Udullu İnzibati Ərazi Vahidliyinə daxil olan Birinci Udullu kəndi Pirsaat çayının sol sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsinin adının şahsevənlərin “udullu” və ya xəzərlərin “edilli” tayfa adları ilə bağlı olması haqqında mülahizələr var. Əvvəllər Şamaxı rayonunun tabeliyində olan kənd ötən əsrin doxsanıncı illərin əvvəllərində müstəqil rayon statusu alan Hacıqabulun ərazisinə daxil edilmişdir. Kənd özünün bir çox tarixi abidələri ilə məşhurdur.
Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın, o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə danışdı.
İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verdi. Həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı rəhbər orqanlara müraciət edilməsi nəzərdə tutuldu.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Tofiq HÜSEYN,
“Respublika”.