Laçın fasiləsiz olaraq su ilə təmin edilir, enerji sistemi yenidən qurulur
Region

Laçın fasiləsiz olaraq su ilə təmin edilir, enerji sistemi yenidən qurulur

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının tarixinin və taleyinin yeni mərhələsi başlayıb, dağlar diyarında ən mühüm infrastruktur layihələr icra olunur, laçınlıların doğma yurda təhlükəsiz qayıdışı üçün dövlət tərəfindən hər cür şərait yaradılır, artıq onlarla ailə öz yeni və müasir evlərinə köçüb.

Laçın dünyanın ən modern şəhərinə çevrilir, çox keçməyəcək ki, bu şəhər turizm məkanı kimi tanınacaq. Dəmir yumruğun və güclü siyasi iradənin nəticəsində Laçın düyünü çözüldü, onu yağmalamaq istəyənlərin xəbis niyyəti boşa çıxdı. Otuz ilə yaxın boş və mənasız danışıqlarla baş qatan, erməni işğalını dondurmağa çalışan, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşmasına göz yuman həmsədr dövlətlərin ikili siyasətinə son qoyan Azərbaycan beynəlxalq qanunları və tarixi ədaləti öz gücünə bərpa etdi. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən Laçın, Kəlbəcər və Ağdam rayonları işğalçılardan təmizləndi. Lakin ermənilər hər üç rayonun ərazisini başdan-başa minalarla çirkləndirərək azərbaycanlıların doğma yurd yerlərinə qayıdışına əngəl olmağa cəhd etdilər. Paxıl, xəbis, faşist təfəkkürlü ermənilərin bəd əməlləri qəhrəman minaaxtaranlarımız tərəfindən aradan qaldırılır, on minlərlə ölüm tələsi zərərsizləşdirilir. Ardınca isə azad olunmuş torpaqlarımızda, o cümlədən Laçın rayonunda geniş tikinti abadlıq işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur.

Su Ehtiyatları Agentliyinin işğaldan azad olunmuş ərazilər üzrə xidmət rəisi Oktay Həziyev bildirib ki, Laçının içməli su təminatının yaxşılaşdırılması üçün hazırda iki istiqamətdə şəhərə su xətti çəkilir. Su xətləri Sarıbaba dağı və Xırmanlar ərazisindəki təbii su mənbələrindən çəkilib və hazırda öz axını ilə birbaşa şəhərə qədər gəlir. Xırmanlardan götürülən su xətti 6 km-lik məsafədən 160 diametrlik, Sarıbaba dağından götürülən su isə 13 km-lik məsafədən 110 diametrlik boru ilə çəkilib. Qeyd edək ki, Laçın rayonunun ərazisində su ehtiyatı çoxdur və bu sahədə hər hansı problemin yaranması gözlənilmir. Şəhərin suya olan tələbatının təkcə dağlardan gələn xətlərdən deyil, həmçinin əlavə artezian quyuları vasitəsilə də ödənilməsi nəzərdə tutulub. Bu məqsədlə Həkəri çayı üzərində 6 artezian quyusu qazılıb, nasos stansiyaları inşa edilib. Şəhər dağlıq relyefdə yerləşdiyindən suyun anbarlara vurulması üçün nasoslar quraşdırılıb. Bundan başqa, şəhərin mərkəzində 9 su anbarı inşa olunub. Həmçinin anbarlara suyun vurulması üçün 426 diametrlik boru ilə yeni magistral su xəttinin çəkilməsi işləri davam edir. Bundan əlavə, köhnə metal borular yenilərilə əvəz edilib və hazırda şəhər 24 saat su ilə təmin olunur. Layihəyə uyğun olaraq şəhərdə su-kanalizasiya sistemi tamamilə yenidən qurulub. Laçın şəhərinə köçürülən keçmiş məcburi köçkünlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlər ardıcıllıqla yerinə yetirilir. Belə ki, şəhərdəki bütün evlərə, dövlət əhəmiyyətli obyektlərə yeraltı 0,4 kv-luq xətlər çəkilib. Həmçinin Laçın rayonu ərazisində mövcud olan bütün 35 və 0,4 kv-luq xətlər də yeraltı xətlərlə əvəz olunur.

Ümumiyyətlə, rayon mərkəzi ilə yanaşı, ən ucqar kəndlərdə də elektrik şəbəkəsi tamamilə yenilənir. Hazırda Minkənd, "6-cı rayon" adlanan ərazi və Ağbulaq istiqamətində 40 km uzunluğunda yeni elektrik xəttinin çəkilişi davam etdirilir. Şəlvə dərəsi və Kilsəlidağ istiqamətində isə xətlər çəkilib. 110/35/10 kv-luq Laçın yarımstansiyasından 35 kv-luq yeraltı dairəvi xətt çəkilir ki, bunun sayəsində rayonun istənilən ərazisinə elektrik enerjisi vermək mümkün olacaq. Həmçinin Laçınla Kəlbəcər rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi təchizat sxeminin yaradılması üçün işlər davam etdirilir. Bir sözlə, Böyük Qayıdışa dair Dövlət Proqramı Laçında uğurla icra olunur, gələcək naminə quruculuq işləri sürətlə və keyfiyyətlə həyata keçirilir.

Salman ALIOĞLU,

"Respublika".