Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının Qarabağda yaranmış vəziyyətlə bağlı Ermənistanın təşəbbüsü ilə çağırılmış iclasında Ermənistanın gözləntilərinə, istəklərinə nail ola bilməməsi hər kəsə məlumdur. İclasda Ermənistan tərəfi Azərbaycanı Laçın dəhlizini bağlamaqla Qarabağda yaşayan etnik erməniləri "blokada" və ya "humanitar böhran"la üz-üzə qoymaqda ittiham edib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bu iddiaları rədd edib. Yaşar Əliyev çıxışı zamanı sübut və faktlarla ikiüzlü Ermənistan hakimiyyətinin əsl simasını göstərmiş olub. Təhlükəsizlik Şurasının iclasında 15 ölkənin nümayəndələrinin çıxışı dünyanın koalisiyalardan ibarət olduğunu bir daha sübut etdi.
Çıxış edən ölkələrin nümayəndələri arasında Fransa da var idi. Rəsmi Parisin mövqeyi haqqında əlavə söz deməyə ehtiyac yoxdur. Fransa nümayəndəsinin toxunduğu məsələlər bir daha onların ermənipərəst mövqelərinin nümayişi oldu. Onsuz da Fransadan başqa Ermənistanın mövqeyini tam dəstəkləyən ikinci belə çıxış olmadı.
Lakin buna baxmayaraq, yekunda heç bir sənəd, bəyanat qəbul edilmədi. Beləliklə də Fransa nümayəndəsinin böhtana köklənən çıxışı ciddiyə alınmadı. Bununla da BMT-də keçirilən müzakirələrin nəticəsini Fransa və Ermənistanın Azərbaycan diplomatiyası qarşısındakı növbəti məğlubiyyəti kimi dəyərləndirmək olar.
Millət vəkili Naqif HƏmzƏyev bildirib ki, Fransa hər vəchlə Ermənistanı müdafiə etmək və Cənubi Qafqazda mövqeyini daha da gücləndirmək istəyir: "Biz həm 44 günlük Vətən müharibəsinin gedişində, həm də ondan sonrakı dövrdə birbaşa Fransanın dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında, Avropa Parlamentində və digər beynəlxalq təşkilatlarda Ermənistanı müdafiə məqsədilə Azərbaycanın əleyhinə bir çox qətnamələrin qəbul edilməsinin şahidi olmuşuq. Ancaq bu günə qədər Fransanın bütün bu cür təşəbbüsləri nəticəsiz qalıb. Faktiki olaraq, həm BMT Təhlükəsizlik Şurasında, həm də digər təşkilatlarda Fransanın Azərbaycan əleyhinə qəbul etdirmək istədiyi sənədlərin heç biri reallaşmayıb. Sonuncu dəfə BMT Təhlükəsizlik Şurasında Ermənistanın təşəbbüsü əsasında məhz Laçın yolunda humanitar böhranla əlaqədar qaldırılan məsələnin müzakirəsi zamanı da Fransa açıq şəkildə Ermənistanı müdafiə etdi və Azərbaycanın əleyhinə fikirlər səsləndirdi. Ancaq məhz bu toplantıda da ölkəmizi müdafiə edən, haqq, ədalət tərəfindən çıxış edən dövlətlərin nümayəndələri Azərbaycana öz dəstəklərini göstərdilər. Dövlətimizin də beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq ədalətli mövqe sərgiləməsi Azərbaycanın əleyhinə yeni bir qətnamənin, sənədin və yaxud hər hansı bir tövsiyənin qəbul edilməsinin qarşısını aldı. Demək olar ki, BMT Təhlükəsizlik Şurasında heç bir sənəd qəbul edilmədi, Ermənistan və onun havadarları məğlub oldular, əliboş qaldılar".
Parlamentari bildirib ki, Azərbaycan diplomatiyası növbəti uğurunu qazanmış oldu: "Çox təəssüflər olsun ki, Fransa yanlış mövqedədir. Rəsmi Paris tərəf tutur və Fransa açıq formada Ermənistanı yanlış yola sövq edir, sülh anlaşmasının imzalanması prosesini yubadır. Mən düşünürəm ki, Fransa bu məğlubiyyətdən sonra nəticə çıxaracaq və Makron hökuməti haqsız yerə Azərbaycan əleyhinə sərgilədiyi yanaşmasından müəyyən dərəcədə yayınmağa çalışacaq. Çünki Fransa bu cür haqsız mövqelər sərgiləməklə daha da rəzil vəziyyətə düşür. Ermənistan da anlamalıdır ki, ona "qorxma, qorxma" deyən və onu bu cür təxribatlara sövq edən Fransa və onun kimi dövlətlər nəticə etibarilə Ermənistana çox böyük ziyan vurur, Azərbaycanla yaxınlaşma prosesini yubadırlar. Beləliklə, proseslərin bu cür davam etməsi nəticə etibarilə Ermənistanı çox çıxılmaz vəziyyətə salır. Bu baxımdan da Ermənistan öz xarici siyasətinə yenidən baxmalı, onu dəstəkləyən qüvvələrlə münasibətlərini yenidən gözdən keçirməli və başa düşməlidir ki, tək bir çıxış yolu var - Azərbaycanın təklif etdiyi sülh anlaşmasını ən qısa zamanda imzalamaq və dövlətimizlə münasibətləri normallaşdırmaq. Əks təqdirdə, onların bu cür canfəşanlıqları Ermənistana daha böyük ziyan vuracaq. Onsuz da ağır vəziyyətdə olan Ermənistan daha ağır, daha rəzil duruma düşəcək. Mən bir daha diplomatik korpusda mübarizə aparan, Ermənistana və ermənipərəst qüvvələrə qalib gələn bütün diplomatlarımıza təşəkkürümü bildirirəm".
Nuranə DAXİLQIZI,
"Respublika".