Əlimərdan bəy Topçubaşovun anadan olmasından 160 il keçir
Tale vaxtaşırı xalqlara öz zəkası ilə işıq saçan müdriklər bəxş edir. Əlimərdan bəy Topçubaşov da xalqımızın məhz belə bir nadir övladlarındandır...
1920-ci ilin aprelində bolşevik Rusiyası Azərbaycanı zor gücünə işğal etdikdən sonra məmləkətimiz çox faciəli günlərini yaşadı. Demokratik fikirli azadpərvər övladlarımız, mərd mücahidlərimiz güllələndilər. Bəziləri isə əsasən Türkiyəyə, Fransaya, ABŞ-a pənah gətirdilər.
Həmin əsrdə Azərbaycanın yetirdiyi dahi övladlar sırasında xüsusi yer tutan ictimai xadim, görkəmli diplomat, böyük yaradıcı şəxsiyyət Əlimərdan bəy Topçubaşov ilk Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri idi.
Əlimərdan bəy Topçubaşov 1863-cü il mayın 4-də Tiflisdə anadan olub, buradakı gimnaziyada oxuyub. Sonra Sankt-Peterburq İmperator Universitetində təhsil alıb və oranın hüquq fakültəsini bitirib. 1894-cü ildə Bakıya köçən Əlimərdan bəy burada da məhkəmə orqanlarında çalışır. Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurur.
1897-ci ildə "Kaspi" qəzetində redaktor-naşir kimi işə başlamaqla Əlimərdan bəy həm də fəal siyasi fəaliyyətə qoşulur. Hacı Zeynalabdin Tağıyevə məxsus, rusca nəşr olunan bu qəzet yeni, bacarıqlı və vətənpərvər rəhbərinin sayəsində tezliklə öz ətrafına Azərbaycan ziyalılarının qaymağını yığmağa müvəffəq olur. 1905-ci ildə isə Əlimərdan bəy, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu ilə birlikdə azərbaycanca "Həyat" qəzetini təsis edir. Beləliklə, "Kaspi" - "Həyat" tandemi milli düşüncənin təşəkkülündə əhəmiyyətli rol oynamağa başlayır.
1906-cı ilin mayında Birinci Dövlət Dumasının deputatı seçilən Ə.Topçubaşov orada müsəlman fraksiyasına başçılıq edir, eyni zamanda, Y.Akçura ilə birgə "Muxtariyyət tərəfdarları" duma qrupunun həmsədri olur. Həmin ilin iyulunda Duma buraxıldıqdan sonra o, digər tərəqqipərvər deputatlarla birgə monarxiyanın irticaçı idarəetmə üsulunu ifşa edən "Vıborq bəyannaməsi"ni imzaladığına görə üç ay müddətinə həbs edilir.
O, 1916-cı ildə Tiflisdə keçirilən Qafqaz xalqları qurultayında iştirak edir. Burada ilk dəfə onun tərəfindən Qafqaz Konfederasiyası ideyası səsləndirilir. 1917-ci ilin sonunda "10 nömrəli seçki siyahısı üzrə" Gəncə Dairəsindən Ümumrusiya Məclisi-Müəssisənin deputatı seçilən Ə.Topçubaşov 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyi elan edildikdən sonra, avqustun 20-də gənc respublikanın səlahiyyətli naziri və fövqəladə nümayəndəsi təyin olunur. Oktyabrın 6-da o, həm də Azərbaycan Cümhuriyyətinin Xarici İşlər naziri vəzifəsinə təyin edilir.
1918-ci il dekabr ayının 7-də Azərbaycan Parlamentinin sədri seçildikdən sonra dekabrın 28-də Paris Sülh Konfransında iştirak edir. O, əksər xarici ölkələrin liderləri və nümayəndələrində yenicə qurulan Azərbaycan dövləti haqda təsəvvür yaradır, başqa sözlə desək, Azərbaycanın obrazı onun rəhbəri və baş diplomatının siması ilə tanınır. Çox böyük çətinliklərdən sonra, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında dünyanın aparıcı ölkələri Azərbaycan Respublikasının müstəqilliyini tanıyırlar. Bununla da Azərbaycan dövlətçiliyi beynəlxalq səviyyədə öz təsdiqini tapır. Bu işdə Parlamentin sədri Ə.Topçubaşovun əməyi xüsusi qeyd edilməlidir.
Beynəlxalq aləmdə Azərbaycanın maraqlarını müdafiə edən çevrələrin - Azərbaycanpərəst lobbinin yaradılması istiqamətində ilk səy göstərmək şərəfi də Əlimərdan bəyə məxsusdur.
Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Parisdə mühacirətdə qalan Ə.Topçubaşov Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edildiyini dünyaya bəyan edir: "Bolşeviklərin Azərbaycanın adından danışmağa haqqı yoxdur",-deyərək London, Genuya (1922), Lozanna (1923) konfranslarında bolşeviklərin onun vətənində törətdikləri haqsızlıqlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırırdı.
Əlimərdan bəy öz humanist prinsiplərinə sadiq qalaraq mühacirətdə də Qafqaz xalqlarının birgə fəaliyyətinə, onların Konfederasiya uğrunda məslək birliyinə nail olmağa can atırdı. Nəhayət, 1934-cü ilin əvvəllərində o, Azərbaycan Milli