Bir vaxtlar üzü paytaxta sarı qəm-qüssə içində, ümidsiz şəkildə gələn ellər, indi doğma yurda, elə-obaya sevinc göz yaşları içində qayıdır. İnamla, ümidlə. Artıq 30 illik işğal dövrü arxada qalıb. 2020-ci il 27 sentyabr tarixindən başlayan Vətən müharibəsi cəmi 44 günə qəlbimizdə köz bağlayan yurd itkisinə son qoydu. İndi işğaldan azad olunmuş bütün yurd yerlərimizdə yeni həyatın təməli qoyulur. Daha vaxtilə qaçqın, məcburi köçkün deyilən status da yoxdur. Hamı bir-birini öz ünvanı, kəndi-kəsəyi ilə çağırır. Köhnə məhlələrin yeni siması yaranır. Qədim yurd yerlərimiz müasir görkəmə salınır. Hər yanda tikinti-quruculuq işləri aparılır. Dövlət tərəfindən "Böyük Qayıdış" planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması istiqamətində bütün imkanlar səfərbər edilir.
Azad olunmuş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, bütün infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana və digər iaşə obyektlərinin tikintisi sürətlə davam edir. Qarabağ bölgəsi bu gün nəhəng tikinti poliqonuna bənzəyir. Qələbədən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, dövlətimiz bu ərazilərdə ağla gəlməyəcək dərəcədə böyük layihələr həyata keçirir. Artıq Qarabağ öz səmasını beynəlxalq aləmə açıb. Belə ki, Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanında isə işlər sürətlə davam edir. Artıq öz doğma ünvanlarına köçən keçmiş məcburi köçkünlərimiz də var. Böyük köç karvanının ilki Zəngilanın Ağalı kəndi oldu. Ötən ilin yay aylarından başlayaraq Ağalıya köçə start verildi. Mərhələli şəkildə sakinlər öz kəndlərində azad, abad, bütün lazımi şəraitlə təmin olunmuş evlərinə qayıtdılar. İndi Ağalı kəndi qarabağlıların ümid yerinə çevrilib. Çünki bu məkandan başlayan köç ətraf kəndləri, rayonları da işıqlandırdı. Ağalıdan sonra, Tərtərin Talış kəndinin camaatı da bu il Novruz bayramı ərəfəsində öz yurd-yuvasına döndü. Əziz bayramlarını ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə qeyd etdilər. 30 ildən sonra Talış kəndinin Novruz tonqalını Prezidentimiz özü yandırdı. Bu, həm də o yerlərin, torpaqların işğaldan azad olunduqdan sonra xeyir-duası idi. Dövlət başçısının Novruz tonqalını alovlandırması Qarabağ bölgəsinə gözəl bir mesaj idi. Qoy, bundan sonra odumuz-ocağımız gur yansın. Yurdumuz, yuvamız işıqlı, isti olsun. Hər evdə, hər eldə, bütün Qarabağda ocaqlarımız yansın. Axı, biz odlar yurdu Azərbaycanımızda odu müqəddəs bilirik. Odumuza-ocağımıza sadiq oluruq.
Bu istiqamətdə növbəti dönüş ünvanımız Laçındır. Laçın Azərbaycanın ən strateji və əhəmiyyətli bölgələrindəndir. Düşmənlə üz-üzə dayanaraq əzəmətli dağların köksündə yurd salıb. Çox şükürlər ki, Laçın rayonu da erməni işğalından azad edildi. Düşmən tapdağından qurtuldu. Artıq rayon özünün yeni, daha modern üslubuna qovuşur. Hər tərəfdə tikinti-quruculuq işləri gedir. Bütün lazımi infrastrukturlar qurulur. Laçının əzəmətinə, əhəmiyyətinə daha bir mühümlük qatılır. Laçın Beynəlxalq Hava Limanı tikilir. İstirahət zonaları, turistik bazalar inşa edilir. Laçın sakinlərinin yurda dönüşü istiqamətində mühüm addımlar atılır. Əhali siyahıya alınır və dönüş ərəfəsində sakinlər tibbi komissiyadan da keçirilirlər. Hələ ötən ilin yayında Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal kəndinə səfər edərkən Laçına qayıdışla bağlı demişdir: "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq "Qaçqınkom"a göstəriş verdim. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq". Bu gün isə artıq bu işlər reallığa qovuşmaq üzrədir.
Əgər Laçın işğal ediləndə rayon