Zərifə xanım Əliyeva 100 il bundan əvvəl - 1923-cü il aprelin 28-də Azərbaycanın zəngin tarixə, əsrarəngiz gözəlliklərə malik füsunkar guşəsində - Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. Atası görkəmli alim və ictimai xadim Əziz Məmmədkərim oğlu Əliyev və anası Leyli xanım, isə qədim İrəvanda böyüyüb boya-başa çatmışlar. Təəssüf ki, hegemon dövlətlərin Erməniləri kütləvi surətdə başqa ölkələrdən əzəli və əbədi Azərbaycan torpaqlarına köçürmələri, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında zorən Ermənistan dövlətini yaratmaları bir müddətdən sonra yerli xalqın - azərbaycanlıların ermənilər tərəfindən deportasiyasına, məcburi qaçqın və köçkünə çevrilmələrinə səbəb oldu. O vaxtlar, yəni 1918-ci ildə Sankt-Peterburqdakı Hərbi Tibb Akademiyasında təhsil alan Əziz Əliyevin də ailəsi bu qəddar məhrumiyyətlərlə üzləşdi. Ağır işgəncələr, erməni basqınları nəticəsində ailəsi əvvəl Arazın o tayında Cənubi Azərbaycanın Ərəblər kəndində, sonra isə Naxçıvanın Şahtaxtı kəndində məskunlaşdı. 1921-ci ildə həmin kənddə bu ailənin böyük oğlu, gələcəyin Əməkdar elm xadimi, görkəmli alimi Tamerlan Əliyev, 1923-cü ildə isə gələcəyin dünya şöhrətli məşhur oftalmoloq-alimi, akademik Zərifə xanım Əliyeva dünyaya gəldi.
Zərifə Əliyevanın dünyaya gəlişi ailə üçün düşərli oldu. Elə həmin il ailənin Bakıya köçməsi ilə gələcək uğurların təməli qoyuldu. Ailənin başçısı Əziz Əliyev Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olaraq bir vaxtlar Sankt-Peterburqda yarımçıq qalmış təhsilini davam etdirdi.
Sonralar atalarının yolunu davam etdirən dörd övladdan biri də gənc Zərifə xanım Əliyeva oldu. Orta məktəbi əla qiymətlərlə bitirən Zərifə xanım böyük qardaşı Tamerlan Əliyevlə birlikdə İkinci Dünya müharibəsi illərində Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alırdı. Tamerlan Əliyev Zərifə Əliyevadan iki kurs yuxarı idi və təhsildə göstərdiyi nailiyyətlərə görə "Stalin təqaüdü"nə layiq görülmüşdü. Zərifə Əliyeva da qardaşı ilə fəxr edir və ondan geri qalmırdı.
Tamerlan Əliyev terapevt, Zərifə Əliyeva həkim-oftalmoloq ixtisası üzrə təhsil alırdılar. Onların kiçik qardaşları Cəmil Əliyev isə fərqli bir sahə onkologiya sahəsini seçmişdi.
Zərifə xanım, bəlkə də, bu ixtisası seçərkən ölkə əhalisinin bu sahəyə böyük ehtiyacı olduğunu düşünmüş və xalqına bu istiqamətdə daha çox xeyir verəcəyini fikirləşərək bu addımı atmışdı. Zərifə Əliyevanın institutu bitirdiyi 1947-ci ildə müharibə təzə başa çatmışdı və onun fəsadları çətinliklə aradan qaldırılırdı. Əhali arasında traxoma xəstəliyi geniş yayılmışdı. Zərifə xanım institutu bitirdikdən sonra bütün diqqətini bu istiqamətə yönəltmişdi və ən ümdə arzusu xalqı bu bəladan qurtarmaq idi. Ona görə də o, Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda 2 il ərzində diplomdan sonrakı təhsillə bağlı kurs keçərək oftalmologiya üzrə yüksəkixtisaslı mütəxəssis adını aldı. Bundan sonra Vətənə qayıdaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində ilk əmək fəaliyyətinə başladı və burada 18 il fədakarlıqla çalışdı. O, göz xəstəliklərinin, xüsusilə də, traxomanın qarşısının alınması üçün gərgin işlərə başladı.
Zərifə xanım bilirdi ki, hələ müharibədən əvvəl, 30-40-cı illərdə Azərbaycanda traxoma ocağı alovlanırdı. O vaxtlar respublikada bu xəstəliyin qarşısının alınması üçün xüsusi həkim komissiyası yaradılmış və Əziz Əliyev bu komissiyanın rəhbəri təyin edilmişdi. Zərifə xanım Əliyevaya o da bəlli idi ki, atası digər həkimlərlə birlikdə bu vəzifənin öhdəsindən bacarıqla gəlmiş, müharibədən əvvəlki illərdə aparılan genişmiqyaslı səhiyyə tədbirləri nəticəsində traxoma epidemiyasının yayılma təhlükəsinin qarşısı alınmışdı. Müharibə dövründə bu infeksiya ocaqları yenidən közərmiş və müharibədən sonrakı illərdə insanların həyatı üçün ciddi təhlükəyə çevrilmişdi. Zərifə Əliyeva müharibədən sonrakı illərdə bu ağır yükü öz zərif çiyinlərinə götürdü.
O, keçən əsrin 50-ci illərinin əvvəllərində aspiranturada təhsil alarkən