Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 21 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların (bundan sonra – iqtisadi zonalar) fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı (bundan sonra – müvafiq sahədə) tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.
1.2. Agentlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.
1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.4. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Agentlik ümumdövlət əhəmiyyəti daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.6. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları, blankları və loqotipi (emblemi) vardır.
1.7. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.8. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyətinin istiqamətləri
2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin və göstərilən dövlət dəstəyi tədbirlərinin formalaşdırılmasında iştirak etmək, bu istiqamətdə tənzimləməni həyata keçirmək;
2.1.2. iqtisadi zonalarla bağlı görülən işlərin səmərəliliyinin artırılması və yeni iqtisadi zonaların yaradılması üçün tədbirlər hazırlamaq, habelə onların həyata keçirilməsini təmin etmək;
2.1.3. iqtisadi zonaların infrastruktur tələblərini müəyyən etmək, onların həyata keçirilməsi ilə bağlı Nazirliyə və digər aidiyyəti dövlət orqanlarına (qurumlarına) təkliflər vermək;
2.1.4. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Agentliyin vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, məqsədli proqramların, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. iqtisadi zonaların yaradılmasına, bununla bağlı investisiya qoyuluşuna (investisiyanın məqsədəuyğunluğu, səmərəliliyi və s.) dair təhlillər aparmaq və Nazirliyə müvafiq təkliflər vermək;
3.1.3. dövlət tərəfindən yeni iqtisadi zonaların yaradılması, onların fəaliyyəti üçün nəzərdə tutulan ərazilərin müəyyən edilməsi və torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək, digər dövlət orqanları (qurumları) qarşısında məsələ qaldırmaq;
3.1.4. dövlət tərəfindən yaradılan iqtisadi zonaların ərazisinin genişləndirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı, habelə bu sahədə idarəetmənin yaxşılaşdırılması məqsədilə Nazirliyə təkliflər vermək;
3.1.5. dövlət tərəfindən yaradılan iqtisadi zonaların fəaliyyəti üçün ayrılmış əraziləri istifadəyə yararlı vəziyyətə gətirmək, həmin ərazilərin planlaşdırılmasını müvafiq tikinti ərazisi üçün qüvvədə olan ərazi planlaşdırılması sənədləri əsasında həyata keçirmək, elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, nəqliyyat, rabitə, logistika, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektlərinə olan ehtiyacını müəyyən etmək və onların dövlət–özəl tərəfdaşlığı əsasında qurulmasını təşviq etmək;
3.1.6. iqtisadi zonaların və onların rezidentlərinin reyestrini aparmaq, onun müntəzəm yenilənməsini təmin etmək;
3.1.7. dövlət tərəfindən yaradılan sənaye parklarının və aqroparkların əsasnaməsini təsdiq etmək, özəl aqroparkın əsasnamə layihəsinə rəy vermək;
3.1.8. dövlət tərəfindən yaradılan sənaye parklarının rezidenti olmaq istəyən hüquqi və fiziki şəxslərlə niyyət razılaşmaları bağlamaq;
3.1.9. iqtisadi zonaların rezidenti kimi qeydiyyata alınmaq üçün müraciət edən ərizəçilərin investisiya layihəsini qiymətləndirmək, onları iqtisadi zonaların rezidenti kimi qeydiyyata almaq və ya qeydiyyata alınmasından imtina barədə qərar qəbul etmək, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyat şəhadətnamələri vermək, yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ləğv etmək;
3.1.10. dövlət tərəfindən yaradılan iqtisadi zonalarda torpaq sahələrinin, habelə dövlət mülkiyyətində olan tikililərin iqtisadi zonaların rezidentlərinə, habelə sənaye parklarının qeyri-rezidentlərinə icarəyə (subicarəyə) verilməsi ilə bağlı tədbirlər görmək, bu məqsədlə Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada icarə (subicarə) müqavilələri və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilələr bağlamaq, onların şərtlərinə əməl olunmasına nəzarət etmək, həmin müqavilələr üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tədbirlər görmək;
3.1.11. iqtisadi zonalarda investisiya qoyuluşunu təşviq etmək, o cümlədən potensial investorlarla danışıqlar aparmaq, onlara dair məlumat bazası yaratmaq, onların iqtisadi zonaların fəaliyyətinə cəlb olunması və orada istehsalın inkişafı ilə bağlı tədbirlər görmək;
3.1.12. xarici və beynəlxalq təşkilatlarla, maliyyə qurumları ilə, potensial investor və məsləhətçilərlə əməkdaşlığın həyata keçirilməsində fəaliyyət istiqamətləri üzrə iştirak etmək;
3.1.13. iqtisadi zonalarda aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinin həyata keçirilməsi üçün şərait yaratmaq;
3.1.14. dövlət orqanları (qurumları) tərəfindən iqtisadi zonaların rezidentlərində, habelə sənaye parklarının qeyri-rezidentlərində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən yoxlamalarda onların dəvəti ilə iştirak etmək;
3.1.15. iqtisadi zonaların rezidentləri, habelə sənaye parklarının qeyri–rezidentləri arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək göstərmək;
3.1.16. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi zonaların rezidentlərinə, habelə sənaye parklarının qeyri–rezidentlərinə kömək göstərmək;
3.1.17. iqtisadi zonaların rezidentlərinin ixtisaslı kadrlara olan ehtiyacını öyrənmək və bununla bağlı təkliflər hazırlamaq, tabeliyindəki qurum vasitəsilə müvafiq ixtisaslar üzrə ixtisaslı kadrların hazırlanmasını təmin etmək;
3.1.18. dövlət tərəfindən yaradılan iqtisadi zonalarda idarəetməni və təsərrüfat fəaliyyətini təşkil etmək;
3.1.19. dövlət tərəfindən yaradılan iqtisadi zonalarda daxili infrastrukturu qurmaq, ona xidmət göstərmək, onun normal fəaliyyətinin təmin edilməsi, cari və əsaslı təmiri ilə bağlı tədbirlər görmək;
3.1.20. dövlət tərəfindən yaradılan iqtisadi zonalarda istilik və elektrik enerjisinin, suyun və qazın paylanması, tullantı sularının axıdılması və məişət tullantılarının yığılması ilə bağlı tədbirlər görmək;
3.1.21. dövlət tərəfindən yaradılan iqtisadi zonaların idarə olunması üçün operator seçdiyi halda onunla idarəetmə sazişi bağlamaq, operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarət etmək;
3.1.22. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.23. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, elm-təhsil müəssisələrinin, hüquqi və fiziki şəxslərin iqtisadi zonalar üzrə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı tədbirlər görmək;
3.1.24. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.25. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.26. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.27. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.28. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.29. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.30. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.31. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.32. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.33. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.1.34. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında təklif vermək;
3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.3. müvafiq sahədə beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlığın həyata keçirilməsində iştirak etmək və xarici dövlətlərin təcrübəsini öyrənmək;
3.2.4. müvafiq sahədə elmi-texniki potensialın inkişafı və gücləndirilməsi məqsədilə yerli, xarici elm və təhsil müəssisələri ilə əməkdaşlıq etmək, qabaqcıl beynəlxalq təcrübəni öyrənmək, həmin təcrübənin və elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.2.5. sənaye parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə vergi və gömrük sahəsində müəyyən edilmiş güzəştlərdən istifadə etmək üçün təsdiqedici sənədlərin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa və ləğv olunmasına dair Nazirliyə təkliflər vermək;
3.2.6. sənaye parklarında və dövlət tərəfindən yaradılan aqroparklarda istilik enerjisinin, suyun və qazın (sənaye parklarında həmçinin elektrik enerjisinin) topdansatış qiymətlərlə alınması və sənaye parklarının rezidentlərinə və qeyri-rezidentlərinə, dövlət tərəfindən yaradılan aqroparkın rezidentlərinə pərakəndə satış qiymətləri ilə satılması, tullantı sularının axıdılması və məişət tullantılarının yığılması xidmətlərini göstərmək;
3.2.7. dövlət tərəfindən yaradılan sənaye məhəllələrində məişət tullantılarının yığılması xidmətlərini göstərmək;
3.2.8. dövlət tərəfindən yaradılan aqroparklarda irriqasiya və meliorasiya xidmətlərini göstərmək;
3.2.9. iqtisadi zonaların idarə olunması və inkişafı ilə bağlı Nazirliyə təkliflər vermək;
3.2.10. iqtisadi zonalarda ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inkubasiya, treninq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətlərinin və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qanunla qadağan olunmayan digər xidmətlərin göstərilməsini müqavilə əsasında təmin etmək;
3.2.11. iqtisadi zonaların rezidentlərinin, habelə sənaye parklarının qeyri-rezidentlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, onların yazılı müraciəti əsasında dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları qarşısında agent və təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirmək;
3.2.12. dövlət tərəfindən yaradılan iqtisadi zonaların ərazisində innovativ texnologiyaların, texnika və materialların tətbiqi, eləcə də istifadəsi ilə bağlı tədbirlər görmək;
3.2.13. iqtisadi zonalarda məhsul istehsalının dəyər zənciri üzrə inkişaf etdirilməsi və ixracının dəstəklənməsi ilə bağlı təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.2.14. aqroparklarda məhsul istehsalının “tarladan-süfrəyədək” prinsipi üzrə izlənməsinə imkan verən sistemin qurulmasını təşviq etmək, bununla bağlı təkliflər vermək;
3.2.15. aqroparklara turistlər üçün turların təşkili məqsədilə Nazirliyə təkliflər vermək və həyata keçirilməsində iştirak etmək;
3.2.16. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.17. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə fəaliyyəti ilə bağlı məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.18. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.19. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.20. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.21. Agentliyin əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim olunması üçün Nazirliyə təkliflər vermək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.22. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.23. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.24. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Agentliyin idarə edilməsi
4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.
4.3. Agentliyin Müşahidə Şurası (bundan sonra – Şura) Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
4.4. Şuranın 4 (dörd) üzvü Nazirliyin, 3 (üç) üzvü Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (hər qurumdan bir nəfər olmaqla) nümayəndələrindən ibarət olmaqla 7 (yeddi) üzvü vardır. Şuranın üzvlərini təmsil etdikləri orqanın (qurumun) rəhbəri təyin və azad edir. Şuranın sədri və sədrinin müavini Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən Şura üzvləri sırasından 5 (beş) il müddətinə vəzifəyə təyin və vəzifədən azad edilirlər.
4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
4.6. Bu Nizamnamə ilə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin səlahiyyətlərinə aid edilmiş məsələlər istisna olmaqla, Agentliyin fəaliyyəti ilə bağlı məsələlərə dair Şura qərar qəbul etməkdə müstəqildir.
4.7. Şuranın vəzifələri aşağıdakılardır:
4.7.1. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.7.2. Agentliyin inkişaf istiqamətlərinə dair Nazirliyə təkliflər vermək, strateji məqsədlərini və strateji planlarını Nazirliklə razılaşdırmaqla müəyyən etmək;
4.7.3. Agentliyin fəaliyyətinə nəzarət etmək;
4.7.4. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.7.5. Nazirliklə razılaşdırmaqla Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
4.7.6. Agentliyin strukturu, əməyin ödənişi fondu, işçilərin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinə dair Nazirliyə təkliflər vermək, Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyən etmək;
4.7.7. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
4.7.8. İdarə Heyətinin fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
4.7.9. Şura üzvlərinin və İdarə Heyətinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.7.10. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.7.11. Nazirliklə razılaşdırmaqla Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.7.12. kənar auditor yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.7.13. Agentliyin daxili auditorunun fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onu vəzifəyə təyin və vəzifədən azad etmək;
4.7.14. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.7.15. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
4.8. Şuranın sədri ildə 1 (bir) dəfədən az olmayaraq Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İdarə Heyətinin sədri çıxış edir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.9. Şuranın üzvlərinə, habelə İdarə Heyətinin sədrinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasın keçiriləcəyi yer, vaxt və gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.10. Şuranın iclasında İdarə Heyətinin sədri də iştirak edə bilər.
4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.13. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İdarə Heyətinin sədrinə göndərir.
4.14. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.
4.15. Şuranın katibi:
4.15.1. Şuranın iclaslarını təşkil edir;
4.15.2. bu Nizamnamənin 4.9-cu bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;
4.15.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;
4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;
4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
4.16. Şuranın sədri:
4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və İdarə Heyəti üzvlərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İdarə Heyəti sədrinin xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.17. Şuranın sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şura sədrinin müavini, Şura sədrinin müavini olmadıqda isə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
4.18. Şuranın üzvləri:
4.18.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.18.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;
4.18.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.18.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;
4.18.5. Şuranın qərarları ilə, iclas protokolları və digər sənədlərlə tanış olurlar.
4.19. Şuranın üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.20. Agentliyin cari fəaliyyətinə rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyəti 5 (beş) üzvdən – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən, onun birinci müavinindən və 3 (üç) müavinindən ibarətdir.
4.21. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, müvafiq əmrlə birinci müavini və ya müavinlərindən biri onu əvəz edir. İdarə Heyəti sədrinin müavini olmadıqda isə İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir
4.22. İdarə Heyətinin vəzifələri aşağıdakılardır: