Laçın sərhəd-buraxılış məntəqəsində növbəti dəfə erməni əsilli şəxslərin keçidi təmin olunub.
Erməni əsilli şəxslər onların sərbəst şəkildə keçidinə şərait yaradıldığını desə də, Ermənistan rəhbərliyi bununla razı deyil. Laçın yolunun blokadada saxlanılması iddiaları davam edir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə növbəti dəfə sərbəst keçidin təmin olunması Ermənistan tərəfinin iddialarının boş olduğunu və sərhəd-buraxılış məntəqəsindən keçiddə hər hansı çətinliyin olmadığını göstərir.
Digər bütün dövlətlər kimi, Azərbaycan da öz ərazisini, xalqını, həmçinin də tərkibindəki azsaylı xalqların hüquqlarını qorumaq üçün təhlükəsizlik tədbirləri həyata keçirir. Azərbaycan beynəlxalq təcrübəyə uyğun şəkildə ölkədə yaşayan azlıqların maraqlarını qoruyur, ərazi bütövlüyünü əsas götürərək onlara hüquqlar verir, təhlükəsizliyini təmin edir. Buna baxmayaraq, ermənilər Laçın yolunu vaxtilə məkrli məqsədlər üçün istifadə ediblər. Oradan silah-sursat, terrorçular, qeyri-humanitar yardımlar daşınıb. Təbii ki, Azərbaycan tərəfi buna razı ola bilməzdi.
Avqustun 18-i Fransa və Çin XİN səviyyəsində telefon danışığında müzakirə edilən məsələlər arasında Laçın dəhlizi məsələsinin də olması təəccüblü deyil. Fransanın Cənubi Qafqazda güclənmək üçün Ermənistanı alət kimi istifadə etməsi hər kəsə bəllidir. Azərbaycanlıların Ermənistandan və Qarabağdan kütləvi şəkildə zorla çıxarılması və daha sonra bu torpaqları işğal edərək azərbaycanlılara qarşı amansız qırğın törətməsi Fransanı maraqlandırmır, ancaq indi Fransanın bu "fəal iştirak"ının və "humanizm siyasəti"nin arxasında çirkin oyunlar dayanır. Fransa parlamentində Azərbaycana qarşı qəbul edilən qətnamələrin isə heç bir hüquqi əsası yoxdur. Bunlar hamısı Fransanın bir "şousudur". Azərbaycan tərəfinin də dediyi kimi, ATƏT-in keçmiş Minsk qrupu münaqişənin həlli dövründə heç nə etmədiyi kimi, həmin qrupun həmsədrlərindən biri olan Fransa da iki dövlət arasında mümkün sülhə nail olmaq üçün heç nə etmir. Əksinə, bu gedişlər sülhə zərbədir.
Bu günlərdə erməni diasporunun Laçın yolu ətrafında baş verən hadisələri BMT Təhlükəsizlik Şurasında (TŞ) müzakirəyə çıxararaq Azərbaycan əleyhinə sənəd qəbul edilməsinə cəhd göstərməsi separatçıların öz niyyətlərindən əl çəkmədiyini bir daha ortaya qoyur. Azərbaycan tərəfi digər bir alternativ olan Ağdam-Xankəndi yolundan istifadə etməyi dəfələrlə təklif edib. Onlar hələ də vəziyyətin öz maraqlarına uyğun dəyişə biləcəyinə inanır, təxribatlarını davam etdirirlər. Ancaq Azərbaycan hər cür təxribatın qarşısını almağa daim hazırdır.
Nurcan SÜLEYMANOVA.