Füzuli Beynəlxalq Hava Limanının inzibati binasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi qrupunun iclası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda işğaldan azad edilmiş Füzuli şəhərində aparılan tikinti-quruculuq fəaliyyəti ilə əlaqədar layihələndirmə işləri, Mərkəzi Parkın layihələndirilməsi, "ağıllı kənd" konsepsiyası ilə bərpaolunan Dövlətyarlı kəndində aparılan tikinti-quruculuq işləri, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi, rayonda ilkin mərhələdə bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi və su təminatı, "Köndələnçay" su anbarının yenidən qurulması və digər məsələlər üzrə görülən işlər müzakirə olunub.
Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Nüsrət Süleymanov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə müdiri İlham Süleymanov, "Azərişıq" ASC-nin Texniki departamentinin direktoru Vüsal Qənbərov, "Azərsu" ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadır Kəngərli, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin İnvestisiyalar və layihələrin idarə olunması şöbəsinin baş məsləhətçisi Elmar Orucov və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov çıxışında bildirib ki, son illərdə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq istiqamətində böyük irəliləyişlər əldə edilib. Qarabağ və Şərqi Zəngəzurun şəhər, qəsəbə və kəndlərinə Böyük Qayıdış həyata keçirilir. Bu prosesi sürətləndirmək, yaşayış məntəqələrinin gələcəkdə sakinlər üçün daha rahat etmək üçün işğaldan azad olunmuş torpaqlarımızda bu gün milli xüsusiyyətlər nəzərə alınmaqla, qabaqcıl şəhərsalma standartlarına uyğun yenidənqurma və quruculuq işləri aparılır.
Çıxışlarda qeyd olunub ki, işçi qrupunun fevralın 16-da Ağdam şəhərində keçirilmiş iclasının nəticəsi protokollaşdırılaraq qrup üzvlərinə təqdim edilib. Həmin protokola əsasən Ağdam şəhərinin yol-küçə şəbəkəsinin 58,7 kilometr hissəsinin, eləcə də rayonun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin yaşayış məntəqələrinin layihə-smeta sənədlərinə dair müvafiq ekspertiza rəyinin verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi müraciət ünvanlanıb.
Bildirilib ki, ötən müddət ərzində işğaldan azad edilmiş bütün ərazilər kimi, Füzuli rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Qısa müddət ərzində ən yüksək beynəlxalq standartlara cavab verən hava limanı inşa edilərək istismara verilib, Zəfər yolunun tikintisi yekunlaşıb, Füzuli yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi tikilib. Həmçinin Özbəkistan tərəfindən inşa edilən tam orta məktəb binasının, Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin, Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi yaşayış məhəlləsinin və s. obyektlərin tikintisi sürətlə davam etdirilir.
Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Füzuli rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb. Bu il martın 18-də Füzuli şəhərinin Baş planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. 2022-2026-cı illərdə bərpaolunan yaşayış məntəqələri üzrə "ağıllı kənd" konsepsiyası ilə yenidən qurulacaq Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiqlənib, Pirəhmədli və Dədəli kəndlərinin konsepsiyası hazırlanıb və həmin sənədlərin də qısa müddət ərzində təsdiq edilməsi təmin olunacaq. Dövlətyarlı kəndində tikinti işlərinin avqust ayında, Pirəhmədli və Dədəli kəndlərində isə oktyabr ayında başlanılması planlaşdırılır. 2023-cü ildə Füzuli rayonunda daha 7 kəndin - Qarğabazar, Cuvarlı, Qoçəhmədli, Qarakollu, Qaraxanbəyli, Horadiz və Mirzəcamallı kəndlərinin layihələndirilməsi nəzərdə tutulur.