Avqustun 23-də Ermənistanın BMT yanındakı daimi nümayəndəliyi təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizlincə iclas keçirib.
Əsas məqsəd isə dezinformasiya yaymaq və Laçın yolu ətrafında vəziyyəti təhrif etmək olub. Ermənistanın bu davranışı BMT-nin ənənəsini kobud surətdə pozur. İclas tamamilə gizli formada keçirilib. Belə ki, digər bütün BMT üzvlərinin üzünə qapını bağlayıb, hətta qapıya da mühafizə qoyublar ki, çirkin niyyətlərini daha "yaxşı" icra etsinlər. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin məlumatında bildirilib ki, erməni diplomatların seçdiyi format BMT üçün görünməmiş adlandırıla bilərdi, lakin bu platformadan yalan xəbərləri təbliğ etmək üçün mütəmadi olaraq sui-istifadə edən Ermənistanda bu, getdikcə daha çox yayılır: "Bu kontekstdə bir sıra ölkələrin diplomatlarının çaşqınlığı və qəzəbi tam haqlı idi, çünki Ermənistanın daimi nümayəndəliyi BMT-nin bütün üzvlərinin müzakirədə iştirak etmək üçün əsas hüququnu nəinki rədd etdi, hətta onları polislə hədələdi...
Azərbaycanın daimi nümayəndəliyi bu qəbildən olan təxribat xarakterli hərəkətləri, o cümlədən münasibətlərin normallaşdırılması və regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə xələl gətirən yanlış şərhlərin formalaşdırılması və təşviq edilməsi üçün BMT platformasından sui-istifadəni pisləyir".
Mövzu ilə bağlı politoloq Nəzakət Məmmədova bildirir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın tələbi ilə Laçın yolundakı vəziyyəti müzakirə etmək üçün fövqəladə sessiya keçirməsi Ermənistan və onun havadarlarının BMT kimi mötəbər təşkilatı növbəti dəfə öz avantüra alətinə çevirmək cəhdidir: "Ermənistan savaş meydanında məğlub edildikdən sonra Azərbaycan tərəfindən davamlı surətdə diplomatiya meydanında da məğlub edilməkdədir. Bu, həm İlham Əliyevin Paşinyanı müxtəlif platformalarda ağlı, siyasi zəka nümayiş etdirərək susdurması, eyni zamanda onun rəhbərlik etdiyi dövlətimizin diplomatik qələbələri ilə müşahidə olunmaqdadır. BMT-dəki məğlubiyyəti bunun daha bir mərhələsi oldu. Yerevan Bakını Laçın yolunu "tamamilə bağlamaqda" və ərazidə humanitar gərginliyin yaranmasında ittiham edir. Halbuki, Azərbaycan haqlı olaraq təkid edir ki, Ağdam-Xankəndi yolu humanitar yüklərin çatdırılması üçün ən əlverişli infrastruktur layihəsidir. Ermənistan Laçın dəhlizindən nəinki 30 ilə yaxın işğal müddətində qanunsuz istifadə etmiş, onu Azərbaycana qarşı canlı qüvvə və texnikasının daşınması üçün vasitəyə çevirmiş, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra da buradan silah-sursatın daşınması üçün istifadə etmişdir. Heç bir blokadadan söhbət belə gedə bilməz, çünki Azərbaycan Qarabağ ermənilərinə vətəndaşlıq, habelə humanitar yardım göstərməyi təklif edir. Digər tərəfdən isə milyonlarla vəsait xərcləyib ərsəyə gətirdiyi Ağdam-Xankəndi yolunu alternativ yol kimi təklif edir. Qarabağdakı separatçı ermənilər və Ermənistan hakimiyyəti, həmçinin BMT-dəki məlum səsvermənin təşəbbüskarı olan ABŞ və Fransa bunları görməzdən gəlirsə, təbii ki, məqsəd heç də göründüyü kimi humanitar böhran məsələsi deyil. Humanitar blokada, məsələn, Leninqradın almanlar tərəfindən mühasirəsi olmuşdu ki, əhali aclıq və ölüm təhlükəsi ilə üzləşmişdi. Ermənistanın humanitar böhran şousu isə Azərbaycanın böyük qələbəsinə kölgə salmaq üçün edilən cılız cəhdlərdən başqa bir şey deyil. Baxmayaraq ki, ermənilər öz ənənələrinə sadiq qalaraq yenə də satın aldıqları diplomatları, jurnalistləri öz tərəflərinə çəkərək bəzi beynəlxalq media orqanlarında Azərbaycana qarşı kampaniyaya başlamışdılar, lakin bütün bunlar uğursuzluğa düçar oldu. Məsələn, Britaniyanın "The Telegraph" qəzeti yazırdı ki, Ermənistan ötən ay Qarabağa humanitar yardım aparan maşın karvanı göndərib. Lakin həmin maşınlar Azərbaycanın nəzarət-buraxılış məntəqəsində dayandırılıb. Halbuki, təsəvvür belə etmək çətindir ki, Şotlandiya və yaxud İrlandiya separatçıları rəsmi Londonun icazəsi olmadan qonşu dövlətlə əlaqə yaratmağa çalışsaydılar, nələr baş verərdi. Eləcə də ABŞ, məsələn, Texas ştatı ilə Meksikanın qanunsuz sərhəd əlaqələrinə necə reaksiya verərdi. Hərçənd, Texas ABŞ-a Meksika ilə müharibədən sonra birləşdirilib, Qarabağ isə Azərbaycanın əzəli torpağıdır. Aljazeera, Associated Press, Deutche Welle də Xankəndidə vəziyyətin guya ağır olmasına dair Ermənistanın BMT-dəki nümayəndəsi Mher Marqaryanın məktubuna istinadən əsassız məlumatlar yaymışdılar. Eləcə də Azərbaycanın suverenliyinə hörmətsizlik cəhdi edən Fransanın ənənəvi ermənipərəst mövqeyi bəzi böyük dövlətlərin öz imzaladıqları beynəlxalq hüquq normalarına riayət etmədiklərinin təzahürüdür. Lakin Laçın dəhlizi kimi həssas mövzuya ən gözəl cavabı İlham Əliyev 26 avqustu Laçın Şəhəri Günü elan etməklə vermişdir. 26 avqust həm də Sultan Alp Arslanın dediyi kimi, Anadolunun türklərin əbədi vətəninə çevrilməsinə səbəb olan Malazgirt qələbəsinin ildönümünə təsadüf edir. Bununla Malazgirt kimi, Laçının da əbədi olaraq yenidən öz ana yurdunun - Azərbaycanın ağuşuna qayıtmasının əbədi və dönməz olduğu qızıl hərflərlə tarixə yazıldı".
Töhfə SƏMƏDOVA,
"Respublika".