Sülh müqaviləsinin imzalanmasının gündəmdə olduğu bir vaxtda Ermənistana yenə silahlar daşınır. İrəvan, xüsusən də son aylarda kütləvi şəkildə silahlanmağa başlayıb.
Ermənistan Fransa, Hindistan, İran və Rusiyadan silah tədarükünü artırıb. Təbii ki, hər ölkə öz müdafiəsini təşkil etmək, gücləndirmək üçün silah alır. Lakin sülh sazişi istiqamətində danışıqların intensivliyinin artdığı bir vaxtda bu kimi addımlar atılması müxtəlif suallar doğurur. Əsasən də sərhəd bölgələrində yerləşdirilən bu silahlar Ermənistanın yeni müharibəyə hazırlaşması ilə bağlı şübhə yaradır. Həmçinin qızların orduya cəlb edilməsi istiqamətində təbliğata başlanılıb. Ermənistan ordusunun döyüş qabiliyyətini artıra bilmədiyi, fərarilərin sayının çoxaldığı bir vaxtda çarəni məhz bunda tapıb. Ermənistan Müdafiə Nazirliyi altı aylıq məcburi hərbi xidmət keçməkdə olan bir qızın videosunu yayıb.
Məlumdur ki, Azərbaycan artıq əsas missiyalarını həyata keçirib. Ölkəmiz torpaqlarını işğaldan azad edib, antiterror tədbirləri ilə birlikdə Xankəndidə bayrağımızı dalğalandırıb. Regionda artıq haqq-ədalət təmin edilib. Ölkəmiz sabitlik, inkişaf naminə çalışır və sülh sazişinin tamamlanması üçün hər vəchlə çalışır. Azərbaycan təbii ki, müharibə istəmir və danışıqlar, diplomatiya yolunu üstün tutur. Lakin İrəvan tərəfi regionda qarışıqlıq yaratmaq istəyən müxtəlif güclərin vədlərinə aldanır. Aydındır ki, müharibə sadəcə bu kimi qüvvələrin maraqlarına xidmət edir.
Ermənistana verilən vədlərdən biri də NATO yalanıdır. Ölkənin müdafiə nazirinin ABŞ səfiri Kristina Quinn və NATO baş katibinin xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşlərində müəyyən məlumat mübadiləsi aparılıb. Görünür, NATO Ermənistanı nəyəsə inandırmağa çalışır. Aydındır ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistana kollektiv Qərb tərəfindən əhəmiyyətli yardım olmayıb. Buna görə də Qərbdən və ya NATO-dan nə isə gözləyən İrəvan məyusluğa hazır olmalıdır. Çünki bu proses Ukrayna ssenarisində də öz təsdiqini tapıb.
Qərb mediasında da aydın şəkildə görünür ki, onlar İrəvanı növbəti müharibəyə çəkmək istəyir. Belə ki, Azərbaycan hücuma meyilli, aqressiv tərəf kimi göstərilir. Ermənistan müharibəyə həvəsləndirilir. Təbii ki, Qərb tərəfindən Ermənistanın savaşa ruhlandırılmasının arxasında şəxsi maraqlar dayanır. Bunlara bölgədə söz sahibi olmaq istəyi, silah satışını təmin etmək və sair kimi məkrli məqsədlər aiddir. Müharibə aparmaq üçün ciddi maliyyə vəsaiti tələb olunur. Hərbi əməliyyatların maliyyələşdirilməsi, böyük orduların saxlanması və qabaqcıl silahların inkişafı ölkənin büdcəsində çətinlik yaradır. Bu səbəbdən də hökumətlər müharibə səylərini maliyyələşdirmək üçün tez-tez borc götürürlər. Müharibə borcunun yığılması yüksək faiz ödənişləri və potensial inflyasiya da daxil olmaqla həlli çətin iqtisadi problemlərə gətirib çıxarır. Ermənistan isə bütün bunları nəzərə alıb, öz ölkəsi və xalqı üçün düzgün qərar vermək yerinə, Qərb ölkələrinin yalanlarına inanmağı seçir. Ermənistan müharibənin insan itkiləri, uzunmüddətli iqtisadi təsir, inflyasiya kimi bir çox mənfi təsirlərini hesablamaq, sülhə dəstək olmaq əvəzinə Qərbin təhriki ilə uçuruma doğru addımlayır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətləri haqqında danışıb. O deyib ki, Azərbaycan Rusiya Federasiyası ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, bu faktdır, bu səbəblə normallaşma istiqamətində irəliləyişin olmaması İrəvanın mövqeyi ilə bağlıdır. "İrəvana kimin məsləhət verdiyini bilmirəm. Amma biz gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya, ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılmasında nəticə verdiyini anlayan kimi dərhal, çağırış olmadan həm sərhədlərin delimitasiyası, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı proseslərə müdaxilə etməyə başladılar", - Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamalarından başa düşülür ki, Moskva Ermənistanın Qərblə yaxın əlaqələr qurmasından narazıdır.
Bununla Rusiya Cənubi Qafqaz siyasətini ifadə edib, Ermənistana vermək istədiyi mesajları ötürüb. Bu mesajlar tək Ermənistana deyil, həm də onu dəstəkləyən ölkələrə aid edilib. Bir daha bildirilib ki, regiona əlavə müdaxilələrə icazə verilməyəcək. Ermənistan isə imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə əməl etməli, kommunikasiyaların açılması istiqamətində çalışmalıdır.
Blokadada, dənizə çıxışı olmayan bir ölkə kimi, Zəngəzur dəhlizinin açılması, sülhün təmin edilməsi Ermənistan üçün ən məntiqli seçimdir. Regionun inkişafı, Avropaya gedən yolun açılması İrəvana verilmiş bir şansdır. Ermənistan isə bu məsələdə niyəsə dalana dirənib. Rəsmi İrəvan anlamalıdır ki, onsuzda regionda çətin vəziyyətdə olan ölkə üçün öz şərtlərini diktə etdirməyə çalışmaq cəhdləri məntiqsizdir. Zəngəzur dəhlizinin açılması Cənubi Qafqaza, ələlxüsus da bu bölgədə yerləşən Azərbaycan və Ermənistana geniş imtiyazlar verəcək. Belə fürsət isə hər zaman yaranmır. Bu baxımdan haylar hazırkı situasiyadan ağıllı şəkildə istifadə etməlidir.
Nurcan SÜLEYMANOVA,
"Respublika".