2003-cü ildən ümummilli lider Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ötən 17 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönündə səfərbər etmişdir. Eyni zamanda sahibkarlığın inkişafı üçün də geniş imkanlar yaradılmışdır.
Hazırda hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması, möhkəmləndirilməsi yolunda Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Bu gün Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir.
Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması üçün inkişaf prosesində orta təbəqənin - iqtisadi inkişafın və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsna əhəmiyyət daşıyır. Bu reallığı nəzərə alan ölkə Prezidenti milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin gücləndirilməsinə çalışır.
Prezident İlham Əliyev çıxışlarında yerli sahibkarlara müraciət edərək bildirmişdir: “Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Sahibkarlığın inkişafına münasibətdə bu cür ardııcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur.
Ölkəmizdə davamlı olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması tədbirləri və institusional dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirmişdir. Həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır.
Bu gün əminliklə deyə bilərik ki, dövlət siyasətinin önündə vətəndaş və rifahı dayanır! Vergi qanunvericiliyinə edilən sonuncu dəyişikliklər birbaşa mikro və kiçik sahibkarlıq subyektlərinin inkişafının təmin edilməsi və məşğulluğun səviyyəsinin yüksəldilməsi kimi hədəflərə kökləndiyi danılmaz həqiqətdir. Son dəyişikliklərdə nəzərdə tutulan vergi güzəştləri də mikro və kiçik sahibkarlıq subyektlərinin davamlı fəaliyyətinin təmin olunmasına, məşğulluğun səviyyəsinin yüksəldilməsinə, bununla da sosial təminatla bağlı dövlətin yükünün azaldılmasına yönələn mühüm addımlardan biridir.
Məlumdur ki, iqtisadiyyatımızın qarşısında dayanan əsas hədəflərdən biri də vergilərin sahibkarlar tərəfindən hissolunmaz səviyyədə təşkilidir. İqtisadçı ekspertlərin fikrincə, elə etmək lazımdır ki, vergitutma siyasəti iqtisadiyyatın inkişafına mane olmasın. Lazımi məqsədə çatmaq üçün vergi mədəniyyətinin formalaşdırılması, vergitutmanın könüllülük prinsipləri əsasında təşkili və bu sahədə ideoloji işlərin görülməsi məsələləri çox ciddi əhəmiyyət daşıyır.
Qeyd etmək lazımdır ki, son illər vergilər sahəsində nəzərəçarpacaq səviyyədə müsbət sıçrayışlar baş verib. Demək olar ki, qanunsuz vergi hesablamaları, sahibkarların hüquqlarının pozulması halları aradan qaldırılmış, vergi auditi sahəsində ciddi irəliləyiş əldə olunmuşdır. Sahibkarlıq subyektinə getmədən səyyar vergi yoxlamasının (elektron auditin) həyata keçirilməsi demək olar ki, məmur sahibkar münasibətlərinin minimuma endirilməsinə, bu da öz növbəsində korrupsiya ilə mübarizə sahəsində əhəmiyyətli nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, fiziki gömrük yoxlamaları minimuma endirilmiş, məmur sahibkar münasibətləri müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirilmişdir.
2019-cu və 2020-ci illərdə qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklər Azərbaycanda sahibkarlıq mühitinin daha