Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşularaq, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Erkan Özoralın təşəbbüsü və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliynin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın təşklatçılığı ilə rayonun Heydər Əliyev adına parkında şəhid ailələri ilə növbəti tədbir keçirilib.
“Respublika” xəbər verir ki, “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Plaforması çərçivəsində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan tədbirin iştirakçıları əvvəlcə İsmayıllı Şəhidlər Xiyabanı ziyarət edərək şəhidlərin məzarları önünə gül dəstələri düzüblər.
TUİB-in üzvü Saleh Tüfəkçi qeyd edib ki, TUİB "Tək Millət, Tək Ürək" Beynəlxalq Platforması çərçivəsində şanlı Zəfərimizin elan edilməsindən bu günə kimi 2300 şəhid və qazi ailəsi ilə təmas qurmuşdur. TUİB-in Dövlət Sosial Müdafiə Fondu ilə birgə hazırladığı "Qardaş ailə" layihəsi çərçivəsində artıq 5 şəhid ailəsi Türkiyənin Sivas, Şanlıurfa, Bursa, Balıkesir və Isparta şəhərinə səfər etmiş, dövlət qurumları tərəfindən böyük ehtiramla qəbul edilmiş və Türkiyədəki şəhid ailəsi ilə qardaşlaşmışdır.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova şəhid ailələri üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən, bu tədbirlərdə qardaş Türkiyənin dəstəyinin olmasının önəmindən danışıb.
Rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi Əlişir Süleymanov növbəti tədbirin İsmayıllıdan olan şəhid ailələri üçün təşkil olunduğuna görə öz minnətdarlığını bildirib.
Tədbir tanınmış incəsənt ustalarının ifasında konsert proqramı ilə davam etdirilib. Tədbirdə həmçinin şəhid övladları üçün sehrbazlıq göstərisi və İsmayıllı Mədəniyyət Mərkəzinin hazırladığı kukla teatrı nümayiş olunub.
M.NƏRİMANOĞLU,
“Respublika”.