Hindistanın Hayastanı silahla təchiz etməsi sabitliyə təhdiddir
Digər xəbərlər

Hindistanın Hayastanı silahla təchiz etməsi sabitliyə təhdiddir

Qərb qonşumuz uzun illərdir özünə yol yoldaşı axtarmaqdadır. Şübhəsiz ki, burada əsas məqsəd başqa dövlətlərin himayəsi altında qalmaqdır. Hazırda üzdə olan havadarlarından biri İran və Fransadırsa, digəri də Hindistandır. Ötən günlərdə sosial şəbəkələrə düşən görüntülərdən də bəlli olur ki, Hindistan İran ərazisindən istifadə edərək, Ermənistana xeyli sayda silah-sursat keçirib.

Qeyd etmək yerinə düşər ki, hazırda   Ermənistanla Hindistan arasında dəyəri 400 milyon dollardan artıq olan hərbi müqavilə imzalanıb. İki ölkə arasında  hərbi-texniki əməkdaşlığın qurulduğu, bu ölkədən yüz milyonlarla dollar dəyərində silah-sursat, o cümlədən "Pinaka" reaktiv yaylım atəşi sistemlərinin alınmasına dair müqavilələrin imzalandığı artıq bütün mediaya məlumdur. Ermənistanın Hindistandakı səfiri Yuri Babaxanyan bildirib ki, yaxın vaxtlarda Ermənistanın Hindistandakı səfirliyinə hərbi attaşe təyin olunacaq. O, həmçinin deyib ki,  Ermənistan özünü Rusiya və Qərb tərəfindən tərk edilmiş hiss edir:  "2020-ci ilin payızında 44 günlük müharibə zamanı Tramp Administrasiyasının döyüşləri dayandırmaq cəhdləri yarımçıq və ləng olub. Lakin Co Bayden administrasiyası regiona daha çox diqqət yetirməyə çalışır".

Məsələ burasındadır ki, Rusiyadan üz döndərən Ermənistan indi də Qərbdən üz döndərərək Hindistana yönəlib. Lakin sonradan ortaya çıxır ki, bu Hindistanın Hayastanı silahla təchiz etməsi  ilk addım deyil. Hindistan, həmçinin  44 günlük  Vətən müharibəsi zamanı da Ermənistana 4 ədəd "Swathi" radarı tədarük edib. Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Hindistanın Ermənistanı silahlandırmaq cəhdləri Cənubi Qafqazda, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı münaqişənin həll olunmasına və təhlükəsizliyin təmin edilməsinə ciddi maneələr törədir: "30 illik işğalçılıq tarixinə malik olan və müharibədə darmadağın edilən Ermənistanın Hindistan tərəfindən silahlanması Hindistanın bəyan etdiyi xarici siyasətinə tamamilə ziddir. Hindistanın verdiyi silahlar Ermənistanın heç bir halda müharibədəki məğlubiyyətini və itkilərini tam formada kompensasiya edə bilməz. Lakin erməni tərəfini Azərbaycana qarşı fəaliyyətdə bir qədər cəsarətləndirər. Hindistan Ermənistana silah ötürməklə Rusiyanın bu ölkədə mövqeyinin zəifləməsindən istifadə edərək, onun ərazisinə daha geniş bir formada yerləşməyi planlaşdırır. Hesab edirəm ki, Hindistandan göndərilən silahların yerləşməsi və yer dəyişməsini aidiyyəti güc strukturlarımız diqqətlə izləməli, həmin silahların Azərbaycan əsgərinə zərər yetirə biləcək məsafəyə yaxınlaşdıqda isə onları legitim hədəf elan edərək sıradan çıxarmalıdırlar. Bir neçə dəfə belə hal baş verdikdə yəqin ki, rəsmi Dehli Ermənistana silah tədarükü məsələsində daha ehtiyatla davranmağa məcbur olacaqdır".

Töhfə SƏMƏDOVA,

"Respublika".