16 Oktyabr - Ümumdünya Qida Günü
16 Oktyabr - Ümumdünya Qida Günü və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaranması günü kimi qeyd edilir. Bu gün bütün dünyada qida mədəniyyətlərinin müxtəlifliyini və zənginliyini qeyd etmək, həmçinin aclıq və qida çatışmazlığından əziyyət çəkənlərə diqqət yönəltmək, bu barədə məlumatlılığı artırmaq üçün keçirilir.
Ərzaq çatışmazlığı bütün dünyada milyonlarla insana təsir edən ciddi problemdir. Münaqişələr, iqtisadi sarsıntılar, ekstremal hava şəraiti və COVID-19 pandemiyası ərzaq böhranının artmasına təsir edən əsas amillərindəndir.
Ənənəvi olaraq qeyd edilən bu günün önəmi hər il daha da artır. Çünki get-gedə böyüyən qlobal problemlər ərzaq təhlükəsizliyi mövzusuna da diqqət çəkməyi labüd edir. İqlim dəyişikliyi qlobal ərzaq təhlükəsizliyi üçün əsas təhlükədir, çünki bu proses qida sistemlərinin mövcudluğuna, əlçatanlılığına, istifadəsinə və sabitliyinə təsir göstərir. Hava şəraitinin dəyişməsi, fövqəladə hadisələrin tezliyinin və intensivliyinin artması, suyun əlçatanlığının azalması və s. qida istehsalına da təsir göstərir. Bu, həmçinin ərzağın qiymətlərinə, ticarətə, bazarlara da təsir göstərir ki, bu da milyonlarla insanın rifahı üçün mənfi nəticələrə səbəb olur.
Hazırda 2,4 milyard insan su çatışmazlığından əziyyət çəkir. FAO tərəfindən hər il bununla bağlı müxtəlif tədbirlər təşkil edilir. 2023-cü ildə keçiriləcək Ümumdünya Ərzaq Gününün mövzusu isə "Su həyatdır, su qidadır. Heç kəsi arxada qoyma" olub. Bu şüar ilə suyun Yerdəki həyat üçün vacibliyi, əhalinin sürətli artımı, urbanizasiya, iqtisadi inkişaf və iqlim dəyişikliyi kimi qlobal problemlərin su ehtiyatlarına olan təsiri gündəmə gətirilib. Eyni zamanda son onilliklərdə adambaşına düşən şirin su ehtiyatları 20% azalıb.
Su qıtlığı isə məsələnin başqa bir tərəfidir. Buna iqlim dəyişikliyi, quraqlıq, daşqınlar, buzlaqların əriməsi və ya yeraltı suların tükənməsi kimi fiziki amillər də səbəb ola bilər. Bir çoxlarına görə həll yolu suyun səmərəliliyinin və mühafizəsinin artırılması, yağış suyunun yığılması, duzsuzlaşdırılması və ya tullantı sularının təkrar istifadəsi kimi alternativ mənbələrin inkişaf etdirilməsindədir.
Su problemi bütün dünyada insanlara, həmçinin ekosistemə təsir edən ciddi bir məsələdir. Həyat üçün vacib olan bu element, təəssüf ki, azdır, həm də qeyri-bərabər paylanır. Problemlərdən biri də suya kimyəvi, zərərli maddələrin qatılmasıdır. Məsələnin həlli yolu isə sənaye tullantılarının su obyektlərinə axıdılmasının qarşısının alınması, yaxud atılmazdan əvvəl təmizlənməsi, ekoloji qaydaların və standartların tətbiqi, suyun çirklənməsinin təsirləri haqqında ictimaiyyətin məlumatlandırılması kimi proseslərin tətbiqində görülür.
Torpaqlarımız işğal altında qaldığı 30 il müddətində barbarlığa məruz qalıb. Belə ki, çaylarımız və su mənbələrimiz ermənilər tərəfindən qərəzli şəkildə çirkləndirilib. Azərbaycan quraqlıq zonasında yerləşir və bu səbəbdən kənd təsərrüfatı 90 faiz suvarmadan asılıdır.
Qarabağda strateji əhəmiyyət kəsb edən bir sıra iri iqtisadi obyektlərdən biri də Sərsəng Su Anbarıdır. Tərtər çayı üzərində inşa edilmiş bu anbar 1976-cı ildə istifadəyə verilib. İşğal müddətində Tərtər çayı üzərindəki Suqovuşan su elektrik stansiyası, eləcə də Tərtər sağ və sol sahil suvarma magistral kanallarının 80 kilometrlik hissəsi, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam (onun işğal olunmamış hissəsində) və Goranboy rayonlarında 60 min hektardan çox ərazi uzun müddətdir ki, su ilə təmin olunmurdu. Burada ekosistemin bərpası üçün uzun zaman və vəsait tələb olunur. Uzun illər Sərsəng Su Anbarı Ermənistan tərəfindən əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə edilib və qəza vəziyyətinə salınıb.
Ümumdünya Qida Günü ərəfəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə Bakıdan humanitar yardım göndərib. Bununla da ölkəmiz öz humanistliyini bütün dünyaya nümayiş etdirib.
Nurcan SÜLEYMANOVA,
"Respublika".