Məğlubiyyətdən doymamaq sindromu
Digər xəbərlər

Məğlubiyyətdən doymamaq sindromu

Beynəlxalq təşkilatlardan istədiyi nəticəni ala bilməyən Ermənistan adəti üzrə yenidən şərti sərhəddə vəziyyəti gərginləşdirməyə çalışır. Bununla paralel olaraq Qarabağda yerləşən separatçı qurumda da müəyyən hərəkətlilik müşahidə olunur. Ermənistan bununla da yeni silahlı toqquşmaya can atır ki, yenidən beynəlxalq birliyin nəzərlərini Qarabağa yönəltsin.

Araik Arutyunyan bu günlərdə qanunsuz birləşmələrin rəhbərləri ilə görüşüb və Azərbaycanla bağlı müzakirələr aparıb. Hətta separatçı rejimin yerli əhaliyə silah paylaması və hərbi texnikalarını yaşayış məskənlərinə yaxın ərazilərdə yerləşdirməsi də məlumdur. Onların belə addım atmaqlarının məqsədi isə gün kimi aydındır. Çirkin erməni xisləti hər zaman olduğu kimi, burada da öz sözünü deyir. Erməni rəhbərləri dinc insanları münaqişəyə çəkməklə yerli əhalini göz görə-görə ölümün pəncəsinin altına atırlar ki, diplomatiyadakı uğursuzluqlarını belə vasitələrlə gücləndirə bilsinlər.

Azərbaycana qarşı iki cəbhə açmağı planlaşdıran haylar Qarabağdakı toqquşmaya ermənilərə qarşı "etnik təmizləmə", şərti sərhəddəkinə isə "Ermənistana hücum" faktı kimi beynəlxalq müstəviyə çıxara bilərlər. Bəzi məsələlərdə fikir ayrılığına düşən İrəvan və separatçı rejim bərabər hərəkət etməklə beynəlxalq müstəvidə Azərbaycana qarşı mənfi imic formalaşdırmağa çalışırlar. Bu da onların vahid mərkəzdən idarə olunmasına dəlalət edir. Belə olan halda nəzərlər yenidən Fransaya yönəlir. Çünki Cənubi Qafqazda öz maraqlarını təmin etməkdən ötrü minlərlə insanı qırğına vermək istəyən ölkələrdən biri də şübhəsiz ki, Fransadır. Elə avqustun 16-da BMT TŞ-də keçirilən Qarabağ müzakirəsinin də əsas təşkilatçılardan biri Paris rəsmiləri olub. Hər zaman anti-Azərbaycan mövqeyindən çıxış edən Fransanın türk və islam düşməni olduğu da hər kəsə bəllidir. Ona görə də bu cür yanaşma sərgiləyən ölkədən hər hansısa ədalətli yanaşma gözləmək ən azı sadəlöhvlük olardı. Fransa TŞ-nin toplantısında da yenə Azərbaycanı ittiham etdi, Laçın yolunun blokadada olmasını bildirdi və ölkəmizə qarşı hansısa qətnamənin qəbul olunması üçün cəhd göstərdi. Amma Azərbaycanın tərəfdaşları, haqq-ədaləti üstün tutan dövlətlər Fransa-Ermənistan cütlüyünü bu dəfə də başıaşağı yola saldılar. Əksinə olaraq bu iclasda Ağdam-Xankəndi yolunun intensiv olaraq işlənməsi onu dəlalət etdi ki, etnik erməniləri blokadada saxlamaq elə Ermənistanın, separatçı rejimin, erməni lobbisinin və bəzi ölkələrin marağındadır.

Ermənistanın BMT-də iclasın keçirildiyi gündə Kəlbəcərə kəşfiyyat-diversiya qrupu göndərməsi də təxribatçı planların bir hissəsi idi. Erməni diplomatlar həmin gün sərhəd bölgəsində aranı qarışdırmaqla yeni silahlı toqquşma yaradıb, iclas iştirakçılarının diqqətinə çatdıracaqdı ki, Azərbaycan sülhə maraqlı deyil. Lakin Silahlı Qüvvələrimizin çevikliyi sayəsində həmin diversantın yaxalanması onların əsl simasını və niyyətlərinin nə olduğunu bir daha ortaya qoydu.

Gözlənildiyi kimi, BMT TŞ-nin müzakirələrindən sonra Ermənistan rəhbərliyi bu uğursuzluqla barışmadı. Baş nazir Nikol Paşinyanın həmin toplantıdan bir gün sonra hökumətin iclasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsi onun bölgədə vəziyyəti daha da gərginləşdirmək niyyətindən xəbər verir. Hələ baş nazirin "mən bir daha vurğulayıram ki, yaranmış vəziyyətin ən yaxşı həlli Laçın dəhlizinin açılması və Xankəndi-Bakı dialoqunun beynəlxalq zəmanətlər altında başlanmasıdır. Ermənistan Respublikası sülh gündəliyinə sadiqliyini təsdiqləməyə davam edir və rəsmi Bakını sülhün bərqərar olmasının tarixi imkanlarını sıfırlamaq üçün addımlardan çəkinməyə çağırır", - deməsi Nikolun başına dəyən dəmir yumruğun təsirinin hələ də getmədiyini göstərir.

Musa BAĞIRLI,

"Respublika".