Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn igidlərimizin doğum və anım günlərində onların məzarları ziyarət olunur. Əslən Zəngilan rayonundan olan, məcburi köçkün ailəsində dünyaya göz açan, Şirvan şəhərində doğulub boya-başa çatan Vətən müharibəsinin şəhidi Xəqani Füzuli oğlu Məmmədov doğum günündə anıldı.
Mərasimdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkilləri Musa Quliyev və İltizam Yusifov, Şirvan şəhərinin və Zəngilan rayonunun ziyalıları, ictimaiyyət nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak etdilər. Əvvəlcə Şirvan Şəhər Şəhidlər Xiyabanı ziyarət olundu. Birinci Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidənin və şəhid məzarlarının önünə tər qərənfillər qoyulub, xatirələri ehtiramla yad edildi. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Xəqani Məmmədovun məzarı önündə ailəsinə başsağlığı verib belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirdi. Əslən Zəngilandan olsa da, doğma el-obasını bir dəfə görməyən, amma Zəngilan uğrunda şəhid olan 19 yaşlı Xəqaninin qısa və şərəfli həyatının gələcək nəsillərə örnək olduğu vurğulandı.
Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxundu.
Tofiq HÜSEYN,
"Respublika".