Həbib Kazımov: Otuz il keçməsinə baxmayaraq əsirlikdəki işgəncələri unuda bilmirəm
Sosial həyat

Həbib Kazımov: Otuz il keçməsinə baxmayaraq əsirlikdəki işgəncələri unuda bilmirəm

Əsirlikdə olduğum müddətdə olmazın işgəncələr görmüşəm. Hər bir vəhşiliyin şahidi olmuşam. Otuz il keçməsinə baxmayaraq əsirlikdəki əzabları, işgəncələri unuda bilmirəm.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində 1993-1995-ci illərdə Şuşa həbsxanasında ermənilər tərəfindən işgəncələrə məruz qalmış Həbib Kazımov deyib.

O bildirib ki, 1993-cü il avqustun 31-də Qubadlı rayonu Ermənistan silahlı bölmələri tərəfindən işğal olunan zaman başından yaralanaraq huşsuz halda əsir düşüb. Şuşa həbsxanasına gətirilən Həbib burada olmazın işgəncələrin, qeyri insani davranışların şahidi olub.

"Əsirlərə çox əzablar veriblər. Bizi dəmirlə, odunla döyürdülər. Şəxsən məni də dəfələrlə döyərək koma vəziyyətinə salıblar. Öldürdükləri əsirləri donuzlara yedirirdilər. Bir dəfə əsirlərdən birini asmışdılar. Donuzlar onun cəsədini ağızları çatan yerə qədər yemişdilər. Əsirlərin üzərinə it salırdılar. Bu gün Şuşa şəhərindəki həbsxanada aşkar edilən kütləvi məzarlıqdakı skeletlər işgəncələrlə öldürülən əsirlərə aiddir. O zaman əsirləri aparır və geri gətirmirdilər. İndi bilirik ki, həmin əsirləri öldürüb buradakı məzarlıqda basdırıblar. Şahidi olduğum vəhşiliklər indi də məni incidir", - deyə Həbib Kazımov bildirib.