Yurd-yuva, torpaq itkisinin nə olduğunu məcburi köçkün həyatı yaşayan insanlar daha yaxşı bilir. Həsrətin, nisgilin, ağrının, xəyanətin cəm olduğu bir hiss... Təəssüf ki, bu hissləri illər öncə azərbaycanlılar, xüsusən də qarabağlılar da yaşadı. Kəndlərini, şəhərlərini, evlərini, ellərini itirməklə bərabər, arzularını, gələcək xoş xəyallarını da itirdilər. Ancaq ümidlərini itirmədilər. Xatirələrə sığınıb gözlərində öləziyən inamla yaşadılar. 2020-ci ilin payızında isə Azərbaycan Ordusu bu həsrətə son qoydu. 27 sentyabr tarixindən başlayan Vətən müharibəsini cəmi 44 gün sonra Azərbaycan tarixinə Qələbə günü kimi yazdı. İşğal altında olan rayonlarımızı, kəndlərimizi azad etdik, ərazi bütövlüyümüz təmin olundu. Müqəddəs torpaqlarımız uğrunda şəhidlər verdik, qanlı döyüşlər apardıq. Ancaq bir güllə atılmadan azad edilən rayonlarımız da oldu. Onlardan biri də əzəmətli dağlar qoynunda yerləşən Kəlbəcər rayonudur.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən 2020-ci il noyabr ayının 10-da imzalanan üçtərəfli Bəyanat nəticəsində Kəlbəcər bir güllə atılmadan geri qaytarıldı. 1993-cü il aprel ayının 3-də 60 min kəlbəcərlini öz torpağından çıxmağa məcbur edən düşmən özü Kəlbəcəri tərk etdi. Demək ki, dünya bumeranqdır: nə etsən, neynəsən, dönüb-dolaşıb səni tapacaq. Haqlı mübarizəmizdəki qələbəmizlə tarixi ədaləti bərpa etdik. 2020-ci il noyabr ayının 25-də Kəlbəcərə qayıtdıq. Azərbaycan Kəlbəcəri azad etməklə hərbi, eyni zamanda diplomatik gücünü bütün dünyaya göstərdi.
Kəlbəcər Azərbaycanın ən böyük rayonlarındandır. İşğala kimi rayon ərazisində 1 şəhər, 1 qəsəbə, 145 kənd olub. Ermənistanla sərhəd olan bu rayon həm də strateji baxımdan çox əhəmiyyətli mövqedə yerləşir. Elə bu səbəbdən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Kəlbəcəri işğal etməklə bir çox üstünlüklər əldə etmişdir. Belə ki, Kəlbəcər üzərindən Ermənistanla Qarabağı birləşdirən yollar mövcuddur. Ermənilər bu yollarla Qarabağa maneəsiz silah-sursat, texnika və canlı qüvvə daşıya bilirdilər. Beləcə, Kəlbəcərin işğalı ermənilərin bir çox fürsətlərdən yararlanmalarına meydan açdı. Düşmən təkcə rayonu işğal etmədi. Bütün milli-mənəvi, yeraltı, yerüstü sərvətlərini mənimsədi. Təbiətini, meşələrini məhv etdi, çaylarını kimyəvi maddələrlə çirkləndirdi.
Kəlbəcər, Laçın, Şuşa kimi alınmaz qalaları işğal edən erməni daha da şirniklənmişdi. Ovaxtkı Azərbaycan hakimiyyətinin səriştəsizliyi, ordu quruculuğunun zəif olması onların işini asanlaşdırırdı. Buna görə də Ermənistan dənizdən-dənizə xəyalı ilə planlar qururdu. Horadiz qəsəbəsinə kimi gələn düşmən üçün artıq aran zonasını və digər əraziləri işğal etmək o qədər də çətin deyildi. Lakin 1993-cü ildə yenidən hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi. Ulu öndərin gərgin fəaliyyəti və uzaqgörən siyasəti nəticəsində atəşkəs razılaşması əldə olundu. Eyni zamanda bir sıra yaşayış məntəqələri, kəndlər və Horadiz qəsəbəsi işğaldan azad edildi. Ancaq nizami ordunun olmaması və iqtisadiyyatın geridə qalması Azərbaycan torpaqlarını tamamilə azad etməyə imkan vermirdi, zamana ehtiyac vardı. Bu zaman kəsiyində ölkəmiz iqtisadiyyatını gücləndirməklə bərabər, qüdrətli ordusunu da yaratdı. İşğal altında olan torpaqlarımız 30 ildən sonra azad edildi. İndi azad olunan bütün ərazilərimizi Azərbaycan əsgəri göz bəbəyi kimi qoruyur. İndi Kəlbəcər və Hadrutda Komando hərbi hissələri yaradılıb. Bu da Azərbaycan Ordusunun daha da gücləndirilməsinə xidmət edir. Kəlbəcərdə yaradılan Komando hərbi hissəsi Azərbaycan-Ermənistan sərhədinə yaxın məsafədə yerləşir. Bu isə həmin ərazilərdə baş verə biləcək hər hansı bir təhlükənin və düşmən həmləsinin vaxtında qarşısını almaq baxımından böyük əhəmiyyət kəsb edir. Ötən il iyun ayının 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri zamanı Komando hərbi hissəsinin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Cəmi 44 gün ərzində biz