İnsanın həyatında elə günlər var ki, onlar özəldir, toxunulmazdır. Özünə, yaxın ətrafına aiddir. Belə özəl, əziz günlərdən biri onun doğum günü, dünyaya gəldiyi gündür. Həyat bir kitabdır, taleyin, ömrün yazılan kitabı. Hər səhifəsi ayrıca dünya, fərqli günlərlə, aylarla zəngin. Vərəqlədikcə kim olduğun, arxada qoyub gəldiyin illərin xatırlanır. Bu kitabın müəllifi özünsən. Əlindəki qələmlə ömrünü necə yazırsansa, o sənsən.
Gəldiyin yol, göstərdiyin fəaliyyət sənin kimliyini təsdiq edir. Gərək elə yaşayasan ki, illərin o üzündən boylanıb baxanda, gələcək xoş günlərin davamını görə biləsən. Xoşniyyətli əməlləri ilə millətin sevgisini qazanan, anaların sevimlisinə çevrilən Mehriban Əliyevanın ömür kitabına yazılanlar isə həm təkrarsız, həm də bənzərsizdir. Taleyini bir ailənin deyil, bir millətin gələcəyinə həsr edən birinci xanım xidmətləri ilə xalqın ürəyində xoşniyyət, xoş əməl sahibi kimi məhəbbət qazanıb. Mehriban xanım ən əziz, xoş günlərində də xalqın, millətin içində olur. İnsanların problem və çətinliklərinin həlli ona güc, ilham verir. Yaşından asılı olmayaraq, hər bir vətəndaşla səmimi, mehriban davranır Mehriban xanım. Uşaqlara qarşı həssas, ahıllara qarşı hörmətlə yanaşır. İşğaldan azad olunmuş ərazilərə səfərləri zamanı yurduna-yuvasına qayıdan sakinlərlə bərabər sevinir, fərəh, qürur hissi keçirir. Prezident İlham Əliyev ilə Birinci xanım vaxtaşırı Qarabağa, işğaldan azad edilmiş digər ərazilərə baş çəkir, bərpa-quruculuq işləri ilə yaxından tanış olurlar.
Mehriban xanım hətta bu il özünün doğum gününü belə işğaldan azad edilən ərazilərdə, o ərazilərə yenicə köçmüş insanlarla keçirdi. Uşaqlarla birlikdə, bayram şənliyinə qatıldı, vətəndaşlarla səmimi söhbətlər etdi. Artıq bu, bir ənənə halını alıb. Prezident, Birinci vitse-prezident öz ad günlərini düşməndən azad edilən Qarabağ torpaqlarında, Azərbaycan üçün əhəmiyyətli, taleyüklü tədbirlərdə keçirirlər.
Hələ illər öncə Prezident özünün 50 illiyini Ağcabədi rayonu ərazisində, Taxtakörpü qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə keçirmişdi. Prezident o görüşdə demişdi ki, tezliklə bütün məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaq. Cəmi 10 ildən sonra arzular reallaşdı, ümidlər doğruldu. Torpaqlarımız işğaldan azad ediləndən sonra isə, 2021-ci ildə Prezident İlham Əliyev növbəti doğum gününü Şuşada ailə üzvləri ilə birlikdə qeyd etdi. Azad Şuşadan başlayan azadlıq təntənəsi Laçında davam etdirildi. İndi laçınlılar öz ocaqlarında, Prezident və birinci xanım da onlarla bərabər xoş günlərini qeyd etdilər. Bu, bir ənənə, xalqa, millətə sadiqlikdir. Vətən müharibəsində əldə edilən şanlı zəfərdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı onunla birgə olan birinci xanım Mehriban Əliyeva özünəməxsus səmimiyyətlə xalqın rəğbətini qazanmışdır. Mehriban xanım həm də aktiv şəkildə ictimai diqqəti erməni vandalizminin ağır fəsadlarına yönəldərək işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihə və tədbirlər barədə ictimaiyyətə mesajlar, məlumatlar vermişdir. Ölkə başçısının həyata keçirdiyi irimiqyaslı yenidənqurma, bərpa tikinti layihələrinə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox böyük dəstək verir. Fondun xətti ilə işğaldan azad edilən torpaqlarımızdakı tarixi-dini və mədəni abidələrin bərpası prosesi həyata keçirilməkdədir. Xüsusən Şuşada, Ağdamda reallaşdırılan bərpa işlərində Heydər Əliyev Fondunun fəaliyyəti misilsizdir və bütün bunlar, ilk növbədə Mehriban Əliyevanın vətənpərvərliyinin təcəssümüdür.
Artıq 26 avqust tarixi ölkəmizin ictimai-siyasi həyatında iki əlamətdar gün kimi qeyd edilir. Həm ölkəmizin birinci xanımı Mehriban Əliyevanın doğum günü, həm də 30 illik yurd həsrətindən sonra doğma Laçına qayıdan keçmiş məcburi köçkünlərin azadlığının təntənəsi günü. Bu əlamətdar günün ilk sevincini yaşayan isə laçınlılar oldu. Artıq keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına böyük qayıdışına start verilib. Demək olar, hər həftə böyük köç karvanları üzü Qarabağ və Şərqi Zəngəzura doğru irəliləyir. Dövlət başçısı İlham Əliyevin Böyük Qayıdış Konsepsiyası uğurla icra olunur. Mehriban xanım Əliyeva da bu tarixi missiyada sadiq silahdaş kimi Prezidentimizə böyük dayaqdır. Həmin gün Laçında başqa hava vardı, günəş insanların üzünə gülür, sanki xoş gəlmisiniz deyirdi. Laçının çal-çağırlı günü idi. Əlbəttə ki, birinci xanım olaraq Mehriban xanıma da bu mənzərəni seyr etmək olduqca doğma, əziz idi. Çünki bu günün bünövrəsi gərgin əmək və zəhmətin nəticəsində yaranmışdır. Elə ona görə də Mehriban Əliyevanın öz doğum gününü Laçının Laçın görkəmində qeyd etməsi daha məntiqli idi.
Həmin gün uşaqların sevinci bir başqa idi. Təbiət qoynunda, dörd bir tərəfdən əzəmətli dağlarla əhatələnmiş Laçın körpə fidanların gülüşündə daha şux görünürdü. Elə dövlət də bütün bunları nəzərə alaraq şəhərin mənzərəli terrasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" studiyasının iştirakı ilə müxtəlif tamaşalar təşkil etmişdi. Burada, eyni zamanda, xalq tətbiqi sənəti üzrə ustad dərsləri, şəbəkə, həsir sənəti, dulusçuluq, misgərlik, xalçaçılıq, tikmə, papaqçılıq və digər sənət növlərinin də daxil olduğu incəsənət sərgisi və "Laçın mənzərələri" adlı rəsm sərgisi də nümayiş edilirdi.
R.MƏHƏRLƏMOVA,
"Respublika".