İnsanlığa qarşı ən böyük cinayət
Sosial həyat

İnsanlığa qarşı ən böyük cinayət

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar sovet rejiminin bütün mövcudiyyəti dövründə törətdiyi ən qanlı aktlardan, insanlığa qarşı ən böyük cinayətlərdən biri oldu. O müdhiş gecə şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Azğınlaşmış hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tuturdular.

Təəssüflər olsun ki, bu hərbi cinayət bu günə qədər beynəlxalq hüquqi məsuliyyətdən yayındırılmışdır. 1990-cı ilin oktyabr ayında keçmiş SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçova Nobel Sülh Mükafatının verilməsi barədə qərar isə dünyada ikili standartlar siyasətinin aparılmasına ən bariz nümunə oldu. Azərbaycanda 20 Yanvar faciəsinin törədilməsinə görə birbaşa məsuliyyət daşıyan Qorbaçov nəinki həmin mükafata layiq deyildi, həm də bu ali mükafatın adına və şərəfinə, nüfuzuna xələl gətirirdi. Tarixə Nürnberq prosesi kimi daxil olmuş beynəlxalq tribunalın qərarı ilə Almaniyanın ali dövlət və hərbi xadimləri dünya və insanlıq əleyhinə qəsd (mülki əhalinin qırılması, onunla qəddar davranış, ictimai və şəxsi əmlakın talanması və s.) hazırlamaqda və həyata keçirməkdə ittiham olunmuşlar. Məhz buna görə indiyədək dünyanın hər yerində dövlət orqanları və ictimai hərəkatlar bütün rütbə və mənsəblərdən olan nasist cinayətkarları aşkara çıxarır və ədalət məhkəməsinə verirlər. Nürnberq prosesi tarixdə təcavüzü ən ağır cinayət elan etmiş ilk beynəlxalq məhkəmədir. SSRİ və Azərbaycanın o zamankı rəhbərlərinin, habelə 1990-cı ilin yanvarında Azərbaycana soxulmuş sovet hərbi kontingentinin hərəkətlərində Nürnberq prosesində pislənmiş bütün əlamətlər vardır.

20 Yanvar faciəsi Azərbaycan xalqını müstəqillik uğrunda daha mətin vuruşmağa sövq etdi. Məhz bu hadisə müstəqillik ideyalarının ümummilli amala çevrilməsinə zəmin yaratdı və Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərərək dövlət müstəqilliyinin bərpa edilməsi prosesində dönüş nöqtəsi oldu. Bu qanlı faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilərək dönməz xarakter aldı və xalqımız öz gələcəyini yalnız müstəqil Azərbaycanda görməyə başladı. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ilk dəfə olaraq ümumxalq faciəsinin tanıdılması naminə mərkəzləşdirilmiş qaydada təşkilatlanmağa başladılar.

1990-cı ilin ağır və faciəli günlərində də ümummilli lider Heydər Əliyev hər zaman olduğu kimi, öz xalqının yanında idi. Yanvar ayının 21-də sovet rejiminin bütün qadağalarına rəğmən həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Xalqın fədakar oğlu cəsarətli bəyanat verərək əliyalın insanların qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi qiymətləndirdi. Ulu öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi.

21 noyabr 1990-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən qərar qəbul olundu. 1994-cü ilin mart ayının 29-da isə ulu öndərin təşəbbüsü və göstərişləri ilə Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul etdi. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılıb. Azərbaycan dövləti və şəxsən ölkə Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır və bu istiqamətdə işlər bu gün də davam etdirilir. Azərbaycan xalqı 1990-cı ilin yanvarında dövlətimizin müstəqilliyi, ölkənin istiqlalı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, müqəddəs amallar uğrunda canlarından keçmiş oğul və qızlarını heç zaman unutmayacaq.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.