Ermənistanın Qərbə meyli Rusiya ilə arasında soyuq yellərin əsməsinə səbəb oldu. Nikol Paşinyanın son mətbuat konfransında Rusiyaya qarşı üstüörtülü və bəzən açıq ittihamları onu göstərir ki, Ermənistan hər an KTMT-dən çıxa bilər. Bu kontekstdə, rəsmi İrəvan növbəti dəfə KTMT-nin toplantısında iştirakdan imtina etmək barədə qərar qəbul edib. Qeyd edək ki, KTMT Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın üzv olduğu hərbi-siyasi təşkilatdır.
Bu barədə danışan politoloq İlyas Hüseynov bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlanandan Ermənistan daha çox Qərbə meyil etməyə üstünlük verir və eləcə də Rusiyanin geosiyasi orbitindən ayrılmaq niyyətini ifadə edir: "Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin təlimlərinə qoşulmur, eləcə də KTMT ilə bağlı həyata keçirilən bütün fəaliyyətə qarşı çıxır. Bu, birmənalı olaraq Rusiya-Ukrayna müharibəsinin başlaması, Ukraynanın əks-hücum əməliyyatları, Qərbin Ukraynaya güclü siyasi, iqtisadi, hərbi, maliyə, logistik yardımları fonunda rəsmi İrəvanın Kremlə qarşı reverans etdiyini göstərir. Bu, bir daha Ermənistanın ikiüzlülüyünü, xislətini və hər zaman öz himayədarlarına qarşı çıxa biləcəklərini nümayiş etdirir. Ermənistan üçün bu gün prioritet Rusiya yox, Fransadır və elə bir təəssürat formalaşdırmağa çalışırlar ki, Fransa Ermənistanı bütün geosiyasi problemlərdən xilas edəcəkdir və Rusiya artıq keçilmiş bir yol, arxada qalmış bir dəstəkçidir. Əlbəttə ki, bu, Kreml tərəfindən də böyük hiddətə səbəb olur. 2018-ci ildən bu yana Nikol Paşinyan Rusiyaya qarşı bütün gücünü səfərbər edir. Bununla yanaşı, rus dilinə qarşı basqılar, rusdilli şəxslərin repressiyalara məruz qalması, Rusiyada təhsil alan şəxslərin kənarlaşdırılması prosesi uzun zamandır ki, müşahidə olunur. Paşinyan bununla Qərbə ona olan etimadını doğrultmağa çalışır. Lakin Ermənistanda Qərbə doğru meyillənmə geosiyasi problemlərə yol açır. Özlərini daha çox Qərbin Cənubi Qafqazda əsas tərəfdaşı kimi qələmə vermək istəsələr də bu, həm Rusiya tərəfindən hiddətlə qarşılanır, eyni zamanda gözlənilən nəticəni vermir. Nikol Paşinyan nə qədər özünü qərbpərəst adlandırmağa çalışsa da, Rusiyaya meyilli hərəkətlərini ortaya qoyur. Bu isə Nikol Paşinyanın xarici siyasətdə qeyri-peşəkarlığını, vahid siyasi xətti tuta bilməməsini ortaya qoymuş olur".
Röya RÜSTƏMLİ,
"Respublika".