Kirli keçmişin köhnə
Siyasət

Kirli keçmişin köhnə "oyunçu"ları

Adı rüşvət qalmaqallarında hallanan, təhdid və təzyiq dilində danışmağa adət edən Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli, riyakar münasibəti qurumun bir neçə dövlətin əlində rupor olduğunu açıq şəkildə göstərir.

Əslində, Azərbaycan xalqı Avropaya hələ XIX əsrdən bələddir. Ermənistanın Azərbaycana qarşı 30 illik işğalına göz yuman, bir çox hallarda işğalçını müdafiə edən, xristian təəssübkeşliyi ilə təcavüzkara maddi və mənəvi yardım göstərən bəzi Avropa dövlətləri məkrli erməni xəyallarının - Azərbaycanın ən qədim torpaqlarında ikinci "erməni dövləti"nin qurulmasına göstərdikləri bəzən gizli, bəzən aşkar köməyin puç olduğunu görəndən sonra daha da aqressivləşiblər.

Azərbaycanın Ermənistanı məğlub edərək işğalçılara yaşatdığı ağır itkiləri, torpaqlarımızın əsarətdən azad edilməsini sindirə bilməyən bəzi Avropa dövlətləri, xüsusilə Fransa, Almaniya və digər yandaşları ilə birlikdə ölkəmizə qarşı haqsız mövqeyi, havada uçuşan qərəzli və naftalin qoxusu verən fikirləri, hədə və təzyiq dilində danışmaları onların imperialist, hegemonluq mahiyyətindən xəbər verir. Riyakarlığın dərəcəsinə baxın ki, 30 il ölkəmizə və xalqımıza qarşı törədilmiş erməni işğalını görməzdən gələn AŞPA indi Azərbaycanı ermənilərə qarşı etnik təmizləmədə suçlamaq istəyir. Bunun çox sadə bir adı var: ikiüzlülük!

Azərbaycan AŞPA-ya üzv olanda torpaqlarımız Ermənistanın işğalı altında idi və ölkəmiz bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşmişdi. Lakin bu təşkilat erməni işğalını görmək istəmədi, hətta bəzən təcavüzkarı işğala daha da həvəsləndirdi. Cəzasızlığı görən Ermənistan isə daha azğınlaşır və Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi. Lakin AŞPA Ermənistana heç bir təzyiq göstərmədi və onlardan beynəlxalq hüquqa hörmət qoymalarını tələb etmədi. Elə ki, Azərbaycan peşəkar ordusu və xalqımızın dəstəyi ilə öz torpaqlarını azad etdi, bu zaman bəzi Avropa dövlətləri ölkəmizə qarşı qərəzli münasibət göstərməyə başladılar. Azərbaycan əleyhinə lazımsız kağız parçası olan bir neçə qətnamə qəbul edən qərbli parlamentarilər əslində bəzi dövlətlərin əllərində oyuncaq olduqlarını nümayiş etdirirlər. Hiddət, qərəz, ayrı-seçkilik və digər lüzumsuz hərəkətlərin yuvasına çevrilən AŞPA-nın haqsız mövqeyinə seyirçi qala bilməyən Azərbaycan nümayəndə heyəti onunla əməkdaşlığı və təşkilatda iştirakını dayandırmaq qərarına gəldi. Bir çox siyasi şərhçilər hesab edirlər ki, bu təşkilat fəaliyyətini demokratiya, insan haqları və qanunun aliliyi prinsipləri üzərində qurmalı olduğu halda, özünün təməl prinsiplərinin icrasında acizliyini nümayiş etdirir. Belə ki, verdiyi qərarlarla AŞPA özünün təməl prinsiplərini müdafiə edən təşkilat yox, bir-iki dövlətin sifarişlərinin icraçısı olduğunu sübuta yetirir. Bu baxımdan, Fransanın sifarişi ilə hazırlanan və qəbul olunan Azərbaycanla bağlı qərara səs verən avropalı parlamentarilər reallıqdan uzaq, ədalətsiz və riyakar olduqlarını göstərdilər.

Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı dayandırması ölkəmizdə birmənalı və həm də razılıqla qarşılandı. Çünki suveren dövlətimizlə diktə dilində danışan, absurd və qərəzli ittihamlar səsləndirən, ölkəmizin bu qurumdakı nümayəndə heyətinin fəaliyyətini məhdudlaşdıran AŞPA əslində insan haqları və demokratiyaya aid bər-bəzəkli və saxta ifadələr altında yenidən barbar ermənilərin müdafiəsinə qalxıb. Azərbaycan cəmiyyəti yaxşı bilir ki, AŞPA yarandığı gündən indiyədək heç bir münaqişəni nəinki həll etməyib, əksinə daha da qızışdırıb. AŞPA-nın qərəzli mövqeyinə münasibət bildirən polşalı ekspert açıqlamasında təqaüdçü siyasilər yığnağından ibarət qurumun iç üzünü ifşa edib və onların Avropa üçün təhlükəsi barədə xəbərdarlıq edib.

Bu təşkilatın Fransanın əlində oyuncağa çevrildiyi kənardan daha aydın görünür. Fransa imperiya xislətinə, işğalçılıq siyasətinə, başqa xalqlara qarşı irqi ayrı-seçkiliyə, insan hüquqlarını tapdalamağa görə mənşəcə ermənilərlə bir-birinə daha yaxın və mahiyyətcə daha çox bağlıdırlar. Dünya tarixinin silinməz səhifələrinə Fransa öz adını müstəmləkəçi, işğalçı, ərəblərə qarşı soyqırımı törədən dövlət kimi yazıb. Bu ölkə öz keçmişini unudaraq indi haqdan, ədalətdən, demokratiyadan, insan haqlarından dəm vurur, imperiya xislətindən əl çəkmək istəmir. Afrika ölkələrinin böyük əksəriyyətini işğal altında saxlayan Fransa həmin ərazilərdə hərbi bazalar yerləşdirib və rəsmi Parisin müstəmləkəçilik siyasətinə qarşı etirazlara biganə qalır. Fransa Yeni Kaledoniya xalqının və dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etmir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Bu ölkə Azərbaycana qarşı düşmən mövqeyini hər addımda büruzə verir. Bütün uğurlara və gələcək naminə aparılan quruculuq işlərinə, keçmiş məcburi köçkünlərə göstərilən qayğıya kölgə salmağa, suyu bulandırmağa cəhd edir, gözü götürməyənlər, qaranlıq fikirlilər dinc dayanmırlar, hərzə-hədyan danışır, ağa qara deyirlər, öz çirkin xislətlərindən əl çəkmək istəmirlər. Keçmişin kirli səhifəsini unudurlar. Hələ XIX əsrdə Avropanı nəzarət altına almaq xəyalı quran Fransa imperatoru ordusunu Rusiyanı işğal etməyə göndərdi. Napoleonun başçılıq etdiyi ordu rüsvayçı şəkildə məğlub oldu. Fransız əsgər və zabitlərinə Rusiyanın qarlı çölləri məzara çevrildi.

Və yaxud çavuş Adolf Hitler Avstriyada çəkib satdığı rəsmlərlə rəssam olmaq istəyirdi. Bacarmadı və alman ordusunda xidmətə başladı. Faşist partiyası yaratdı və güclənən kimi dünyanı təhdid etməyə başladı. Əvvəlcə Çexoslavakiyanı, Polşanı, Fransanı və digər Avropa ölkələrini işğal etdi. Sonra dünya xəritəsində ən böyük ölkə olan sovetlər birliyinə hücuma keçdi və elan etdi ki, Moskva şəhərində qələbə paradını qəbul edəcək. Kommunist və kapitalist rəqibləri Hitlerə qarşı ittifaq qurdular və dünyaya hökmranlıq etmək istəyən Almaniya ağır məğlubiyyətə uğradı, milyonlarla vətəndaşını itirdi, iki yerə parçalandı. Təəssüf ki, öz kirli və məğlub keçmişini unudaraq almaniyalı deputat Frank Şvabe kürsüdən istifadə edərək sülhün, inkişafın, tolerantlığın, əməkdaşlığın beşiyi olan Azərbaycana qarşı qərəzli və sifarişli yanaşma göstərir, işğalçı ölkənin tərəfini tutur. Bu gün dünyanın ucsuz-bucaqsız bölgələrində havada raketlər uçuşur, qan su yerinə axır, küçələr cəsədlərlə dolur, evlər yıxılır, binaların tozu göyə sovrulur. Bu faciələrdən söz aça bilməyən Avropa Şurasının bir çox deputatı dinc Azərbaycanı hədəfə alır. Görünən odur ki, həmin deputatların əlləri erməni lobbiçilərinin cibindədir, əlbəttə, pulu verən sifarişi də verir. Halbuki, zəngin demokratiyası ilə iftixar edən və qürur duyan Avropa qitəsi əslində populizm yüksəlişiylə təhlükəli bir vəziyyətlə qarşı-qarşıyadır. Həmin avropalı populistlər istər küçələrdə, istərsə də parlamentdə onlara qarşı fərqli düşünənlərə qarşı çox qəzəblidirlər. Bir çox Avropa ölkəsində keçirilən parlament seçkilərinə baxanda qoca qitənin işləklərinə təəccüb etməli oluruq. Demokratiya pərdəsi ilə bəzədilmiş bağçada fərqli fikirlərə üsyan edildiyini, necə deyərlər, qara yellərin əsdiyini hər kəs görür, duyur.

Salman ALIOĞLU,

"Respublika".