Humanitar yardım aksiyası davam edir
Region

Humanitar yardım aksiyası davam edir

İMİŞLİ

Fevral ayının 6-da qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ geniş dağıntılara və insan itkisinə səbəb olmuşdur. Bu xəbərdən də ən çox sarsılan Azərbaycan xalqı oldu.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana və bütün türk xalqına ilk olaraq İlham Əliyev başsağlığı verdi. Preziden İlham Əliyevin tapşırığı ilə dərhal qardaş Türkiyə Respublikasına ərzaq, tibbi ləvazimatlar, zəruri avadanlıqlar, həkimlər, xilasedicilər və könüllülər göndərilmişdir. Zəlzələdə zərərçəkmiş insanlara dəstək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilmişdir. Bu xeyirxah kampaniyaya İmişli rayon sakinləri də qoşuldular. Yardımın toplanması üçün İmişli Mədəniyyət Mərkəzində məntəqə yaradıldı. İmişlidə bütün zümrədən olan yerli sakinlər dərhal zəlzələdən əziyyət çəkən qardaş-bacılarına yardım etməyə başladılar. Göndərilən yardımlarda uşaq və böyüklər üçün isti geyimlər, yataq dəstləri, hər növ qida məhsulları, müxtəlif əşyalar və digər gündəlik istifadə olunan zəruri avadanlıqlar məntəqəyə toplandı. Toplanan yardımlar könüllü gənclərin köməkliyi ilə qutulara qablaşdırıldı və 5 maşına yüklənərək Bakı şəhərinə, oradan da Türkiyə Respublikasına göndərilməsi üçün İmişli rayonundan yola salındı.

NAFTALAN

Ən ağrılı, acılı günlərimizdə yanımızda olan qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara göstərilən humanitar yardım kampaniyasına Naftalan Şəhər İcra Hakimiyyəti də qoşulub.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüb, baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib. Sonra Konsulluqdakı xatirə kitabına ürək sözlərini yazıb.

Görüş zamanı vurğulanıb ki, möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş ölkənin zəlzələdən zərər görmüş bölgələrinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülür. Həmçinin, qeyd edilib ki, xalqımız qardaş türk xalqına maddi və mənəvi dəstək olmaq üçün səfərbər olub. Azərbaycan-Türkiyə qardaşlığı bütün zamanların sınaqlarından üzüağ çıxmağı bacarmış, yaxşı və pis günündə bir-birlərinin yanında olduğunu dünyaya isbat etmişdir.

CƏLİLABAD

2023-cü il 6 fevral tarixində qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ geniş dağıntılara və çoxlu sayda insan itkisinə səbəb olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə dərhal qardaş Türkiyə Respublikasına müxtəlif əşyalar, ləvazimatlar və yardım üçün xilasedicilər yola düşmüşdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Fond tərəfindən qardaş Türkiyə vətəndaşlarına dəstək aksiyası davam etdirilir.

Ölkənin paytaxtı ilə yanaşı, digər rayon və şəhərlər kimi, Cəlilabad rayonu da yardım kampaniyasına qoşulmuşdur. Vətəndaşlarımız tərəfindən Cəlilabad rayonunun Göytəpə şəhərində və digər ərazilərdə yardım məntəqələri yaradılmışdır.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun göstərişilə qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkmiş şəxslərə köməklik göstərilməsi məqsədilə Cəlilabad şəhəri, Qurtuluş küçəsində məntəqələr yaradılmışdır. Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir qablaşdırılır və avtomobillərə yüklənir.

Qeyd edək ki, içərisində müxtəlif ərzaq, isti geyim, konservləşdirilmiş qidalar, uşaq bezləri, yataq dəstləri və digər lazım ləvazimatlar olan 15 yük maşını Cəlilabad rayonundan Bakı şəhərinə Türkiyə Respublikasına göndərilməsi üçün yola salınmışdır. Hazırda yardım toplama aksiyası davam edir.

"Respublika".