Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm,
Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərəm.
Bahar oğlu idi Cəfər, bəlkə elə bu misraları da o üzdən belə həzin, kövrək hisslərlə yazmış, sönməz ulduz kimi daim işıq saçmış, bülbül tək güldən-gülə uçmuşdu... 1899-cu il martın 20-də Bakı quberniyasının 110 kilometrliyində yerləşən Xızı kəndində yoxsul kəndli ailəsində anadan olub. Kömürçü işləyən atası görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında qalıb Bakıya köçərək "dağlı məhəlləsi" adlanan yerdə yaşamağa başlayır. Cəfərin 3 yaşı olanda atası vəfat edir, ailənin yükü anası Şahbikə xanımın üzərinə düşür. O, imkanlı ailələrin paltarlarını yuyur, çörək bişirərək Cəfəri dini məktəbdə oxudurdu. Ara-sıra Xızıya gedən Cəfər orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, digər qohumları ilə görüşürdü. Elə ədəbiyyata da şeirlə gəldi. İlk mətbu şeiri 1911-ci ildə "Həqiqəti-əfkar" qəzetində dərc olunur, 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində onun "Bahar" adlı şeiri nəşr edilir. Onun yaradıcılığa başlamasında "Məktəb" jurnalı əsas rol oynayır.
Hələ uşaqkən insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür, ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışırdı. Ağır vəziyyətdə yaşayan ailələrin taleyini düşünür və duyduqlarını "Boranlı qış gecəsi", "Bayram saxlayanlara", "Dilənçi", "Novruz bayramına hazırlaşan müsəlmana töhfə" kimi şeirlərində əks etdirirdi.
Cəfər Cabbarlı dramaturgiya sahəsində daha məhsuldar çalışır və bu əsərlər onu məşhurlaşdırır, dramaturq və teatr xadimi kimi tanınır. Xalqın tərəqqisini, mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi", "Ulduz", "Ədirnə fəthi", "Aydın", "Oqtay Eloğlu" və s. adlı pyeslər yazır.
1928-ci ildə yazdığı "Od gəlini" pyesilə o, tarixi mənşəyinə görə problematik, zamanına görə aktual bir mövzuya müraciət etmişdi. Əsər elə həmin il tamaşaya qoyulur.
1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyarkən C.Cabbarlı ədəbi fəaliyyətini də davam etdirir. O, bir sıra hekayə və şeirlər yazmaqla bərabər, tərcüməçiliklə də məşğul olur, ayrı-ayrı mətbuat orqanlarında məqalələrlə çıxış edir. Yazıçının teatr sənəti haqqında nəzəri düşüncələri 1924-1925-ci illərdə yazdığı "Azərbaycan ədəbiyyatının son vəziyyəti", "Bizdə teatro", "Azərbaycan teatr məktəbi", 1922-ci ildə qələmə aldığı "Ədəbi mübahisələr" və s. məqalələrində daha səciyyəvi formada öz əksini tapmış, yeni repertuarın yaradılması, sənətkar aktyorlar, aktrisa və rejissorlar yetişdirmək məsələsi irəli sürülmüşdü.
Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda rejissordur. Məşhur musiqi professoru Qilyer onun "Şahsənəm" adlı mənzum pyesini nota çevirərək opera yazmışdır. "Qız qalası" mənzuməsi kimi, əsərlərindən bir qismi rusca ilə bərabər, Qafqaz dillərinə də tərcümə edilmişdir. Dramlarından başqa, Cabbarlının şeirləri və hekayələri də vardı. Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir".
1928-ci ildən etibarən yazıçının yaradıcılığının üçüncü dövrü başlayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə "Sevil" əsərini yazır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdu və 1928-ci ildə tamaşaya qoyulduqdan sonra qadınların azadlığı üçün bir təkan olur...
Ümumiyyətlə, qadın azadlığı Cabbarlı dramaturgiyasının əsas mövzularındandır. Cəlil Məmmədquluzadə kimi, Cabbarlı üçün də qadın