İnsan həyatı boyu bir sıra dəyərlərə əhəmiyyət verərək, onların mühüm və vazkeçilməz olduğuna inanır. O cümlədən rəhmli, mərhəmətli olmaq, güzəştə gedib bağışlamaq, ehtiyaclı insanlara əl tutmaq, qohumlarla əlaqə saxlamaq, torpağı və Vətəni sevmək, ümidini itirməmək, birlik və həmrəylik nümayiş etdirmək, səbirli olmaq, elm və mənəviyyata üz tutmaq, insanların hüquqlarına hörmətlə yanaşmaq və sair pak dəyərləri saymaq olar. Bax, elə bu dəyərlərə əsasən də xalqımız uzun illərin təcrübəsindən ilham alaraq, bir sıra gözəl adət-ənənələri təbiətdəki yeniliklərlə birləşdirmiş və bayram əhvali-ruhiyyəsi yaradaraq ona həyat bəxş etmişdir. Əsl bayram da elə doğruluğun, insanları paklıqla sevindirməyin, təmizkarlığın, qohumlarla əlaqə saxlamağın, küsülülərin barışmağının və sair kimi köklü dəyərlərin icra edildiyi günlərdir.
Novruz bayramı da belə dəyərli günlərdən biridir. Novruz bayramı əslində onu qeyd edən xalqların da dostluq, qardaşlıq və həmrəylik bayramı sayılır. Belə ki, bu bayram Azərbaycan, İran, Pakistan, Özbəkistan, Türkmənistan, Tacikistan, Əfqanıstan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Dağıstan və sair ölkələrin xalqları tərəfindən qeyd edilir. Bizim xalqımızın da qiymət verdiyi bu bayram dinimiz tərəfindən də təsdiq edilmişdir. Çünki dinimiz daim sözügedən dəyərlərə təkid edib, insanları ona doğru səsləyir.
İslam dini birmənalı olaraq mədəniyyətləri daim zənginləşdirib və ülvi çalarlar qatıb. Həzrət Əli (ə) bu haqda buyurur: "Bir ümmətin başçı və böyüklərinin əməl etdikləri, camaat arasında ülfət və ünsiyyət yaranmasına səbəb olmuş və xalqın işlərini sahmana salmış gözəl adət və qaydanı pozma. Keçmiş adətlərdən nəyəsə ziyan vuran üsulları icra etmə. Çünki belə etsən, bil ki, xeyir əldə etməyəcəksən. Savab və mükafat həmin gözəl adət və qaydaların kökünü qoyanın, günah isə həmin adətləri pozduğun üçün sənin olacaqdır".
Ümumiyyətlə, dinimizin başqa mədəniyyətlərlə dialoqu yıxıcı deyil. Əslində, mahiyyətində sevgi və paklıq olan bir dinin digər mədəniyyətlərə qarşı aqressiv olması qeyri-mümkündür. İslam dini müəyyən mədəniyyətlərin insanlığa, mənəviyyata zidd olan bəzi xüsusiyyətlərini, adətlərini təmizləyib. Hazırda mövcud olan radikal fikirlər dinə aid deyil, şəxslərin qənaətidir. Bəzən tarixi dəyərlərimizi dini dəyərlərimizə qarşı qoymaq ya dini, ya da ki, tarixi dəyərlərimizi düzgün anlamamaqdan irəli gəlir. Bəzi insanlar qədim tarixi kökə malik hər nə varsa, onu inkar etməyə meyillidir. Unudurlar ki, İslam dininin müxtəlif millətlər tərəfindən qəbul edilməsinin bir sirri də onun humanist ideyaları, mədəniyyətlər mübadiləsini mənimsəmə qüdrəti və tolerantlığıdır. Dinimiz mədəniyyətləri sıradan çıxarmaq yönümlü deyil, onları zənginləşdirmək hədəflidir. Buna görə də tam yəqinliklə deyə bilərik ki, Novruz bayramının müsəlmanlar tərəfindən qeyd edilməsi də gözəl adət-ənənələrimizdən biri olaraq dinimizlə heç bir ziddiyyət təşkil etmir.
Novruz sözü "yeni gün" deməkdir və təbiətin oyanması, canlanması ilə əlaqədar bir gündür. Xalq bayramıdır, əkinçilərin bayramıdır. Tarix etibarilə Novruz atəşpərəstlik və ya zərdüştilik dinindən daha qədim sayılır. Hansısa bir din və şəriətdən yaranmamışdır.
Maraqlıdır ki, dini mənbələrimizdə
Novruzun bəşəri bir bayram olması vurğulanır. Novruz günündə Hz. Cəfər Sadiqin hüzuruna gələn Müəlla ibn Xənisə xitabən buyurur: "Bilirsənmi bu gün nə gündür? And olsun Məkkədəki o qədim evə, bu günün qədim kökü var və mən onu sənə izah edirəm ki, biləsən... Ey Müəlla! Novruz Allah-taalanın bəndələrdən Ona ibadət etmələrinə və heç nəyi Ona şərik qoşmayacaqlarına, elçilərinə, hüccətlərinə və vəlilərinə iman gətirəcəklərinə vədə aldığı bir gündür. Novruz günəşin doğduğu ilk gündür... Elə bir Novruz yoxdur ki