Həmrəyliyimiz Zəfərimizin təcəssümüdür
Siyasət

Həmrəyliyimiz Zəfərimizin təcəssümüdür

Azərbaycan ərazisi əhalisinin sayı baxımından dünyanın bir çox nəhəng ölkələrindən geri qalsa da, birliyi, həmrəyliyi sarıdan onların hamısından üstündür. Xalqımız millət kimi bütün dövrlərdə sevgilərin, ümidlərin fövqündə Vətənini, dövlətini, yurdunu, torpağını canı kimi sevib.

Müqəddəs, ülvi, ən uca varlıq bilib anası Azərbaycanı. Azərbaycançılıq məfkurəsinin mayasında, qayəsində dayanıb Vətən sevgisi. Qədim zamanlardan ərazilərimiz bölünüb parçalansa da, müharibələr, hərbi münaqişələr, düşmənin işğalçılıq siyasəti soydaşlarımızı yurd yerlərindən didərgin salsa da, sonunda həmrəy olduğumuzu əməllərimizlə təsdiq etdik. Harada olmağımızdan asılı olmayaraq qanımızda, canımızda azərbaycanlı sevgisi, məfkurəsi daşıdıq. Hazırda azərbaycanlılar dünyanın hər yerində yaşayırlar və onların bir vətəni var, Azərbaycan. Onları bir sevgi, məqsəd və amal birləşdirir: azərbaycançılıq ideologiyası.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi heç də təsadüfi deyil. Ötən əsrin axırlarında on beş respublikanın cəm olduğu sovetlər birliyində baş verən proseslər ittifaqın parçalanması zərurətini reallaşdırdı. Beləcə, Azərbaycan da öz azadlığına qovuşaraq, müstəqil dövlət kimi özünü təsdiq etdi. Uzaq coğrafiyalarda yerləşən ölkələr müstəqilliyimizi qəbul etsələr də, yaxın qonşularımız bunu həzm edə bilmədilər. Ölkəmizə qarşı uzun illərin məkrli planları icra edildi. Ermənistanın ərazi iddiası nəticəsində Qərbi Azərbaycan tamamilə, Qarabağın isə bir hissəsi işğal edildi, bir milyon insan məcburi köçkün həyatı yaşamağa məhkum oldu. Xalqın qarşılaşdığı acınacaqlı vəziyyət "Meydan hərəkatı"nın başlamasına şərait yaratdı. Hadisələrin axarı 1989-cu ilin dekabrında Naxçıvanda sərhədlərin dağılması ilə nəticələndi. Cəmi iki il sonra, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqında qərar verdi. Həmin tarixdən 31 dekabr günü dünyada yaşayan azərbaycanlıların sevərək qeyd edib, birlik nümayiş etdirdikləri bayrama çevrildi.

Əslində, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları tərəfindən zərurətə və mənəvi ehtiyaca çevrilib. Bu bayram dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən böyük coşqu ilə keçirilir və təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan azərbaycanlıların fəxrlə, qürurla qeyd etdikləri gündür. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas ideyasını "dünya azərbaycanlılarının birliyi və həmrəyliyi, Azərbaycanın dövlətçiliyi, millətimizin milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına aid olmaq hissi və ideyası, tarixi vətəninə bağlılıq" təşkil edir.

 Bəli, milli birlik, azadlıq, suverenlik yolunda bizi birləşdirən, düşmən tapdağında olan torpaqlarımıza qaytaran məhz həmrəyliyimiz oldu. Elə bu amalla bütövləşən Vətən uğrunda şəhid olduq, qazi olduq, uzun illərin həsrətinə son qoyduq. Azərbaycanlı olaraq yumruq kimi birləşdik, bir arzu, məqsəd uğrunda mübarizə apardıq. Ümummilli istəyimizdən qüvvət alıb, birləşən gücümüz sonunda dəmir yumruğa dönüb düşməni məğlub etdi. Həmrəyliyimiz bizi qalib, Zəfər çalmış xalqa çevirdi. Həmrəyliyimiz, birliyimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndidə ucaltdığı Dövlət Bayrağında öz əksini tapdı, birliyimiz Laçın sərhəd-buraxılış məntəqəsindən pərvazlanıb üzü Qərbi Azərbaycan yurdlarına sarı qanadlandı. Bir zamanlar Azərbaycanı sıradan, kiçik bir dövlət bilənlərə də cavabımız həmrəyliyimiz oldu.

İndi Azərbaycan ərazi bütövlüyünü tam bərpa etmiş, suveren, azad bir dövlətdir. Regionun güc mərkəzi, söz sahibi və aparıcı ölkəsidir. Artıq dünya bizimlə hesablaşır, özünün ən etibarlı tərəfdaşı hesab edir. Birliyimiz, həmrəyliyimiz sayəsində dünyaya səpələnmiş bütün azərbaycanlıların dayaq nöqtəsi, güvən mərkəzinə çevrilib vətənimiz. Həmrəyliyimiz hər şeydən öncə azərbaycançılıq ideologiyasından qaynaqlanır. Elə bu ideologiyanın nəticəsidir ki, dünya azərbaycanlıları vahid şəkildə birləşib, ölkəmizin daha da inkişaf etməsinə təkan verir. Harada yaşamasından asılı olmayaraq hər bir soydaşımız Azərbaycanın inkişafı və dünyada tanınması istiqamətində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir. Əldə etdiyimiz bütün uğurlarda hər bir vətəndaşımızın əməyi, payı var.

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Azərbaycanın apardığı haqq-ədalət mübarizəsinə, torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən savaşına hər bir azərbaycanlı ümummilli birlik və azərbaycançılıq ideologiyası naminə qoşuldu. Dünyanın harasında yaşamasına baxmayaraq, Vətənin dar günündə köməyə gələnlər, elə yaşadığı uzaq diyarlardan bu mübarizəyə mənən, ruhən qoşulanlar da oldu. Bu gün dövlətimiz, xalqımız, bütün dünya azərbaycanlıları ilk dəfə olaraq Dünya Azərbaycanlılarının Həmrəylik Gününü müstəqil, suveren və ərazi bütövlüyünü tam təmin etmiş ölkə vətəndaşları kimi qeyd edəcəklər. Ona görə də, builki bayram digərlərindən olduqca əlamətdar və müqəddəs sayılır. Biz millət, xalq olaraq Vətənin dar günündə yumruq kimi birləşib, onu qorumağı və ən əziz günümüzdə bayramları, xoş günləri bölüşməyi də bacarırıq. Bayramınız, mübarək Qalib olan, Zəfər çalan Azərbaycanın bütün dünyadakı azərbaycanlıları!

Ramidə YAQUBQIZI,

"Respublika".