Fransa qazdığı quyuya özü düşəcək
Digər xəbərlər

Fransa qazdığı quyuya özü düşəcək

Son günlər Fransanın Ermənistandakı səfirliyinə hərbi attaşe təyin etməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Bu, ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı yüksək səviyyədə müzakirə edilib hazırda faktiki rəsmiləşmə mərhələsindədir. Qeyd edilib ki, Fransa hərbi attaşesi ölkəsinin öldürücü silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Parisin Ermənistana öldürücü silahların tədarükü ilə bağlı hərbi-siyasi qərarına əsas dəstəyi isə şəxsən Fransa Prezidenti Emmanuel Makron verib. Belə aydın olur ki, Fransa Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqları qəbul etmək niyyətində deyil hər bir vəchlə Ermənistana yardım etmək istəyini gizlətmir.

Məlumdur ki, Ermənistanın ən güclü lobbisi Fransada fəaliyyət göstərir. Onların siyasətə qarışması, verilən qərarlara təsir gücündə olması hamıya aydındır. Fransanın ermənipərəst siyasətində lobbiçilərin gücü danılmazdır. Fransa 30 il müddətində keçmiş Minsk qrupunun həmsədr ölkəsi kimi ermənipərəst fəaliyyəti ilə yadda qaldı. Bundan əlavə, Fransa son iki ildə anti-Azərbaycan siyasəti apararaq, Ermənistana maddi, hərbi yardımlar göstərir. Bu isə onu deməyə əsas verir ki, Fransanın niyyəti regionda sülh yaratmaq deyil, nifaq toxumu səpməkdir. Azərbaycan Prezidenti İlham Əliyev Fransanın şəxsən Emmanuel Makronun açıq ermənipərəst, qərəzli mövqeyinə Astanada MDB Dövlət başçıları Şurasının Zirvə toplantısındakı çıxışında cavab verdi: "Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik".

Qeyd etmək lazımdır ki, Fransa ATƏT-in münaqişə tərəflərinə silah satmamaqla bağlı 1992-ci il qətnaməsini Ermənistana silah satmaqla pozmuş olur. Regionda guya sülh yaratmaq istəyən Fransanın kapitulyant ölkəyə silah satması onu göstərir ki, əsl niyyət məhz Ermənistanın işğalçılıq əməllərinə şərait yaratmaqdır. Lakin Fransa Ermənistandan beynəlxalq hüquq normalarına əməl olunmasını tələb etmək əvəzinə, ona öldürücü silah verməklə heç nəyə nail olmayacaq. Onlar anlamalıdırlar ki, Ermənistana silah satmaqla regionda növbəti təxribatlara, hayların yeni işğalçılıq siyasətinə təkan vermiş olurlar. Bundan əlavə, Ermənistan Fransanın verəcəyi silahlardan istifadə etsə, Kişinyov növbəti Brüssel görüşlərində onun nüfuzu bir az da zədələnmiş olacaq. Beləliklə, Fransa öz qazdığı quyuya özü düşəcək.

Nuranə DAXİLQIZI,

"Respublika".