Böyük Qafqazın cənub yamacında yerləşən İsmayıllı rayonu iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. Bu isə əsasən bitkiçilik və heyvandarlıq sahələrindən (bitkiçilik - taxılçılıq, kartof istehsalı, tərəvəz, meyvə, üzüm, yem bitkiləri, heyvandarlıq - iribuynuzlu maldarlıq, qoyunçuluq, quşçuluq, qismən donuzçuluq və arıçılıq sahələrindən) təşkil olunub.
Rayon dövlət aqrar inkişaf mərkəzinin direktoru R.Yəhyayev bildirdi ki, cari ilin məhsulu üçün 2021-ci ilin payızında 22495 hektarda payızlıq buğda, 8269 hektarda dən üçün arpa, ümumilikdə 31042 hektar payızlıq taxıl əkilib. 2022-ci ilin yazında 42 hektar noxud, 30 hektar lobya, 100 hektar dən üçün qarğıdalı, 53 hektar dən üçün vələmir, 138 hektar yemlik paxla, 242 hektar dən üçün günəbaxan, 726 hektar kartof, 745 hektar tərəvəz, 108 hektar cari ilin yoncası, 15 hektar tütün - cəmi 2200.8 hektar yazlıq bitkilər əkilmişdir.
Rayonda bu il 8269 hektar sahədə arpa, 22495 hektar sahədə isə buğda biçini başa çatdırılmış və zəmilərdən 26661 ton arpa, 83326 ton buğda məhsulu toplanmışdır. Rayon üzrə buğdanın orta məhsuldarlığı hər hektardan 37 sentner, arpanın orta məhsuldarlığı isə 32.2 sentner olmuşdur. Bundan əlavə, 53 hektar sahədən 148 ton vələmir, 100 hektardan 350 ton dən üçün qarğıdalı, 210 hektar sahədən 589 ton paxlalı dən məhsulu, 242 hektar sahədən 234 ton dən üçün günəbaxan toplanmışdır.
Növbəti ilin məhsulu üçün biçindən sonra 31700 hektardan artıq şum çıxarılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.0 % artıqdır. Oktyabr ayına qədər 7138 ton tərəvəz, 6714 ton meyvə, 2650 ton üzüm, 10542 ton faraş kartof istehsal olunmuşdur.
Son illərdə rayonda açıq sahə və qismən örtülü sahə tərəvəzçiliyi də inkişaf etdirilir. Cari ildə 745 hektar açıq sahə tərəvəzi əkilmişdir. Ümumilikdə tərəvəz sahələrindən 7138 ton tərəvəz məhsulu toplanmış, məhsuldarlıq hər hektardan 98.3 sentner olmuşdur. O cümlədən Diyallı kəndində isidilməyən parnik təsərrüfatında moruq, böyürtkən və açıq sahədə qarağat da yetişdirilir.
Rayonda ənənəvi sahə olan və əhalinin əsas gəlir mənbəyi hesab edilən meyvəçilik də inkişaf edir və dövlətin qayğısı nəticəsində kənd təsərrüfatında məhsul istehsalı ilbəil artır.
Prezident İlham Əliyevin 27 iyun 2019-cu il tarixli Fərmanı ilə Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasının yeni qaydaları təsdiq edilmiş və buna uyğun olaraq 2020-ci ildən subsidiyalar elektron kənd təsərrüfatı sistemi üzərindən verilir. Cari ilin subsidiyası üçün rayonda 5848 istehsalçının 8793 sənəd üzrə 21516 hektar əkin məlumatları bəyan olunub, 7575 sənədin düzgünlüyü yoxlanaraq təsdiq edilib. İstehsalçıların demək olar ki, hamısının ümumilikdə 6 milyon manatdan artıq subsidiya məbləğləri onlar üçün hazırlanmış fermer kartlarına köçürülüb.
M.NƏRİMANOĞLU,
"Respublika".