Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair "TASS"a eksklüziv müsahibə verib. Onun Ermənistanla bağlı səsləndirdiyi fikirlər isə gündəmə çevrilib.
XİN başçısı bildirib ki, İrəvan qərbə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. Moskva ilə zamanın sınağından çıxmış ittifaqı Qərbin qeyri-müəyyən vədlərinə dəyişir. Moskva rəsmisi, həmçinin qeyd edib ki, Ermənistan hazırda strateji dönüş kursuna haqq qazandırmaq üçün respublikanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmağa çalışır. Buna paralel olaraq isə silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməyə davam edir.
Amma Lavrovun sözlərinə görə, Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı regiondan sıxışdırıb çıxarmaqdır. Xarici işlər naziri Paşinyan hökumətinə xəbərdarlıq da edib. Bildirib ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsinə hazır olmalıdır. Baş diplomatın bu açıqlamaları kifayət qədər diqqətçəkən olsa da, əhəmiyyətli məqam bəyanatların Nikol Paşinyanın Sankt-Peterburq səfərindən sonra verilməsidir. Çünki baş nazir uzun müddət Rusiyanın siyasi və hərbi arenasında təmsil olunmurdu. Amma sonuncu dəfə Ermənistanın Avrasiya İqtisadi İttifaqı və MDB liderlərinin toplantısına qatılmasından sonra İrəvan-Moskva arasında münasibətlərin normallaşacağına ümid edilirdi. Görünür, hadisələr gözlənilən şəkildə inkişaf etməyib ki, indi Kremldən belə sərt açıqlamalar verilir.
Bu məqamda xatırlamaq lazımdır ki, baş nazir toplantıdakı çıxışında "Avrasiya İqtisadi İttifaqı iqtisadi birlikdir və onun siyasi gündəmi olmamalıdır", - deyə vurğulamışdı. Paşinyan bir növ bununla Rusiyaya qarşı mövqeyindən imtina etmədiyini, sammitə iqtisadi əməkdaşlığa görə getdiyini və Avrasiyaya inteqrasiyanın siyasi yox, iqtisadi məqsəd daşıdığını bildirmişdi. Yəni hökumət rəhbəri siyasi baxımdan Kreml ilə eyni tərəfdə olmadığını açıq-aydın göstərmişdi. Hələ görüşlər davam etdiyi müddətdə Belarus lideri Aleksandr Lukaşenkonun Fransa "evini həll etsin, sonra İrəvana girər" açıqlaması və "Ermənistan iqtisadi cəhətdən ölmək istəyirsə, biz onu itirə bilərik" deməsi Paşinyana xəbərdarlıq idi. Amma görürük ki, indi Lavrov İrəvana qarşı münasibətini yumşaq ritorikadan sərt xəbərdarlığa dəyişib. Artıq hakimiyyət dəyişikliyindən söhbət getmir, suverenliyin qorunub saxlanılmasına diqqət çəkilir.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, regiona kənar güclərin gətirilməsindən təkcə Rusiya qəzəblənmir, İran da bu vəziyyətdən son dərəcə narazıdır. Bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahianın İrəvanda erməni həmkarı ilə görüşündə verdiyi mesajlar bu xüsusda mühüm əhəmiyyətə malikdir. O bildirib ki, ölkəsi bölgədə sülh və sabitliyin xarici qüvvələrin müdaxiləsi olmadan təmin edilməsini istəyir. Həm İranın, həm də Rusiyanın regional qarantların zəruriliyinə diqqət çəkməsi, Qərbin Cənubi Qafqazda möhkəmlənməsinə qarşı çıxması isə Ermənistanın qarşısında konkret tələblər qoyur. Yəni Paşinyanın artıq həm Brüsselə, həm də Sankt-Peterburqa gedərək balansı qorumağa çalışması, bir başqa sözlə iki masada əyləşmək cəhdləri nəticə verməyəcək. Artıq Ermənistan hökumətinin rəhbəri ölkəsini hansı qütbə yaxınlaşdıracağı barədə ciddi qərar verməlidir.
Jalə QASIMZADƏ,
"Respublika".