Hayların himayədarı Avropa Parlamenti
Siyasət

Hayların himayədarı Avropa Parlamenti

Avropa Parlamentində anti-Azərbaycan mövqe tutan, yüksək maraqlardan, dəyərlərdən danışan deputatların maskası düşür. Məlum olur ki, bəzi parlamentarilər İrəvandan, erməni iş adamlarından aldıqları pul müqabilində bu qəbildən çıxış edirlər.

Son zamanlar Avropa Parlamentinin rəhbərliyində korrupsiya faktlarının aşkara çıxarılması bu təşkilatın sifarişlər əsasında qətnamələr hazırlamasının bariz nümunəsi kimi qiymətləndirilə bilər. İkili standartlar, selektiv yanaşma, reallıqları gözə almamaq və işğalçıya dəstək artıq çoxdan bu təşkilatın fəaliyyət prinsipinə çevrilib.

Vəzifəsindən uzaqlaşdırılan Avropa Parlamentinin sədr müavini Eva Kayli və daha üç məmurun korrupsiya ittihamı ilə həbs edilməsi deyilənlərə əyani sübutdur. Qeyd etmək yerinə düşər ki, erməni iş adamları Kaspar Karapetyan, Vartan Seraks kimi şəxslərin Avropa Parlamentinin binasında gəzişmələri, parlamentin rəsmisinin korrupsiya skandalı üzrə həbs edilməsi və onun yaxın çevrəsinin Ermənistanla dostluq qrupunun üzvləri olmaları bir daha göstərir ki, bizə düşmən olan təkcə haylar deyil. Sözügedən rəsmilər, eyni zamanda 30 ilə yaxın bir dövr ərzində təbii sərvətlərimizi talayan xarici şirkətlər vasitəsilə ciblərini doldurmuşlar. Xatırlatmaq lazımdır ki, erməni iş adamlarının Avropaya ötürdüyü maliyyə vəsaiti məhz bu yerlərin təbii sərvətləri hesabına mümkün olurdu. Artıq bu imkan əldən çıxdığı üçün hədyanlar başladı. Xatırladaq ki, Laçın yolu ətrafında şoular hazırlayan rəsmi İrəvanın imdad umduğu birinci yer elə Avropa Parlamenti idi. Bütün bunlar AP-nin demokratik dəyərlərdən, obyektivlikdən və beynəlxalq hüquqdan tamamilə uzaq olduğunu açıq şəkildə göstərir. Prezident İlham Əliyev "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda iştirakı zamanı bildirmişdir: "…Avropa Parlamentində bir qrup məsuliyyətsiz insan var ki, onlar özlərini manyak kimi aparırlar. Onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji durumundan kənardır. Maksimum diplomatik lüğətdən istifadə etmək istəyirəm. Bəs biz nə edə bilərik? Onlar Azərbaycana qarşı olan 10-dan artıq qətnamə qəbul ediblər ki, onların da bizim üçün heç bir əhəmiyyəti yoxdur - biri az, biri çox - nə etməli? Biz bunu təəssüf hissi ilə qarşılayırıq…".

Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi illərdə Avropa Parlamenti təcavüzkarın vəkili və ruporu qismində iştirak edirdi. Azərbaycan əleyhinə 10-dan çox qətnamə qəbul edən Ermənistanın ali tribunasına çevrilmiş AP-nin haylara "sonsuz məhəbbət"i daim özünü göstərmişdir. Bütün bunlar bölgədə gedən proseslərdə işğalçıya dəstək verilməsinə xidmət edir. Maraqlı olan budur ki, Avropa məkanının bir sıra iqtisadi və təhlükəsizlik yönümlü təşkilat və institutları Azərbaycanla enerji təminatı sahəsinə əməkdaşlıq etdiyi halda, məhz AP tərəfindən belə qərəzli mövqe nümayiş etdirilir. Əslində, bununla Avropa Parlamenti erməni lobbisinin əlində alətə çevrildiyini təsdiq edir.

Görünən odur ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən, ədalətə və beynəlxalq hüquqa söykənən addımlarını qısqanclıqla qarşılayan bəzi dövlətlər, beynəlxalq təşkilatlar regionda sülhün, təhlükəsizliyin təmin olunmasında deyil, vəziyyətin daha da gərginləşdirilməsində maraqlı olduqlarını Ermənistana dəstək xarakterli əsassız bəyanatlar səsləndirməklə, adi kağız parçasından başqa bir şey olmayan qətnamələr qəbul etməklə nümayiş etdirirlər.

Azərbaycanın Qarabağ bölgəsindən didərgin düşmüş insanların 30 ildən çox doğma yurdlarından uzaqda yaşamalarına səssiz qalanlar bu gün öz xoşu ilə Qarabağdan gedən ermənilərin himayədarına çevriliblər. Xatırladaq ki, Azərbaycan bu dövr ərzində hər vəchlə avropalı məmurları qaçqın düşərgələrini ziyarət etməyə, dağıdılmış şəhər və kəndləri görməyə dəvət etsə də bu, mümkün olmamışdır. Hətta bu yaxınlarda avropalı rəsmilər ölkəmizə səfərləri zamanı müxtəlif bəhanələrlə azərbaycanlı qaçqınlarla görüşdən imtina etmişdir. Onilliklər ərzində Avropanın siyasi strukturları azərbaycanlıların taleyi və onların doğma torpaqlarına qaytarılması ilə bağlı müraciətlərini, tələblərini və xahişlərini dəyərləndirməmişdir.

Nurlan ABDALOV,

"Respublika".