Azərbaycan üçün ATƏT-in keçmiş Minsk qrupunun mövcudluğunun heç bir əhəmiyyəti yoxdur. Çünki 30 il Azərbaycan ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətsizliyinin şahidi olub. Ən çətin mərhələ olan Qarabağın işğaldan azad edilməsini Prezident İlham Əliyev təkbaşına həll edə bilibsə, bundan sonra keçmiş Minsk qrupunun köməyinə ehtiyac yoxdur. Biz 44 günlük müharibədə reallıqları açıq-aydın gördük, dostun, düşmənin kim olduğunu bildik.
Milli Məclisin deputatı Vüqar İskƏndƏrov əməkdaşımızla söhbətində qeyd etdi ki, bu, Qərbin siyasi riyakarlığının təzahürüdür. Minsk qrupu keçmişdə qaldı, Azərbaycan onun bərpa edilməsinə imkan verməyəcək. Çünki keçmiş Minsk qrupunun həmsədrləri olan ölkələr bir-birinə zidd siyasət yürüdən tərəflərdir. Görəsən, hazırda bütün məsələlərdə zidd mövqe tutan ABŞ və Rusiya keçmiş Minsk qrupunun tərkibində ortaq mövqeyə gələ biləcək?! Yoxsa, 30 il də vaxt lazım olacaq ki, onlar Qarabağ üzərindən fikir mübadilələri aparsınlar?! Yaxud da Fransanın mövqeyini biz artıq 3 ilə yaxındır ki, görürük. Bu ölkə tamamilə birtərəfli mövqe ortaya qoyur. Bu mövqedən sonra necə inana bilərik ki, Fransa Azərbaycanın maraqlarını müdafiə edəcək addım atacaq? Biz Qərbin riyakar münasibətini hər məsələdə görə bilirik. Ukrayna məsələsi də bunlardan biridir. Ukraynanın yanında olduğunu bildirən Qərb onun istədiyi silahları vermir, ancaq son əsgərinə qədər döyüşməyi tələb edir. Digər tərəfdən də, artıq Ukraynanın bölüşdürülməsi məsələsi gündəmə gəlir. Bu baxımdan, keçmiş Minsk qrupunun fəaliyyətinin bərpası cəhdi Azərbaycan üçün qəbuledilməzdir. Biz dünyaya göstərdik ki, öz haqqımızı hər bir vasitə ilə təmin edə bilirik. Köhnəlmiş Minsk qrupunun problemin həlli istiqamətində yararsız olacağına əminik.
M.QULUYEV,
"Respublika".