"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və "A.M.Şərifzadə küç. 762" ünvanı üzrə (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası) ərazi partiya təşkilatı ilə birgə tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, "91-lər"dən biri Sudeyf İmamverdiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının sədri Musa Quliyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yasamal rayon təşkilatının və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının əməkdaşları, ərazi üzrə Partiya təşkilatının üzvləri iştirak ediblər.
Rəsmi hissədən əvvəl Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub, önünə tər gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad olunub. Tədbirdə Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ulu öndər Heydər Əliyevin uğurlu həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan işlər görülüb. Ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində əsası qoyulan siyasi kursa sadiqlik və onun inkişaf etdirilməsi nəticəsində Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlərə imza atdı.
Sonra Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, "91-lər"dən olan Sudeyf İmamverdiyev, Milli Məclisin deputatları Musa Quliyev və İlham Məmmədov çıxışlarında tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışıblar.
“Respublika”.