Fransa Cənubi Qafqazda destruktiv qüvvə kimi çıxış etməklə sülhə əngəl yaratmağa davam edir. Makron bununla Ermənistanı öz təsir dairəsinə salmağa müvəffəq olacağına ümidlidir. Fransa tərəfi dərk etmək istəmir ki, ermənilər bu günədək onlara yardım edən heç bir dövlətə, xalqa sona qədər sadiq olmayıb. Şübhəsiz, bu gün Ermənistanla yaxından "bacılıq" edən Fransanın da haylara üz çevirəcəyi gözləniləndir.
Ölkənin xarici və daxili siyasətində müşahidə olunan uğursuzluqlar fonunda Makron rejimi keçmiş müstəmləkələrində mövqelərini itirir. Bir müddət əvvəl ölkələrdəki səfirləri Yelisey sarayına yığan Fransa Prezidenti onlara ölkə diplomatiyasının və xarici siyasətinin prioritetlərini hansı prinsiplər üzərində qurmağın yollarını göstərib. Burada maraq doğuran bir məqam isə dövlət başçısının beynəlxalq aləmdə Fransanın təsirinin sürətlə azalmasına səbəb kimi göstərdiyi arqumentləri açıqlamamasıdır. Amma Fransanın dövlət büdcəsinin formalaşmasında keçmiş müstəmləkələrin əhəmiyyətli rolu da hər kəsə məlumdur. Görünür, Fransa iqtidarı onların itirilməsi ilə barışıb. Çünki davamlı olaraq Mali, Niger, Qabonda baş verən dövlət çevrilişləri Fransaya olan nifrətdən irəli gəlir. Belə ki, Cənubi Afrika ölkələri artıq açıq şəkildə, Fransanın neokolonist siyasətindən təngə gəldiklərini bəyan edirlər. Bundan xəbərdar olan Makron hakimiyyəti fikrini Cənubi Qafqaza, daha dəqiq desək, Azərbaycana yönəldib. Suyu bulandıra bilmək xülyasıyla yaşayan Makron hələ utanmadan Prezident İlham Əliyevə zəng də edib. Fransa Prezidenti bildirib ki, guya Qarabağdakı "böhran" vəziyyətindən narahatdır.
Böhrana gəldikdə isə onun adı var, özü yoxdur. Əslində, Makronun bu zəngi onun bir daha danışıqlar prosesinə mane olduğunu, regiondakı vəziyyəti gərginləşdirmək istədiyini göstərir.
Təbii ki, Prezident İlham Əliyev Makrona tutarlı cavab verib. Belə ki, dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir. Prezident İlham Əliyev, bununla yanaşı, Ermənistan və qondarma rejimin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina etdiyini də diqqətə çatdırıb. Ermənistan rəhbərliyinin ölkəmizlə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirməsi siyasi möhtəkirlikdən başqa bir şey deyil.
Fransanın da ermənilərin həmin şousuna qoşulması təsadüfi sayılmır. Əslində, Makron hakimiyyətinin bu addımı Azərbaycana qarşı təhdidlərin, təzyiqlərin xüsusi mərkəzlər tərəfindən hazırlandığını bir daha bəlli edir. Rəsmi Paris, bununla Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilmədiyini açıq şəkildə göstərir. Fransa unudur ki, onun bu cür addımları Azərbaycanın suverenliyinə açıq şəkildə hörmətsizlikdir. Digər qeyd edilməli məqam isə karvanın ermənipərəst mövqeyi ilə diqqətçəkən Ann İdalqo tərəfindən müşayiət olunması faktıdır. Fransa merinin ölkənin digər rəsmiləri kimi erməni lobbisinin tam nəzarətində olduğu hər kəsə məlumdur. Onsuz da Fransanın bu addımının sonunun olmayacağı lap əvvəldən bəlli idi. Fransa iqtidarının Ermənistana açıq dəstəyi, həmçinin Paris şəhərinin Qarabağdakı qondarma qurumu tanıması Makronun xain planlarının həyata keçməsinə heç bir töhfə verməyəcək. Çünki siyasətdə geri qalan Fransanın saxtalıqla formalaşdırdığı "demokratik dövlət" imici çoxdan yerlə-yeksan olub. Bütün bunların müqabilində rəsmi Parisin yeni təxribatlar, gərginliklər yaratmaq əvəzinə, öz ölkəsinin darmadağın olmuş imicini yaxşılaşdırmaq barədə düşünməsi daha məqsədəuyğundur.
Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizə qarşı hər hansı bir təhdid yaranarsa, dövlətimiz onu dəf etməyə qadirdir. Qarabağ ermənilərinin reinteqrasiya məsələsi Azərbaycanın daxili işidir və Fransa kimi kənar dövlətlərin saxta erməni yalanlarına uyaraq hərəkət etməsi onların özü üçün pis nəticələnəcək. Başqa sözlə desək, Fransa Cənubi Qafqaz bölgəsində hər hansı nüfuz əldə edə bilməyəcək. Makron hakimiyyətinin destruktiv mövqeyinə gəlincə isə Ermənistan onun pozucu dəstəyindən cəsarətlənərək vəziyyəti daha da gərginləşdirir. Qərb qonşumuz sülh gündəliyindən imtina etməklə, genişmiqyaslı təxribatlara əl atır. Xüsusi vurğulamaq lazımdır ki, bu təxribatların yekununda itirən tərəf yenə Ermənistan olur. Bu baxımdan, Ermənistan kənar qüvvələrə arxalanmaq əvəzinə, sülh sazişi imzalamaq istiqamətində çalışmalıdır.
Nəzrin ELDARQIZI,
"Respublika".