Kənd təsərrüfatının inkişafına diqqət artır
İQTİSADİYYAT

Kənd təsərrüfatının inkişafına diqqət artır

Kənd təsərrüfatı sahəsi hər bir ölkənin iqtisadiyyatı, əhalisinin məişəti və təbii resursların inkişafı baxımından vacib sektordur. Onun ölkə üçün önəmi bir neçə aspektdə dəyərləndirilir. Kənd təsərrüfatı, ölkə əhalisinin istehlak etdiyi qida məhsullarının əksəriyyətini təmin edir. Həmçinin bu, ölkənin qida təhlükəsizliyini və əhalisinin sağlam qidalanmasına yardım göstərir. Bununla yanaşı, kənd təsərrüfatı ölkənin iqtisadiyyatında önəmli bir istehsal sektoru olaraq xidmət edir. Eyni zamanda kənd əhalisinə iş və gəlir imkanları yaradır, ölkənin gəlir mənbələrini şaxələndirir. Burada istehsal olunan məhsulların bir hissəsi ölkədən kənara ixrac edilə bilər. Əlbəttə, bu da ölkənin cari maliyyə hesabının artırılmasına və valyuta ehtiyatlarının möhkəmləndirilməsinə kömək edir. Təbii sərvətlərlə yanaşı, ölkədə istehsal olan məhsulların xaricə ixracı onun büdcəsini gücləndirir. Ötən il ölkəmizdən xarici bazarlara 886,1 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub. Bu da ixracın həcminin əvvəlki illə müqayisədə 1 faiz artması deməkdir. Kənd təsərrüfatı ölkənin təbii resurslarının - torpaq, su və enerji resursları - effektiv idarə olunmasında mühüm rol oynayır. Bu, ekoloji tarazlığın qorunmasına və təbii resursların davamlı inkişafına kömək edir.

İstehsal olunan məhsullar həm xam, həm də işlənmiş formada istifadə olunur. Şəki ərazisində xüsusilə barama qurdlarından əldə olunan ipək saplar, kəlağayılar, Cənub bölgəmizdəki pambığın özü və ondan istehsal olunan geyimlər, həmçinin bol üzüm çeşidləri ilə əldə edilən şərablar və sair əvəzsiz sərvət kimi qəbul edilir.

Kənd təsərrüfatının inkişafı, kəndlərin sosial və infrastruktur baxımından tərəqqisinə təkan verir. Bu sektordakı gəlir imkanları artırıldıqca, kənd əhalisinin məişəti də yaxşılaşır. Bununla da şəhər və kənd iqtisadiyyatı arasında fərq aradan qalxır, şəhərdən asılılıq azalır.

Həmçinin kənd təsərrüfatı iqlim dəyişikliyi ilə mübarizəyə də dəstəkdir. Ağacların əkilməsi ölkənin karbon tutumunu, atmosferdəki zərərli qazların miqdarını azaldaraq iqlim dəyişikliyinə təsirinin minimuma endirilməsinə, həmçinin bioloji müxtəlifliyin qorunmasına və təbii ekosistemlərin bərpasına kömək edir.

Ölkəmizdə kənd təsərrüfatı sektoruna böyük qayğı və diqqət göstərilir. Ölkə başçımızın 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı İli" elan edilməsi ilə bağlı verdiyi Sərəncam bunun əyani sübutudur. Bunun nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün möhkəm zəmin yaradılıb. Sərəncamın əsas məqsədi kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi, bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsi və ən əsası da əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması olub. Həmçinin həmin il fermerlərə bir sıra güzəştlər müəyyən edilib. Buna əsasən, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azad edilib, güzəştli şərtlərlə kredit, toxum, "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan texnika, damazlıq mal-qara almaq imkanları ilə təmin olunub. Bununla yanaşı, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyaları verilib.

2019-cu ildə Prezident İlham Əliyev tərəfindən "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə qəbul edilib. Əsasnamə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin (EKTİS), habelə onun altsistemlərinin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. EKTİS-in əsas fəaliyyəti aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün nəzərdə tutulub. Əsasnamənin 1.9. nömrəli bəndinə əsasən, EKTİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən ayrılan vəsait və Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. EKTİS öz istifadəçilərinə istifadə rahatlığı, fasiləsizlik, funksionallıq və davamlı inkişaf, operativlik, sərbəstlik, şəffaflıq kimi prinsiplər ehtiva edir.

Azərbaycan Respublikasında xalq və hakimiyyət daima qarşılıqlı əlaqədədir. Bunun nəticəsidir ki, ölkəmiz gündən-günə daha çox inkişaf edir. Dünyada mövcud olan su qıtlığına görə 2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı ASC suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə sahibkarlar və fermerlərə müraciət ünvanlayıblar. Buna əsasən, suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadə üçün suvarma qrafikləri tərtib olunub. Bundan sonra sahibkarlar bu qrafikə əsasən fəaliyyət göstərir. Bunun nəticəsidir ki, həmin il ölkədə digər region dövlətlərinə nisbətən ciddi qıtlıq müşahidə olunmayıb. Həmçinin, növbəti illərdə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,4 faiz artıb. Bu mənada Prezident İlham Əliyevin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyinin gördüyü işlər, sahibkarlara yaratdığı şərait təqdirəlayiqdir. Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib. Açılışda iştirak edən ölkə başçımız yeniliklərlə tanış olub. Bina 500-ə yaxın əməkdaşın fəaliyyəti, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin aparatı üçün nəzərdə tutulub.

Nəticə etibarilə onu deyə bilərik ki, kənd təsərrüfatının önəmi kifayət qədər genişdir. Bu sektorun inkişafı, ölkənin ümumi tərəqqisi, əhalisinin rifahının artırılması, təbii resursların idarə olunması və dövlət siyasətinin effektivləşdirilməsi baxımından vacibdir.

Töhfə SƏMƏDOVA,

"Respublika".