Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QCS-nin təşəbbüsü, “Rusiya Dəmir Yolları” ASC, Rusiya Nəqliyyat Universiteti və Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Kazan dəmir yolu vağzalının “Çar Qülləsi” salonunda foto-sərgi təşkil olunub.
Sərgidən öncə Azərbaycan nümayəndə heyəti Yaroslavl dəmir yolu vağzalında BAM iştirakçılarının xatirəsini əbədiləşdirən lövhəni ziyarət ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiya nəqliyyat naziri Vitali Savelyev BAM-ın tikintisinə həsr olunmuş “Nəsillərin estafeti” adlı səyahət kuponunu imzalayıblar. Kupon Rusiya Nəqliyyat Universitetinin tələbə-gənclər dəstələrinin qərargahına və veteran BAM əməkdaşlarına təqdim olunub.
Foto-sərgidə Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə Baykal-Amur magistral xəttinin (BAM) nəqliyyat kuratoru olaraq layihənin ərsəyə gəlməsinə verdiyi önəmli töhfələrlə bağlı fotolar nümayiş etdirilib.
Əli SADIQOV,
"Respublika".