Laçınlılar gələcəyə daha inamla baxırlar
Sosial həyat

Laçınlılar gələcəyə daha inamla baxırlar

Birinci Qarabağ müharibəsi torpaq itkisi ilə bərabər, neçə-neçə insanın arzusunu, gələcəyini əlindən aldı. Nakam sevgilərini Laçında dəfn edən sevdalı ürəklər közərdi o illərdə. Yaddaşlarından silinməyəcək 1992-ci il mayın 18-i laçınlılar üçün ən ağır və faciəli tarix idi. Laçınlılar dədə-baba torpaqlarından didərgin düşərək ölkənin 58 şəhər və kəndində məcburi köçkün kimi məskunlaşmışdılar. Ötən illər ərzində doğma ocaqlarından pərən-pərən düşsələr də, bir gün belə öz ümidlərini itirməmişdilər. Onlar inanırdılar ki, gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək, müqəddəs Laçın torpağına qayıdacaqlar. Onlarda bu inamı yaradan ölkə başçısının əzmli çıxışları idi. Hələ illər öncə, 2011-ci ildə 50 illik doğum gününü laçınlıların məskunlaşdığı Ağcabədinin Taxtakörpü qəsəbəsində keçirən Prezident İlham Əliyev Laçının işğaldan azad olunacağı günün o qədər də uzaqda olmadığını bildirmişdi.

Taxtakörpü ərazisində məskunlaşan laçınlılara dövlət tərəfindən yaşayış qəsəbəsi salınıb. Ümumi sahəsi 111 hektar olan qəsəbədə inşa edilən evlərin sahəsi ümumilikdə 31 min 179 kvadratmetrdir. Hər bir evin 12 sot torpaq sahəsi var. Qəsəbədə müasir standartlara cavab verən, 360 şagird yeri olan məktəb binası, uşaq bağçası, bir klub-icma mərkəzi, qəsəbə nümayəndəliyi üçün inzibati bina inşa edilmiş, park və yaşıllıqlar salınmışdır. Qəsəbə elektrik, qaz və içməli su ilə təmin olunmuşdur. Yağış sularının axıdılması üçün drenaj tikilmiş, ümumi uzunluğu 15 kilometr olan yol salınmışdır. Amma laçınlılar bu evlərdə xoşbəxt deyildilər. Arzularının, istəklərinin bir ünvanı vardı, Laçın.

Prezident İlham Əliyev laçınlılarla görüşü zamanı böyük inam hissi ilə bunları da demişdi: "Torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda hələ ki, işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm. Biz öz ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq sözlər deyil, sadəcə olaraq bizim arzularımız deyil, bu, həqiqətdir".

Bəli, o gün yetişdi. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumlarına layiqli cavab verən Azərbaycan ordusu cəmi 44 günə işğal altında olan ərazilərimizi azadlığına qovuşdurdu. Vətən müharibəsi Vətənin bütövlüyünü, tamlığını təmin etdi. Düşmən biabırçı məğlubiyyətə uğradı. Qeyri-bərabər döyüşlərdə Azərbaycan ordusunun gücündən lərzəyə gələn düşmən sonda kapitulyasiya aktına qol çəkmək məcburiyyətində qaldı. Nəticədə, üç rayonumuz, eyni zamanda Laçın da bir güllə atılmadan təhvil verildi. Həmin gün Laçın səmasında doğan günəş bütün Azərbaycan boyu səpələnən laçınlıların həyatına işıq saldı. Kədər, qüssə unuduldu. Sevinc göz yaşları axdı illərlə həsrət odundan qarsanmış yanaqlardan. Torpaq həsrəti, yurd itkisi sakinlərin Laçına qovuşacaqları günün fərəhində öləzidi. Səbirsizliklə Laçında açılacaq səhəri gözlədilər. Böyük Qayıdış planına uyğun olaraq üzü Laçına sarı artıq bir neçə köç karvanları yola düşüb. Mənzil başına çatan laçınlılar işğaldan azad edilmiş ərazilərdə tikilən yeni, rahat evlərdə yerləşiblər. Qədim, tarixin ən dərin qatlarından gəlib bu günümüzə qovuşan Laçın 30 illik işğal dövründə dağıdılıb, talan edilsə də, yeni üslubda, daha modern şəkildə qurulur. Dövlət başçısının dediyi kimi, bu yerlər əsl cənnətə çevrilir. Yenidən qurulan və abadlaşan Laçın şəhərinə - doğma yurduna qayıdan keçmiş məcburi köçkünlər burada yaradılmış şəraitdən razıdırlar. Müasir üslubda bərpa olunmuş evlərdə və həyətlərdə hər şey onların rahatlığına xidmət edir. Düşmən tapdağından azad edilən hər qarış torpağımız gülüstana dönür. Bunu, bütün dünya da görür. Şahid olur ki, Azərbaycan dövləti öz iqtisadi potensialı, gücü sayəsində vəhşi toplumun, erməni daşnaklarının cəhənnəmə çevirdiyi xarabalıqlarda yeni dünya qurur. Bir vaxtların çal-çağırlı, toy-büsatlı Qarabağı yenə öz əzəli, əbədi görkəminə qayıdır.

İndi qarabağlıların yarımçıq qalan arzuları yenidən pərvazlanıb qanadlanır. Gənclik illərinin pünhan arzularını, uşaqlığın şirin xatirələrini, ahıllığın xeyir-duasını qoyub çıxmışdılar Laçında. Artıq o insanlar yarımçıq qalmış arzularının arxasınca gedirlər Laçına. Ancaq doğma yurduna qayıdan ahıl şəxslər də özlərini gənc kimi hiss edirlər. Müqəddəs ocağına qayıdan 98 yaşlı sakin Nərgiz Əsədova 31 illik ayrılıqdan sonra öz ürək sözlərini belə ifadə etmişdir: "98 yaşım var. Müəllim işləmişəm. Laçında olan mühit heç yerdə yoxdur. Hər şey var Laçında, bağı var, bostanı var. Burada bizim hər bir ehtiyacımız qarşılanır". Doğma yurdlarına qovuşan bu insanlar indi yeni arzularla yaşayırlar. Mərhələli şəkildə həyata keçirilən köçürülmə prosesi nəticəsində sakinlərin sayı günü-gündən artır. İllərlə bir-birini görməyən qonşular, qohumlar Laçında görüşür. Yenə neçə-neçə sevdalı ürəklər qovuşacaq. Eşqi, məhəbbəti alovlanıb Laçın səmasında pərvaz edən neçə gənc öz xoşbəxtliyini tapacaq. Yenə bulaq başını gözəllərin şaqraq gülüşləri bürüyəcək. İllərin vurduğu yaralar da zamanla qaysaq bağlayıb, öləziyəcək. Çəməndə güllər, ürəklərdə arzular çiçək açacaq. İndi o dağların dumanı da gözəldir, o dağlara sarı baxan gümanı da gözəldir. İllərlə arzusunda olduqları, güman etdikləri Laçın reallığa, gerçəkliyə çevrilir. Yeni, təzə-tər mənzərə canlanır. Bu mənzərədə insanın ruhu da yenilənib, gəncləşir. Həmin insanların arzuları, istəkləri də artıq yenidir.

Laçınlılar sabaha, gələcəyə daha inamla baxırlar. Bu inamı onlarda yaradan Azərbaycan Prezidenti İlham Əliyevdir. Bəli, laçınlılar öz liderlərinə inandıqları kimi, Qarabağın gözəl gələcəyinə də inanırlar. Çünki bu istiqamətdə işlər artıq başlayıb. Bölgə yenidən daha möhtəşəm formada inşa edilir. Eyni zamanda da, Laçında. Evlərlə bərabər, şəhərdə digər infrastruktur işləri də yüksək səviyyədə yerinə yetirilir. Şəhərin işıqlandırma sistemi, su-kanalizasiya xətləri yenidən bərpa olunur. Milli memarlıq üslubu qorunmaqla tikilən binalar müasir standartlara uyğun tikilir. Əhalinin sosial durumunun yaxşılaşdırılmasına dair Dövlət Proqramına dəstək olaraq yeni iş yerlərinin yaradılması məqsədilə istehsal müəssisələrinin tikintisi, o cümlədən əhalinin məşğulluğu üçün müxtəlif müəssisələrin açılması işləri də davam edir. Cəmi 7-8 ay ərzində Laçın şəhərinin böyük bir hissəsi yenidən tikilib qurulub. İlin sonuna kimi 4 mindən artıq insanın yerləşdirilməsi nəzərdə tutulur. İlkin 764 ailənin yaşaması üçün yüksək səviyyədə şərait yaradılıb. Belə ki, burada bir neçə ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış evləri, 9-u çoxmənzilli binalardır. Laçın sakinlərini növbəti köç karvanı ilə Vətən torpaqlarında səbirsizliklə gözləyir.

Ramidə YAQUBQIZI,

"Respublika".