Macarıstanla uğurlu əməkdaşlıq mühüm inkişaf mərhələsində
Digər xəbərlər

Macarıstanla uğurlu əməkdaşlıq mühüm inkişaf mərhələsində

Avqustun 20-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Macarıstana işgüzar səfər edib. Səfər çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla ölkə başçısı arasında hər iki ölkənin və Avropanın enerji təhlükəsizliyi, bölgədəki vəziyyət, iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri barədə geniş müzakirələr aparılıb. Həmçinin keçən il 30 illiyi qeyd olunan Azərbaycan-Macarıstan münasibətləri ətrafında söhbət olub, Prezident İlham Əliyev Macarıstanın Milli günü ilə bağlı Baş nazir Viktor Orbanı təbrik edib. 

İki ölkə arasında yüksələn xətlə inkişaf edən siyasi dialoqun təməli 1992-ci il aprelin 27-də qurulub. 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər daima yüksək səviyyədə olub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Macarıstan parlamentində də Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

Bu təşkilatların içərisində Türk Dövlətləri Təşkilatını xüsusi vurğulamaq lazımdır. Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunur və təşkilata üzv ölkələrlə ikitərəfli ticarət münasibətlərini də genişləndirir. Türk dünyası ilə əməkdaşlığı genişləndirmək xətti götürən Macarıstan bu istiqamətdə önəmli addımlar atmaqdadır. Macarıstan hər il Azərbaycan da daxil olmaqla türkdilli ölkələrin tələbələrinə təqaüd də ayırır. Həmçinin Macarıstan istər beynəlxalq platformalarda, istərsə də müxtəlif formatlı görüşlərdə daim türk dünyası ilə bağlı məsələlərdə obyektiv mövqe nümayiş etdirir, Azərbaycan və Türkiyə başda olmaqla verilən qərarlarda türk dünyasının haqq səsini müdafiə edir. Artıq Macarıstan Avropada türkdilli dövlətlər üçün sadiq və etibarlı dosta çevrilib.

Azərbaycan-Macarıstan əməkdaşlığının inkişafında ölkəmizdə yaxşı tanınan MOL şirkətinin də özünəməxsus yeri var. Şirkət "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi layihəsində 9,57 faiz iştirak payına malikdir.

"MOL Group" "Azəri-Çıraq-Günəşli" blokunda payın satın alınması barədə 2020-ci ilin aprelində saziş imzalayıb. MOL, eləcə də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin 11 səhmdarından biridir və burada 8,90 faiz iştirak payına malikdir.

MOL-un kampusu Budapeştdə ən "yaşıl" ofis binalarından biridir, enerji səmərəliliyi və ekoloji məlumatlılıq ən yüksək səviyyədədir. Qeyd edək ki, binanın hündürlüyü 143 metrdir, dəniz səviyyəsindən 247 metr yüksəkdə yerləşir. Bu bina hündürlüyünə görə, Mərkəzi Avropada doqquzuncu yerdədir. Onun ümumi işçi sahəsi 12 futbol meydançasına bərabərdir və 86 min kvadratmetr təşkil edir. Burada 900 kvadratmetrlik günəş panelləri yerləşir, iş yerlərinin 86 faizi təbii işıqlandırma ilə təmin olunub.

 İndiyədək MOL və SOCAR şirkətləri arasında bir sıra sazişlərin imzalanması gələcəkdə əməkdaşlıq və tərəfdaşlığın daha da genişlənəcəyinə, bunun Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinə yeni töhfələr verəcəyinə böyük inam yaradır.

Ölkələr arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf müşahidə olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli hüquqi baza rolunu oynayır. Azərbaycanda Macarıstan investisiyalı şirkətlər əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərir.

Tacir SADIQOV,

"Respublika".