Məğlubiyyətini həzm edə bilməyən düşmən təxribatlara əl atır
Digər xəbərlər

Məğlubiyyətini həzm edə bilməyən düşmən təxribatlara əl atır

İkinci Qarabağ müharibəsindən sonra ən qanlı toqquşma ötən ilin 12-14 sentyabr tarixində baş verib

2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə qarşı əks-hücum əməliyyatlarına başlayan Azərbaycan cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi. İkinci Qarabağ müharibəsində 30 illik erməni işğalına son qoyuldu. Həmin ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanat isə qələbəmizin rəsmi təsdiqi, Ermənistan tərəfinin isə  məğlubiyyətinin təzahürünə çevrildi. Bütün dünya bir daha Azərbaycanın gücünə, hərbi qüdrətinə şahid oldu.

İkinci Qarabağ müharibəsinin gedişində  ölkəmiz düşmənə öz gücünü ancaq döyüş meydanında göstərdi. Amma düşmən mülki əhalini hədəf aldı, yaşayış məntəqələrini raket atəşinə tutdu. Məğlubiyyətini qəbullanmaq istəməyən haylar ərazilərimizi tərk etdiyi zaman belə evlərə od vurdu, vəhşilik nümayiş etdirdi. Ermənistan böyük güclərin ona dəstək göstərəcəyi xülyası ilə yaşayırdı.

Amma Paşinyan hakimiyyəti unudurdu ki, müharibə Azərbaycanın öz torpaqlarında baş verir və ölkəmizin suveren ərazilərinə heç kim müdaxilə etmək iqtidarında deyil. Ermənistanın müxtəlif hiyləgər yollara əl atmasına baxmayaraq, Azərbaycan döyüş meydanında düşmənin qoşunlarını darmadağın etdi. Şuşanın işğaldan azad edilməsi ilə xalqımız öz tarixi məskəninə - Qarabağa qovuşdu. Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan düşmən tapdağından azad oldu. Bu məğlubiyyətlə Ermənistan nəinki regionda, hətta beynəlxalq aləmdə də rəzil duruma düşdü. Bütün bunlara baxmayaraq, mənfur haylar yenə də öz xain niyyətlərindən əl çəkmədilər. Onlar sərhədboyu təxribatlar törətməklə münaqişəni yenidən alovlandırmağa cəhd edirlər.

Əsas diqqətlərin danışıqlara yönəldiyi bir zamanda Ermənistan sülhə maraqlı olmadığını, region üçün təhdid yaratdığını bir daha bəlli etdi. Belə ki, 2022-ci il 12 sentyabr tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi. Xain düşmənin silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarını minaladılar. Nəticədə silahlı qüvvələrimizin şəxsi heyəti arasında itkilər oldu, hərbi infrastruktura ziyan dəydi. Müdafiə Nazirliyi sentyabrın 13-də döyüşlər zamanı şəhid olan hərbi qulluqçular barədə məlumat verdi. Bildirildi ki, Silahlı Qüvvələrin ümumilikdə 50 hərbi qulluqçusu həlak olub. Müdafiə Nazirliyi növbəti günlərdə itkilər barədə məlumat verərək hərbi əməliyyatlar zamanı həyatını itirən hərbi qulluqçuların sayının 80-ə çatdığını  bəyan edib. Bundan başqa, Müdafiə Nazirliyinin həmin il sentyabrın 17-nə olan məlumatına əsasən, Azərbaycan Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusunun yaralandığı və müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunub. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Azərbaycan tərəfindən 2 dinc şəxs də yaralanmışdı. Bütün bunların qarşılığında düşmənə layiqli cavab verilib. Həmçinin Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun həmin dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. Məğlubiyyəti ilə də barışa bilməyən Ermənistan guya Azərbaycan ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə dezinformasiya yayıb.

Xatırladaq ki, 2022-ci ilin sentyabr ayı ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter almışdı. Bununla yanaşı, düşmənin Azərbaycan sərhədləri boyunca ağır texnika və iriçaplı silahlar yerləşdirməsi Ermənistanın genişmiqyaslı hərbi təxribat niyyətinin  göstəricisi idi.

Son olaraq, xüsusi vurğulamaq lazımdır ki, Ermənistanın normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, eləcə də beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi üçtərəfli Bəyanata və əldə edilmiş razılıqlar çərçivəsindəki öhdəliklərə ziddir. Bundan başqa, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Nəzrin ELDARQIZI,

“Respublika”.