Ordumuz yüksək peşəkarlıqla terrorçuların və havadarlarının bütün ümidlərini puç etdi
Son günlər regionda və Azərbaycanın Qarabağ iqtisadi rayonunda baş verən mürəkkəb geosiyasi proseslər bu həssas dönəmlərdə aramsız təxribatların sayını da artırmaqdadır. Ermənistanın açıq terror siyasəti, Rusiya və İranın pərdəarxası çirkin oyunları, eləcə də Avropa Birliyinin bəzi ölkələrinin, xüsusilə də Fransanın bölgədə gərginliyi artırmaq və sülh sazişinin imzalanmasını pozmaq cəhdləri davam edir.
"Laçın rayonunun tarixçəsi əlbəttə ki, bir çox hallarda ibrət olmalıdır. Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir". Bu barədə Prezident İlham Əliyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna təyin olunmuş xüsusi nümayəndəsini qəbul edərkən bildirib.
Ölkə başçısı qeyd edib ki, Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Beləliklə, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq. Əlbəttə ki, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar. Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra orada da rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.
Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarından qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunduğu qeydə alınırdı. Martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib. Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb. Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir. Vəzifə və öhdəliklərinin əksinə olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulmasıdır.
Azərbaycan Rusiya sülhməramlılarına çoxsaylı müraciətlər etsə də, ermənilərin qeyri-qanuni əməlləri davam edirdi. Təbii ki, Azərbaycan öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşımasına göz yummaq niyyətində deyildi və bu haqda dəfələrlə ən yüksək səviyyədə xəbərdarlıq edilmişdi. Bundan əlavə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində də kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Buna görə də Azərbaycan separatçılara qarşı özü hərəkətə keçdi və ermənilərin bütün silah daşınan yolları nəzarətə götürüldü. Laçın dəhlizindən dolayı gizli dağ-dərə yolları üzərində tam nəzarəti təmin edən Milli Ordumuz terrorçuların və havadarların bütün ümidlərini puç etdi. Hərbi əməliyyat ordumuz tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib. Nəticədə Azərbaycan Ordusu tərəfindən Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yolları