baş verən hadisələri seyr edərək öz sinə dəftərinə yazır. Şairin göylərə qalxan nalələrini əks etdirib bütün yer üzünə yayaraq hamının qulağına çatdırmağı təkcə o bacarır".
Gözəl şərhdir. Bəli, ustad dərdini dağa söyləmişdi. Söyləmişdi ki, ağzından yellər alıb dağlara, dağlar da Uca Tanrıya çatdırsın...
Bir xalqın gələcəyinə inam duyğusunun yüksək poetik ifadəsidir şairin misraları. Heydərbaba dağının timsalında bütün Azərbaycanı ümumiləşdirən şair xalqın öz səadətini sədəqə şəklində yox, mürtəce qüvvələrə (qurdlara) qarşı igid oğullarının mübarizəsi sayəsində əldə edəcəyinə inanır, o gözəl əyyamı qəlbinin ən dərin guşəsindən gələn böyük səmimiyyət duyğusu ilə tərənnüm edir: "Gədiklərdə qurdları tut, boğginən, Qoy quzular ayın-sayın otlasın...".
İkinci Dünya savaşında sovet qoşunları alman faşistlərinin İrandakı yuvasını dağıtsa da, Rza şah ölkəni tərk edib ingilis ağalarının məsləhətilə Afrikaya getsə, onun diktaturası süqut etsə də, nə İranda, nə də Cənubi Azərbaycanda vəziyyət dəyişməmişdi. Çünki bir diktatorun yerinə başqa bir diktator, oğlu Məhəmmədrza keçmişdi. Yenə Azərbaycan müstəmləkə halında idi. Güney Azərbaycanda ana dili qadağan olunmuşdu. Əgər kəndlər və bazarlar olmasaydı, Azərbaycan dilinin məhv olub aradan getmək qorxusu var idi. Ancaq təkcə bazar, ticarət Azərbaycan dilini, xüsusən elmi və bədii dili mühafizə və inkişaf etdirə bilməzdi. Bunun üçün məktəb və mətbuat lazım idi...
O zaman Quzeyin qabaqcıl ziyalılarının tərkibində Təbrizə gələn şair Süleyman Rüstəm Güneydə Azərbaycan dilinin İranın rəsmi dövlət idarələrində qadağan olunmasını böyük ürəkağrısı ilə qarşılamış: "Mən sənin dilinə dəymirəm, cəllad, Gəl sən də bu ana dilimə dəymə", - deyə etirazını bildirmişdi. Qardaş deyib, ağır günündə köməyinə gəldiyi ölkədə yad əllərin əkdiyi toxumların cücərib boy atdığını görən şair öz doğma, qan qardaşlarına müraciətlə 1941-ci ildə "Təbrizim" şeirini yazmışdı.
Vətən həsrətilə dərdləri başdan aşan soydaşlarımızın təlaşından, əzablı, cəfalı günlərindən söz açır, bir millətin ayrılıq simvoluna çevrilmiş Arazın sularında həsrətin, nisgilin axdığından danışırdı:
Nədir o mənalı dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?