Ən böyük qələbə, uğur insanın doğma torpağına qovuşması, ona sahib çıxmasıdır. Şükürlər olsun ki, 2020-ci ilin payızında işğal altında olan ərazilərimizi azad edib, torpaqlarımıza qovuşmuşuq. Böyük Qayıdış Proqramı çərçivəsində mərhələli şəkildə kəndlərimiz, şəhərlərimiz yenidən qurulur, abadlaşır. Torpağın üzü gülür desək, heç də yanılmarıq. İndi Qarabağda günəş daha parlaq çıxır, dağlar daha əzəmətli görünür, çiçəklər daha gözəl açır. Çaylarımız daha çoşqun, şaqraq axır. Bulaq sularının zümzüməsində bir rahatlıq, sakitlik var. Çünki bu yerlər azaddır. İnsan əlinin sığalı, nəvazişi rövnəqləndirir bu torpağı. İndi yurd yerlərimiz öz sahiblərini səbirsizliklə gözləyir. Artıq torpağına, yurduna qovuşanlar da az deyil, getdikcə sayları daha da çoxalır. İndi təkcə Ağalıda deyil, Talışda, Laçında da sakinlər doğma yurdlarına qovuşublar.
Bir zamanlar məcburi şəkildə köçkün düşdükləri doğma obalarına böyük fərəh hissi ilə dönürlər. İlkin mərhələdə ərazilər minalardan təmizlənir. Bütün infrastruktur daxil olmaqla yaşayış məskənləri yenidən tikilib bərpa olunur. Yaşayış binaları, fərdi evlərlə yanaşı, lazımi iaşə obyektləri də tikilib istifadəyə verilir.
Bu günlərdə Laçın şəhərinə sakinlərin köçürülməsi prosesinin ilkin mərhələsi həyata keçirildi. May ayının 28-də bayram bayrama qarışdı. Laçın şəhərinə köç karvanı yola düşdü. Qaradağ rayonunda məskunlaşmış "Qobu park 3" yaşayış kompleksindən 20 məcburi köçkün ailəsi doğma yurdlarına qovuşdu. 97 nəfərdən ibarət yerli sakinin uzun illər çəkdiyi yurd həsrətinə son qoyuldu. Laçına qayıdan sakinləri doğma yurdda məhz ölkə başçısı özü qarşıladı.
Evlərin açarlarını laçınlılara təqdim edən İlham Əliyev çıxışı zamanı bildirdi ki, 20 ailə artıq Laçındadır. İyun ayının sonuna kimi isə əlavə bir çox ailələr gələcək. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli binadır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.
Onu da qeyd edək ki, işğaldan öncə Laçın şəhərində 2020 fərdi, 28 ümumi yaşayış evi olub. İşğal dövründə isə evlərin 1500-dən çoxu ermənilər tərəfindən dağıdılıb, qalanları isə yararsız hala salınıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra hər bir kəndin, şəhərin yenidən tikilib-qurulması üçün ciddi işlərə başlandı. İndi demək olar ki, Qarabağın hər yerində tikinti-quruculuq işləri aparılır. Laçında da yaşayış binaları ilə yanaşı, bütün infrastruktur yenidən qurulur. İnsanların rahat yaşayışı üçün bütün lazımi şərait yaradılır. Şəhərin ərazisində yeraltı kommunikasiya qovşaqlarının, magistral xətlərin salınması işləri artıq yekunlaşıb. Mərkəzdəki bərpaya yararlı evlər təmir olunub. Şəhərin görünüşü daha gözəl, müasir və modern üslubda qurulub. Şəhərin içməli su ilə təchiz olunması üçün 9 ədəd su anbarı, 3 ədəd yağış sularının toplanması anbarı, 1 ədəd isə təmizləyici qurğunun tikintisi aparılır.
Eyni zamanda, gələcəkdə şəhərdə 30-dan çox ictimai bina olacaq. 2 və 4 mərtəbədən ibarət 8 yaşayış binasının kommunal infrastrukturu artıq hazırdır. Maraqlı məqamlardan biri də odur ki, Laçın şəhərində indiyə kimi məscid olmayıb. Elə bu səbəbdən də, yaxın zamanlarda Laçında Heydər Əliyev Fondunun dəstəyi ilə məscid inşa ediləcək. Dövlət Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin şəhərə köçürülməsi və məskunlaşdırılması ilə yanaşı, həm də onların müvafiq işlərlə təmin edilməsini də nəzərdə tutur. Sakinlərin işlə təmin edilməsi üçün şəhərdə idman sağlamlıq kompleksləri, uşaq bağçaları, məktəblər, xəstəxanalar və digər inzibati binaların tikintisi həyata keçirilir. Dövlət tərəfindən laçınlıların işlə təmin olunması üçün iri və xırda müəssisələrin, aqroparkın açılması nəzərdə tutulur. Məktəb binası yeni tədris ilində öz qapılarını şagirdlərin üzünə açacaq. Aqro və Sənaye Parkı yaradılmaqdadır. Burada 1100-dən çox sakin işlə təmin ediləcək.
Verilən məlumata görə, artıq Laçına qayıdacaq 200 nəfərdən çox sakin işlə təmin olunub. Laçın şəhərinin füsunkar təbiəti ərazinin turizm potensialının zənginliyindən xəbər verir. Gələcəkdə bu yöndə də mühüm addımlar atılacaq. Bütün bunları nəzərə alan dövlətimiz bölgənin turizm məkanı kimi rahatlığını təmin etmək məqsədilə 2025-ci ilin sonunda Laçın Beynəlxalq Hava Limanını istifadəyə verəcək. Şəhər Həkəri çayının kənarında yerləşdiyi üçün balıqçılığın inkişafı vacib məsələlərdən biridir. Gələcəkdə ərazidə balıqçılıq təsərrüfatının yaradılması ilə sakinlərin bir qismi işlə təmin olunacaq.
Yaxın gələcəkdə Laçın şəhəri ilə bərabər, Zabux və Sus kəndlərinə də köçürülmə prosesi həyata keçiriləcək.
Ramidə YAQUBQIZI,
"Respublika".