Ötən həftədən etibarən Ermənistanın bir nömrəli gündəmi silahlı qüvvələrinin intizamsızlığıdır. İrəvanın hərbi mühitində pərakəndəlik müşahidə olunur. Belə ki, Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. O, mübahisə zəminində xidməti silahından atəş açdığı üçün saxlanılıb. Ötən həftə isə iki zabitin meyiti tapılıb, bir hərbçi qəzada, digəri ürəktutmasından ölüb. Son olaraq cəbhə xəttinə yaxın ərazidə qar uçqununun altından 2003-cü il təvəllüdlü əsgərin cəsədinin tapılması ölkədə rezonans doğurub. Əslində, hərbi qulluqçuların ölümü üç səbəbdən baş verir. Bunlardan birincisi özünəqəsd, intihardır. İkincisi hərbçilər arasında münasibətlərin pozulması zəminində qarşılıqlı atəş açılması, üçüncüsü isə atəşkəsin pozulması nəticəsində baş verən ölümlərdir.
Əvvəllər Ermənistan silahlı qüvvələrində ölüm hadisələri olanda hərbi rəhbərlik bunu düşmənin atəş açması ilə əlaqələndirir, Azərbaycanı günahlandıraraq öz səhvlərini ört-basdır edirdi. Amma antiterror tədbirlərindən sonrakı mərhələdə sərhəddə atəşkəsin pozulması halları olmadığı üçün artıq Ermənistanda silahlı qüvvələrin real vəziyyəti üzə çıxıb. Yəni aydın olub ki, məhz mənəvi, psixoloji vəziyyətin həddindən artıq aşağı olması səbəbindən hərbçilərin intiharı hadisələri baş verir. Bu, bir növ Ermənistanda silahlı qüvvələrdəki postmüharibə dövrünün vəziyyətini əks etdirir.
Yaranan bu təhlükəli vəziyyət Ermənistanın siyasi rəhbərliyi tərəfindən də müşahidə olunur. Nikol Paşinyanın ötən həftə orduda nizam-intizamın gücləndirilməsi üçün tədbirlərin görülməsi barədə tapşırıq verməsi bunun sübutudur. Amma İrəvanda baş nazirin sözlərinə məhəl qoyulmur, heç komandası da onun tapşırıqlarını icra etməyə çalışmır. Paşinyanın həyəcan siqnalı çalmasına baxmayaraq, Ermənistan Milli Assambleyasında "dövlət mükafatları və fəxri adların verilməsi" ilə bağlı qanun müzakirəyə çıxarılıb. Ölkənin ədliyyə nazirinin müavini Armenuhi Arutyunyan, parlamentin sədri Alen Simonyan və digər hökumət rəsmilərinin hazırkı vəziyyətdə "xalq artisti" adının kimlərə verilməsi məsələsini ciddi müzakirə predmetinə çevirməsi sosial şəbəkələrin erməni seqmentində gülüş obyekti olub. Ermənilər sentyabrdakı antiterror tədbirləri, Qarabağdan Ermənistana köç, buraya gələn insanların sosial vəziyyətinin aşağı olması və sıxışdırılması, o cümlədən son günlər orduda baş verən ölüm hadisələri fonunda hökumətin belə bir məsələni müzakirə etməsini ciddi narazılıqla qarşılayıblar. Əslində, belə bir vəziyyətin yaranması təəccüblü deyil. Paşinyanın özü də sonuncu açıqlamasında etiraf edib ki, biz heç nə bilmirik, dövlət yaratmağı, onu gücləndirməyi öyrənməliyik, amma bunun üçün ilk növbədə, dövlətin nə olduğunu başa düşməliyik. Yəni baş nazirin bu sözlərindən sonra onun təlimatlarına məhəl qoyulmaması erməni cəmiyyəti üçün yeni məsələ deyil. Amma ictimaiyyət 10 gün ərzində orduda 5-ci ölümün qeydə alınmasını normal qəbul etmir. Baş verənlərə görə müdafiə naziri Suren Papikyanın məsuliyyət daşıdığını bildirərək onun istefasını tələb edir. Çünki orduda baş verənlər bir hərbi hissənin, komandirin və ya bölmənin problemi deyil. Qərarları əsasən müdafiə naziri verir. Buna görə də o, rəsmi olaraq hər şeyə cavabdeh şəxsdir. Amma Suren Papikyanın hərbi karyerasına nəzər salsaq, bir çox ziddiyyətli məqamlara rast gəlirik. O, 2016-cı il Aprel döyüşlərində iştirak etməyib, lakin həmin ildə xidmətlərinə görə Müdafiə Nazirliyinin "Qaregin Njde" medalına layiq görülüb. Papikyan həmin dövrdə ərazi idarəetmə və infrastruktur naziri olub, amma gömrük məntəqəsinin tikintisini uğursuz edib. Anlaşılmazlıq elə buradan başlayır. Ümumiyyətlə, hansı normal ölkədə müddətli hərbi xidmət zamanı öz komandirini bıçaqladığına görə azadlıqdan məhrum edilmiş şəxsi müdafiə naziri təyin edirlər? Elə buna görə də Suren Papikyan ermənilər tərəfindən müdafiə deyil, "müdafiəsizlik" naziri kimi qəbul olunur.
Bununla belə, Paşinyanın Suren Papikyanı vəzifədən uzaqlaşdırması real görünmür. Çünki müdafiə naziri Ermənistanla bir sıra Qərb ölkələri arasında hərbi razılaşmaların əldə olunmasında həlledici rol oynayıb. Bunun fonunda nəzərə alsaq ki, indi İrəvanın hərbi-siyasi rəhbərliyinin əsas vəzifəsi ordunun taktika və strategiyasının, eləcə də şəxsi heyət və silahların NATO standartlarına uyğunlaşdırılmasıdır, o zaman Papikyanın əvəzlənməsi Paşinyan hökuməti üçün məntiqli deyil. Bu halda bütün günahın hərbi hissə komandirlərinin üzərinə atılması və əsas səbəbkarların məsuliyyətdən yayınması istisna edilmir.
Jalə QASIMZADƏ,
"Respublika".